Xəbər verildiyi kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik ediləcək. Beynəlxalq Maliyyə Korporasiyası ilə bərabər hazırlanan və beynəlxalq təcrübəyə əsaslanan sənədin əsas məqsədi sahibkarların maraqlarının gücləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsidir. Layihədə nəzərdə tutulan dəyişikliklər sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Layihədə “Yoxlama obyekti” anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə, bu yanaşma yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyətinin bütövlükdə dayandırılmamasına imkan verəcək. Təklif olunan digər əlavələrə əsasən, yoxlama prosesində sahibkara səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verilir ki, bu da sahibkara yoxlama zamanı əsas fəaliyyəti üzrə işləri dayandırmamağa imkan verməklə, sahibkarlıq fəaliyyətinə rəhbərliyin fasiləsizliyini təmin edir.
Qanuna nəzərdə dəyişikliklər layihəsində, eyni zamanda, dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydasına aydınlıq gətirilir. Bildirilir ki, yoxlamaların dövriliyi, yoxlama zamanı aşkar edilmiş pozuntuların və onlara görə tətbiq edilən məsuliyyət tədbirlərinin sayı, cərimələrin və maliyyə xarakterli digər sanksiyaların məbləği yoxlayıcı orqanların fəaliyyətini qiymətləndirmək üçün nəzərə alınmır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır. Eyni zamanda, yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir.
Layihəyə əsasən, dövlət qulluqçuları olan yoxlayıcılar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərinə əməl etməlidirlər. Həmin Qanunun etik davranış qaydalarına dair tələbləri dövlət qulluqçusu olmayan yoxlayıcılara da şamil olunur. Yoxlayıcı yoxlanılan hüquqi şəxsin təsisçisi, fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin, idarəetmə orqanlarının üzvlərinin yaxın qohumu olduqda yoxlama apara bilməz.
Qanun layihəsində, həmçinin nümunələrin dəyərinin ödənilməsi ilə bağlı təkliflər əks olunub. Təkliflərə əsasən, götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.
Layihənin 24-cü maddəsində nəzərdə tutulan dəyişikliklər yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən şikayət verilməsi qaydasını müəyyən edir. Belə ki, təklifə əsasən qərarları və hərəkətləri barəsində şikayət olunan yoxlayıcı orqanların yuxarı dövlət orqanı olmadıqda, sahibkarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana şikayətlə müraciət edə biləcəklər.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov bildirib ki, dəyişikliklər yoxlamaların dayandırılmasının müddəti bitdikdən sonra qanunun tam olaraq işlək vəziyyətə gəlməsinə şərait yaradacaq.
Qeyd edək ki, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar müəyyən istisnalarla 2024-cü il yanvarın 1-dək dayandırılıb.
Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Ceyhun Piriyev, “İki sahil”