13 sentyabr 2022 10:21
523

Gəlirlərin artımı inflyasiyanı üstələməkdə davam edir

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas hədəfi əhalinin rifahının daha da yaxşılaşdırılmasıdır. Son illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Həmçinin makroiqtisadi sabitlik əhalinin gəlirlərinin inflyasiyadan qorunmasına imkan verir. 

Cari ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 20 faiz artıb. Dövlət Statistika Komitəsinin son məlumatına görə, həmçinin 2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artaraq 831,3 manat olub.

İnflyasiyaya gəlincə, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 107 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil olub.

Avqust ayı üzrə əhalinin gəlirləri, o cümlədən əməkhaqları ilə bağlı məlumatlar hələ ki, açıqlanmasa da həmin ay üzrə istehlak qiymətləri indeksi ötən ilin müvafiq ayına nisbətən 114,2 faiz olub. Avqustda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 120,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,9 faiz, ödənişli xidmətlər üzrə isə 9,5 faiz təşkil edib. Ümumilikdə isə 2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 113,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 faiz, qeyri-ərzaq malları üzrə 107,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 110 faiz təşkil edib.

Qeyd edək ki, istehlak qiymətləri indeksi orta alıcılıq qabiliyyətli alıcının aldığı malların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsini səciyyələndirən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İstehlak qiymətləri indeksi inflyasiya göstəricisi kimi qəbul edilir.

Son 3 ayın dinamikası onu göstərir ki, orta illik inflyasiya göstəricisi zəif sürətlə olsa da yüksələn xətt üzrə davam edir. Yalnız əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə inflyasiya göstəricisində davamlı səngimə qeydə alınıb.

Bununla belə, göstəricilərin təhlili onu deməyə əsas verir ki, inflyasiyanın artım tempi muzdla işləyənlərin əmək haqlarının nominal artım tempinə yaxın olsa da əhalinin gəlirlərindən hələ də xeyli geridədir. Beləliklə, cari ilin yanvar-iyul aylarında əhalinin gəlirlərinin real artımı 7 faiz, o cümlədən əməkhaqları üzrə 1,1 faiz olub.  

Ceyhun Piriyev, “İki sahil”