Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması Azərbaycanın tranzit ölkə statusunu daha da möhkəmləndirəcək
Son illərdə Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilmiş bir sıra irimiqyaslı infrastruktur layihələri, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Görülən işlər Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artırmaqdadır və yerləşdiyi strateji coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin məhz burada kəsişməsinə şərait yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə və ərazi bütövlüyünün təmin edilməsi nəticəsində Cənubi Qafqazda yaratdığı yeni reallıqlar siyasi nüfuzu və iqtisadi qüdrəti daha da artan ölkəmizi bütün dünyada etibarlı tərəfdaşa çevirməkdədir.
Təsadüfi deyil ki, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə tranzit yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 47% çox olub. Bu barədə Baş nazirin müavini Şahin Mustafayev sentyabrın 9-da Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə bildirib. O, qeyd edib ki, daşıma həcmlərinin artması ilə bağlı hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2-ci mərhələ üzrə layihələndirmə işləri aparılır. Bu işlər başa çatdıqdan sonra limanın yükaşırma imkanı 25 milyon tona çatdırılacaq.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin, logistika imkanlarının inkişaf etdirilməsi məqsədilə nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işləri davam etdirir. Məqsəd ölkəmiz vasitəsilə daha çox tranzit daşımalarının təmin edilməsinə nail olmaqdır. Artıq bunun üçün bir sıra iri layihələr həyata keçirilib. Baş nazirin müavini görüşün əsas məqsədi haqqında da məlumat verib: “Yükdaşımalar üçün birgə imkanların araşdırılması, lazımi yeni infrastruktur layihələrin həyata keçirilməsi, razılaşdırılmış tariflərin tətbiq edilməsi, nəqliyyat vasitələrinin səmərəli istifadəsi, sərhəd keçid məntəqələrinin buraxılış imtahanlarının genişləndirilməsi, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi...”
Sentyabrın 9-da Bakıda imzalanan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirilmiş birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi ölkəmizin regiondakı mühüm mövqeyini bir daha göstərmiş oldu. Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirir və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.
Göründüyü kimi, hədəflər kifayət qədər böyükdür və ölkəmizin iqtisadi imkanlarının daha da genişlənməsinə müsbət təsir göstərə bilər. Bəyannamədə, həmçinin qeyd edilir ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayıblar. Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirirlər.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Qərbi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Dəhliz, həmçinin Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalardan əldə etdiyi gəlirləri artırmağa da imkan verəcək.
Xatırladaq ki, Şimal-Cənub dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Həmin dövlətlərin daxili prosedurlardan keçdikdən sonra bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən logistika infrastrukturuna və vasitələrinə aid edilən razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. Azərbaycan isə bu sazişə 2005-ci ildə qoşulub. Türkiyə, Qazaxıstan, Bolqarıstan, Qırğızıstan, Ukrayna da daxil olmaqla ümumilikdə, 13 ölkə sözügedən sazişi ratifikasiya edib.
Görülən işlər və aparılan müzakirələr göstərir ki, Azərbaycanın tranzit ölkə statusunu daha da möhkəmləndirəcək növbəti qlobal layihənin – Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi artıq reallığa çevrilməkdədir. Dəhlizin istifadəyə verilməsindən sonra isə Azərbaycan Avrasiya materikində strateji nəqliyyat-kommunikasiya potensialını gücləndirməklə yanaşı, qitələrarası iqtisadi əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini artıracaqdır.
Mahir Rəsuloğlu, “İki sahil”
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib