27 avqust 2022 23:59
1857

Xətaidə Laçının azad olunması ilə bağlı konsert və atəşfəşanlıq oldu FOTO

Avqustun 27-də Bakının Xətai rayonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi ilə əlaqədar konsert proqramı təşkil edildi.

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyev adına parkın amfiteatr səhnəsində keçirilən bayram konsertində Ali Baş Komandan İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində əldə olunan tarixi Zəfərdən danışıldı.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ziyalıların və sakinlərin qatıldığı konsertdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştirakçıları Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı dilədilər. Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə minnətdarlıq ifadə olundu.

Tədbir zamanı səhnədə quraşdırılmış ekranda Laçına qayıdışımızla bağlı, həmçinin Xətai rayonunda yeni istifadəyə verilmiş ulu öndər Heydər Əliyev adına parkın, Nizami Gəncəvi adına parkın və Milli Qəhrəman general Polad Həşimovun adını daşıyan Şəhidlərin Xatirə Parkının, o cümlədən “Gənclik” parkının açılış mərasimlərindən görüntülər nümayiş etdirildi. 

Bildirildi ki, rayondakı Heydər Əliyev parkının ərazisi 4 hektardan 14 hektara çatdırılıb, sakinlərin asudə vaxtlarını dolğun keçirməsi üçün burada hər cür şərait yaradılıb. Burada 900 nəfərlik amfiteatr səhnəsi quraşdırılıb.

Konsertdə bir çox məşhur incəsənət ustaları - “Natiq” ritm qrupu, Rahidə Baxışova, Rüfət Axundov, Samira Ali Maryam, əməkdar artistlər Səlim Abbasov, Gülüstan Əliyeva, xalq artistləri Faiq Ağayev, Məleykə Əsədova, həmçinin Aşıq Əli və digərləri tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim etdilər.  

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan bayram konserti atəşfəşanlıqla başa çatdı.

Cavid Əkbərov, “İki sahil”