21 sentyabr 2023 10:01
288

Bakı-Quba avtomobil yolunun bir hissəsində yenidənqurma işləri yekunlaşır

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri yekunlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılır. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edir.

Bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunur.

İşlərin aparıldığı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib.