44 günlük Vətən müharibəsində ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazilər Tural İsmayılov və Elmar Nəsirov yaxınları ilə görüşmək üçün 10 günlük vətənə dönüblər.
“İki sahil” xəbər verir ki, Vətənə dönən qaziləri hava limanında 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilən Anar Məmmədov, yerli icra hakimiyyətinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Qazilərlə görüşdə çıxış edən Anar Məmmədov bildirib ki, şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə və qazilərə qayğı hamımızın vətəndaşlıq borcudur. Xalqımız heç zaman Vətən müharibəsi şəhidlərini unutmayacaq, onların ailələrini və qazilərimizi hər zaman uca tutacaq.
Qeyd edək ki, Türkiyədə müalicə və reabilitasiya prosesini keçən qazilərimizin bütün xərcləri “YAŞAT” Fondu tərəfindən ödənilib.