Əhalinin sosial rifahına təsir edən başlıca amillərdən biri də inflyasiyadır. Bu baxımdan Azərbaycanda ötən ilin əvvəlindən başlayaraq gücləndirilmiş antiinflyasiya tədbirlərinə başlanılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin fevral ayında orta illik inflyasiya 13,9 faizə yüksəlsə də sonrakı aylarda enməyə başlayıb. Yanvar-aprel ayları üzrə orta inflyasiya 13,5 faiz təşkil edib. Bu göstərici ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 10,7 faiz olub. Fevral ayı ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz-bənd, qeyri-ərzaq məhsulları üzrə 0,4 faiz-bənd azalıb, ödənişli xidmətlər üzrə isə 0,1 faiz-bənd çoxalıb.
Aprel ayında illik inflyasiya 12,8 faiz təşkil edib ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15,6 faiz) ilə müqayisədə 2,8 faiz bəndi azdır. Ötən ay əvvəlki aya nisbətən inflyasiya 0,3 faiz təşkil edib. Müqayisə üçün deyək ki, aylıq inflyasiya yanvarda 1 faiz, fevralda 1,5 faiz, martda 0,7 faiz olub.
İnflyasiyanın azalması Azərbaycanla yekunlaşmır. Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə dair açıqlamasında bildirilib ki, qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meyilinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib. Dünya Bankının əmtəə bazarları haqqında aprel hesabatına əsasən martda aylıq əsasda enerji qiymətləri 6,3 faiz, qeyri-enerji qiymətləri 2,2 faiz azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin martında aylıq 2,1 faiz kiçilib.
Bununla belə, Mərkəzi Bank bəyan edib ki, qlobal və milli iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı yüksək qeyri-müəyyənliklər qalmaqda davam edir. Belə ki, faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də aprel ayında inflyasiya hədəfinin yuxarı həddini (6 faiz) 2 dəfədən çox üstələyib. Həmçinin mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12,7 faiz olub. Cari ilin fevral ayında illik idxal qiymətlərinin artımı isə 20,4 faiz təşkil edib. Həmçinin cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Təkcə 2023-cü ilin 3 ayında əhalinin nominal gəlirləri 15,2 faiz artıb.
Nəticə etibarilə əhalinin nominal gəlirlərinin artım tempi inflyasiyanı üstələməkdə davam edir.
Ceyhun Piriyev, “İki sahil”