Qaz tədarükündə maraqlı olan ölkələrin sayı artmaqdadır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli enerji strategiyası sayəsində Azərbaycan bu gün Avropanın enerji resurslarının etibarlı təchizatçısına çevrilib. Avropa İttifaqı (Aİ) ölkələri ildən-ilə ölkəmizlə enerji tərəfdaşlığını inamla möhkəmləndirir və genişləndirir, eyni zamanda bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyir. Hazırda Avropa bazarlarında enerjinin çoxşaxəliliyi və yeni resursların ixracı aktual mövzuya çevrilib, bu proseslər Azərbaycanın rolunun daha da artması üçün əlavə fürsətlər yaradır. Bu baxımdan, Avropanın enerji təhlükəsizliyində Azərbaycan daha fəal rol alır və Cənub Qaz Dəhlizinin ixrac potensialının artırılması gündəmdədir. Prezident İlham Əliyev dəfələrlə Avropanın qaz bazarında ölkəmizin rolunun artması və etibarlı tərəfdaş olmasına diqqət çəkərək bildirb ki, biz Cənub Qaz Dəhlizini dostluq və əməkdaşlıq dəhlizi hesab edirik. Bu, bir daha Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində son illər respublikamızın artan rolunu və mövqeyini daha da möhkəmləndirir.
Məlumdur ki, Azərbaycanın Avropanı yanacaqla təmin etmək üçün kifayət qədər resursları vardır. Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2.6 trilyon kubmetrdir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektiv strukturlarında böyük ehtiyatlar var. Qaz hasilatının ildə-ilə artması respublikaya həm daxili tələbatının ödənilməsini, həm də yeni ixrac bazarlarına çıxışını təmin edir. Proqnozlara əsasən, 2022-2025-ci illərdə ölkəmizin qaz istehdsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırıla bilər. Bu baxımdan Avropa istehlakçılarının əlavə tələbatları nəzərə alınaraq Aİ ölkələri ilə yeni danışıqların aparılması, yeni qaz müqavilələrinin imzalanması da istisna olunmur.
Prezident İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bu məsələlərə toxunarkən qeyd edib ki, Azərbaycan qaz ixracını artıracaq, 2023-cü ildə ixracın həcmi 24 milyard kubmetri ötəcək: “Biz qaz ixracımızı artırırıq. 2021-ci ildə qaz ixracı 19 milyard kubmetr təşkil edib. 2023-cü ildə həmin rəqəm 24 milyard kubmetrdən artıq olacaq. Onun ən azı yarısı Avropaya istiqamətləndiriləcək”. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan qaz yataqlarına investisiyaları artıracaq. Bundan başqa, hazırda TANAP-ın gücünün 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər, TAP-ın gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması istiqamətində müzakirələr aparılır və bu, ixracın artırılması üçün vacibdir.
Xatırladaq ki, ötən ilin payızında Avropa İttifaqının (Aİ) ümumi maraq layihələrinin “Beşinci siyahısı” açıqlanıb. Buraya 20 qaz layihəsi daxildir. Onlardan üçü Azərbaycan qazı ilə bağlıdır. Bu, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB), Rumıniya-Macarıstan dəhlizində (ROHU/BRUA) klasterin tutumunun artırılması layihəsi və Bolqarıstan-Serbiya interkonnektorudur. Bu layihələr sözügedən ölkələrə Azərbaycan təbii qazına çıxış imkanı verəcək. Rumıniya-Macarıstan qaz kəməri Azərbaycan qazını Türkiyə və Yunanıstan vasitəsilə Şərqi və gələcəkdə Qərbi Avropa ölkələrinə çatdıracaq. Bolqarıstan-Serbiya interkonnektorunun bu il istismara verilməsi planlaşdırılır. O, Serbiyanı Cənub Qaz Dəhlizi və digər mənbələrlə birləşdirəcək.
Azərbaycan qazının Rumıniyaya tədarükü isə bu ildən başlaya bilər. Bu, IGB-nin tikintisinin nə qədər tez başa çatmasından asılıdır. İnterkonnektor təhvil verildikdən sonra BRUA boru kəmərinə birləşdiriləcək. BRUA qaz kəməri Rumıniya-Bolqarıstan interkonnektoru ilə birlikdə Cənub Qaz Dəhlizi, Mərkəzi Avropa və Balkan ölkələrini əlaqələndirən mühüm halqadır.
Təchizatla bağlı Rusiyadan tamamilə asılı olan Serbiya 2023-cü ilin sentyabrından Azərbaycandan təbii qaz almağa başlamağı planlaşdırır. Baş nazirin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviçin bildirdiyi kimi, qaz tədarükünü Serbiyanı Bolqarıstanla birləşdirəcək Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəməri sayəsində artırmaq mümkün olacaq. Onun başa çatdırılması gələn il üçün planlaşdırılır.
Bu arada Moldova, İsveçrə və Avstriya da Azərbaycan qazına böyük maraq göstərir. Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İtaliyada dəfələrlə qeyd olunub ki, enerji qiymətlərinin kəskin artması nəticəsində yaranmış böhrandan ölkənin uğurla çıxmasına məhz Azərbaycan qazı kömək edib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan İtaliyaya neft tədarükündə birinci, qaz tədarükündə isə üçüncü yerdədir. Gələcəkdə Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiya istehlakçıları da TAP-ın şimal qoluna çevriləcək İon-Adriatik boru kəməri (2025-ci ildə istifadəyə verilməlidir) vasitəsilə Azərbaycan qazından istifadə edə biləcəklər. Bir sözlə, Aİ Bakıya böyük ümidlərlə baxır.
Sevinc Azadi, “İki sahil”