13 sentyabr 2022 18:06
642

Zaqatalada fındıq yarmarkası keçirildi FOTO

Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib.

“İki sahil” xəbər verir ki,  Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sərgidə 20-yə yaxın çeşiddə 500 kiloqrama yaxın qərzəkli meyvələr, yerli sənətkarların fındıq, qoz və şabalıqddan hazırladığı tətbiqi sənət nümunələri, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin, elmi-tədqiqat institutlarının istehsal etdiyi məhsullar nümayiş olunub. 

Tədbirin açılış mərasimində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hazırda Zaqatalada yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, illərdir öz populyarlığını qoruyub saxlayan bu formatda tədbirlərin Zaqatalada keçirilməsi təsadüfi deyil: “Zaqatala həm də ölkəmizin ən böyük fındıqçılıq rayonudur, Azərbaycanda mövcud olan fındıq bağlarının 25 faizi bu rayonda yerləşir, ölkə üzrə istehsal olunan fındığın isə 45 faizi Zaqatalada yetişdirilir. Fındıq ölkəmizdə ən popular qərzəkli meyvələrdən biri olmaqla yanaşı, həm də xarici ölkələrə ən çox ixrac olunan məhsullardan biridir”.

Nazir müavini qeyd edib ki, Azərbaycan fındığı İtaliya, Rusiya, Almaniya, Qazaxıstan, İsveçrə və digər ölkələrə ixrac edilir. 

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmaz, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi və digər şəxslər sərgi yarmarkanın işinə uğurlar diləyiblər.