Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsindən 17 il ötür
13 iyul 2006-cı ildə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin, eləcə də dünyanın neft şirkətlərinin rəhbərlərinin iştirakı ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdi. Mərasimdə çıxış edənlər BTC-ni XXI əsrin "Böyük İpək Yolu", Azərbaycanın, eləcə də regionun simasını dəyişəcək layihə kimi dəyərləndirmişdilər.

Bəli, onlar yanılmamışdılar. Belə ki, neftimizin dünya bazarlarına çıxması qaz nəqli, nəqliyyat və kommunikasiya üzrə digər mühüm layihələrin gerçəkləşməsinə vəsilə oldu. Daha doğrusu, 1768 km uzunluğunda olan və dünyanın ən uzun boru kəmərlərindən sayılan BTC digər layihələrin, o cümlədən Bakı-Tbilisi-Ərzurum qaz xəttinin, Bakı-Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsinə yol açdı. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsinə təsadüf edən Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində bu mühüm hadisəni bu günə qədər görülən işlərin zirvəsi kimi dəyərləndirərək bildirmişdi ki, BTC neft kəməri olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, bunlar olmasaydı, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Bu mənada BTC Azərbaycanın sabahı üçün sözün həqiqi mənasında, bir mayak oldu desək, yanılmarıq.
BTC bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihə oldu. Artıq dünya Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə töhfələr verən ölkə kimi qəbul edir. Digər tərəfdən, Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın uğurlu enerji siyasəti bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş kimi təqdim etməyə imkan verdi. Bəli, BTC, həm də böyük siyasi əhəmiyyət kəsb etdi. Belə ki, bu kəmər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynamaqla yanaşı, dünya dövlətləri ilə ölkəmizin yeni münasibətlərinin qurulmasına vəsilə oldu. Elə bu kimi səbəblərdən ölkəmizin dünya birliyində siyasi, iqtisadi məsələlərə, qlobal hadisələrə təsir imkanları artdı. İqtisadi siyasətimizin ən böyük uğurlarından sayılan və Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu enerji dəhlizi ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirdi, dövlətimizi Cənubi Qafqazın liderinə çevirdi. Bu mənada BTC arzularımızı reallaşdıran layihədir.

Bu gün müəllifi Ulu Öndər Heydər Əliyev olan və Prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının uğurları getdikcə özünü daha qabarıq göstərir, ölkə iqtisadiyyatının dinamik inkişafına, o cümlədən qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin yaranmasına, əhalinin sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsinə ciddi təkan verir. Prezident İlham Əliyevin iyulun 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söylədiyi kimi, bizdə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Şübhəsiz, bütün bunlar uğurla həyata keçirilən neft strategiyasının, o cümlədən 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanarkən Ulu Öndərin tövsiyəsi ilə əsas ixrac marşrutu kimi seçilən BTC-nin təntənəsidir.
Bu, bir inanılmaz faktdır ki, BTC əsas ixrac neft boru kəməri ideyası Ulu Öndər Heydər Əliyevə məxsusdur. Ümummilli Lider bu layihəni reallığa çevirmək istiqamətində apardığı danışıqlarda bir çox maneələrlə rastlaşdı. Lakin siyasi iradəsindən geri çəkilmədi, BTC ilə bağlı istər ölkəmizin xaricində, istərsə də daxilində əsassız arqumentlərlə çıxış edənlərin müqavimətini qırdı. Nəticədə "BTC tikiləcək! BTC reallaşacaq!" dedi, Gürcüstan və Türkiyə rəhbərlərinin iradəsi, ABŞ-ın yaxından dəstəyi, beynəlxalq maliyyə qurumlarının köməyi sayəsində Ulu Öndərin Azərbaycana yeni nəfəs verəcək ideyası həqiqətə çevrildi. Beləcə, 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin təməli qoyuldu. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyulun 4-də buradan xam neftlə yüklənmiş ilk tanker yola salındı. Həmin ayın 13-də isə Türkiyənin Ceyhan şəhərində BTC-nin təntənəli açılış mərasimi keçirildi.
Son məlumatlara görə, bu ilin iyun ayınadək ölkəmizdə hasil edilən 654 milyon ton neftin 484 milyon tonu BTC vasitəsilə dünya bazarlarına çıxarılıb. Bu ilin yanvar-may aylarında magistral neft kəmərləri ilə 16 261,3 min ton neft nəql edilib ki, bunun da 76,5 faizi BTC vasitəsilə reallaşıb. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
Qvami Məhəbbətoğlu, “İki sahil”