1994-cü il sentyabr ayının 20-də Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində müasir Azərbaycanın tarixində yeni bir səhifə açıldı. Dünyanın aparıcı 7 ölkəsinin 11 beynəlxalq neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi haqqında Saziş - “Əsrin müqaviləsi” imzalandı. ''Əsrin müqaviləsi'' Azərbaycanda yeni neft sazişlərinin imzalanması üçün geniş yol açdı. Heydər Əliyevin müəllifi olduğu milli neft strategiyasının reallaşması sayəsində Azərbaycanın enerji təhlükəsizliyi, dünya birliyində etibarlı tərəfdaş kimi iştirakı təmin olundu. Bu strategiya özündə 3 əsas komponenti - xarici sərmayənin və təcrübənin cəlb olunması, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunmuş gəlirlərin səmərəli, şəffaf idarə edilməsi, istifadəsi və artırılmasını ehtiva edir. Milli Neft Strategiyasının tərkib hissələrinin reallaşdırılmasında həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini daşıyan cənab İlham Əliyevin misilsiz rolu olub. Məhz onun uğurlu diplomatik siyasəti, birbaşa təşəbbüsü və düşünülmüş təklifləri əsasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılması ideyasının gerçəkləşdirilməsi mümkün olub. İlham Əliyevin təklifi ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənilmiş və nəticədə ölkənin təbii sərvətlərindən əldə olunan gəlirlərin səmərəli və şəffaf idarə edilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilmişdir.
ARDNF neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi yolu ilə Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.
ARDNF 2022-ci il üzrə fəaliyyətini, “Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatını yayıb. Yarandığı tarixdən (1999-cu ildən) 2022-ci ilin sonuna kimi ARDNF 184 milyard dollar gəlir əldə edib. Gəlirlərin 176,2 milyard dolları və ya 95,8 faizi neft-qaz sazişlərindən gəlirlər, 7,8 milyard dolları və ya 4,2 faizi investisiya gəlirləri olub. Bu dövrdə ARDNF dövlət büdcəsinə 118,2 milyard dollar (200,94 milyard manat) transfert edib. Layihələrin maliyyələşdirilməsinə 11,8 milyard dollar (20,06 milyard manat), Fondun saxlanılmasına 0,4 milyard dollar (680 milyon manat) xərclənib. Ümumilikdə, Fondun 1999-2022-ci illərdə əldə etdiyi 184 milyard dollar gəlirin 130,4 milyard dolları xərclənib.
Hesabat ilində ARDNF-ə ümumilikdə 16 milyard 866,5 milyon manat və yaxud 9 milyard 586 milyon ABŞ dolları həcmində büdcə daxilolmaları olub və gəlirlər büdcədə nəzərdə tutulan məbləğə nisbətən (15 milyard 789,1 milyon manat) 106,8 faiz səviyyəsində icra olunub. Mənfəət neftinin və qazın satışından ARDNF-nin büdcəsinə 2022-ci ildə 19 milyard 698,9 milyon manat və ya 11 milyard 587,6 milyon ABŞ dolları məbləğində vəsait daxil olub. Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər büdcədə nəzərdə tutulana nəzərən (14 milyard 993,4 milyon manat) 131,4 faiz icra olunub.
İl ərzində mənfəət neftinin və qazın satışı ilə bağlı gəlirləri 2021-ci il ilə müqayisədə (6 996,8 ABŞ dolları) 65,6 faiz çox olub. Mənfəət nefti və qazın orta satış qiymətinin büdcədə nəzərdə tutulana nisbətən yüksək olması bu maddə üzrə gəlirlərin artmasına şərait yaradıb. Belə ki, 2022-ci ildə ARDNF-nin büdcəsində bir barel neftin satış qiyməti 101,1 ABŞ dolları (xalis mədaxil qiyməti 98,1 ABŞ dolları) təşkil edib və bu da 2021-ci il ilə (68,6 ABŞ dolları) müqayisədə 32,5 ABŞ dollar çoxdur.
Azərbaycanda dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında sazişlərə uyğun olaraq 2022-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilmiş mənfəət neftinin satışından daxil olmuş məbləğ bu gəlir maddəsi üzrə ümumi daxilolmaların təqribən 85,3 faizini (9 milyard 888,8 milyon ABŞ dolları) təşkil edib. Həmçinin “Şahdəniz” yatağından hasil olunmuş təbii qazın satışından 1 milyard 114,4 milyon ABŞ dolları, kondensatın satışından 328,6 milyon ABŞ dolları və digər yataqlar üzrə 91,4 milyon ABŞ dolları vəsait daxil olub.
2022-ci ildə ARDNF-ə, eyni zamanda, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı 452,2 milyon ABŞ dolları və yaxud 768,7 milyon manat bonus ödənişləri, həmçinin karbohidrogenlərin Azərbaycan ərazisi ilə ötürülməsindən ARDNF-nin büdcəsinə 4,2 milyon ABŞ dolları (7,2 milyon manat ) məbləğində gəlir (tranzit haqqı) daxil olub. Bunlardan əlavə, Fonda 3,28 milyon ABŞ dolları (5,58 milyon manat) məbləğində akrhesabı ödənişlər köçürülüb.
Həmin ildə Fondun büdcə xərcləri 7 milyard 988,3 milyon manat və yaxud 4 milyard 699 milyon ABŞ dolları təşkil edib. Xərclər büdcədə nəzərdə tutulan məbləğə (11 milyard 597,1 milyon manat) nisbətən 68,9 faiz səviyyəsində icra edilib. Nəticədə 2022-ci il ərzində ARDNF-nin büdcəsində 8 milyard 878,2 milyon manat profisit yaranıb.
Fondun aktivləri 2022-ci ilin sonuna artaraq 49,03 milyard ABŞ dollarına yüksəlib. Ümumi portfelin 62,1 faiz və ya 30,4 milyardı borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6 faiz və ya 9,6 milyard ABŞ dolları isə səhmlərə investisiya edilib. Portfelin 6,2 faiz və ya 3,1 milyard ABŞ dolları daşınmaz əmlak, qalan 12,1 faiz və ya 5,9 milyard ABŞ dolları hissəsini isə qızıl investisiyaları təşkil edib.
2022-ci ilin sonuna ARDNF-nın investisiyaları 66 ölkə və 17 valyutanı əhatə edib. İnvestisiya potfelinin 68,6 faizi ABŞ dollar, 20,4 faizi avro, 5,2 faizi ingilis funt sterlinqi, qalan 5,8 faizi isə digər valyutalardadır.
Yaranma tarixindən 2022-ci ilin sonuna qədər ARDNF toplam 7,8 milyard ABŞ dolları gəlir əldə edib ki, bu da illik ifadədə 2,3 faiz gəlirlilik deməkdir. Lakin son 15 ilə nəzər salanda görmək olur ki, bu göstərici 1,8 faiz, 10 ildə 1,6 faiz, 5 ildə 1,5 faiz təşkil edib.
Fondun hesabatında bildirilir ki, uzun müddət tətbiq olunmuş kəmiyyət yumşaldılması siyasətinin dəstəyi ilə mövcud olmuş əlverişli iqtisadi şərait dövründən yüksək inflyasiya, iqtisadi artımın zəifləməsi və böyük volatilliklə xarakterizə olunan yeni mühitə keçid 2022-ci ildə maliyyə aktivlərinə mənfi təsir göstərib. Yüksək inflyasiya səbəbindən il ərzində həm istiqraz, həm də səhm portfellərinin kəskin dəyər itirməsi müşahidə olunub. Nəticədə 2022-ci ildə Fondun gəlirliliyi - 5,2 faiz (2 milyard 461,3 milyon dollar) olub. Sabit gəlirli qiymətli kağızlar 3,8 faiz, səhm investisiyaları 16,7 faiz geriləyib, daşınmaz əmlaka investisiyalar isə 9,2 faiz dəyər qazanıb.
Vurğulanıb ki, faizlərin ilkin səviyyələrinin aşağı olması və onların qlobal maliyyə böhranından bəri görünməmiş həddə artımı istiqrazların böyük dəyər itirməsinə səbəb olub. Həmçinin artan inflyasiya və faiz dərəcələri fonunda iqtisadi tənəzzül gözləntiləri, Ukraynada yaranmış vəziyyət və digər neqativ məqamların doğurduğu volatillik yekunda bütün aparıcı səhm bazarlarının geriləməsinə gətirib çıxarıb. Bununla belə, artan faiz dərəcələri, müəyyən daşınmaz əmlak növlərinə tələbin azalması və ümumi istehlakçı əminliyində geriləməyə baxmayaraq, dayanıqlı və bazar tələblərinə uyğun əmlak növlərinə marağın artması və investisiyalardan sabit pul axınının davam etməsi Fondun daşınmaz əmlak portfelində müsbət gəlirliliyə səbəb olub.
Ceyhun Piriyev, “İki sahil”