Xəbər verildiyi kimi, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi gözlənilir.
Dəyişikliklərdən biri odur ki, tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı xidmətlərə görə sifarişçi haqq ödəməli olacaq. Həmçinin hündürlüyü 5 metrdən, sahəsi isə 100 kvadratmetrdən çox olmayan yardımçı obyektlərin tikintisinə icazə tələb olunacaq. Sənədə əsasən, eyni ölçüdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektərin tikintisi isə icazəsiz həyata keçiriləcək.
Bundan başqa, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək. Hazırda sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir. Bununla yanaşı, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmamış, bu il mayın 1-nə qədər inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.
Eyni zamanda, tikintiyə icazə verilməsinin ümumi qaydalarında dəyişiklik ediləcək. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə görə, bundan sonra tikintiyə icazə verilməsi üçün sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyesterindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd tələb olunacaq. Hazırda isə bu sənədlərin sürəti tələb olunur.
Həmçinin obyektlərin tikintisi ilə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilməyəcək. “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə görə, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda onlar sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və yaxud sifarişçi tərəfindən təmin ediləcək. Tikinti obyektinin sifarişçisindən tələb olunan sənədlərin təqdim edilməsi forması da dəyişdiriləcək. Qanun layihəsinə əsasən, sifarişçi tikintilərin texniki-iqtisadi əsaslandırma sənədlərini elektron formada hazırlamalı və müvafiq icra hakimiyyəti orqanı ilə və əlaqədar qurumlarla razılaşdırılmasını təmin etməlidir. Eyni zamanda, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən, reklam qurğularının tikintisinə icazə icraatı üzrə hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Cinayət Məcəlləsinə edilməsi gözlənilən dəyişikliyə görə isə qaydaları pozaraq mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulanlar 2 ilədək həbs ediləcək. Bununla bağlı Cinayət Məcəlləsinə yeni 314.4-cü maddə (Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulma) əlavə olunur. Yeni maddəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və istilik enerjisi müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması 2 000 manatdan 4 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin İnzibati Xətalar Məcəlləsinin 395.1-ci bəndinə dəyişiklik təklif olunur. Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə ediləcək.
Hazırda isə icazə alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında sözügedən dəyişikliklərin müzakirəsi zamanı parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ölkə başçısı tərəfindən təqdim olunmuş bu əlavə və dəyişikliklər müstəsna əhəmiyyət kəsb edir. Komitə sədri qeyd edib ki, qanun layihəsi bir çox insanların öz əmlakının qanuni mülkiyyətçisinə çevrilmək üçün hüquqi baza rolu oynayacaq.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə layihələrdə təklif olunan dəyişikliklərin kommersiya obyektlərini əhatə edəcəyini, onların sənədləşdirilməsinin və bununla bağlı prosedurların sürətləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, iqtisadi baxımdan daşınmaz əmlakın dövriyyədə olması vergilərin toplanmasına, eyni zamanda vətəndaşların maliyyə əlçatanlığının artırılmasına imkan yaradacaq.
Ceyhun Piriyev, “İki sahil”