03 fevral 2024 02:39
643

Yüksək etimadın göstəricisi

COP29 və bu kimi mötəbər tədbirlərin keçirilməsi sabitliyin ən yüksək səviyyədə təmin olunduğu, ali iradəsinə hörmət qoyulan, ciddi qəbul edilən dövlətlərə etibar edilir

Məlumdur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olaraq hər zaman iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması işinə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Bu baxımdan Prezidentin Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Ötən il dekabrın 9-da Şərqi Avropa regional qrupunun Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirməsi dövlətimizin bu günə kimi qazandığı çoxsaylı uğurlara daha bir əlavədir. Bu qərarın verilməsi ilk növbədə respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan, eləcə də beynəlxalq təşkilatların ölkəmizə olan marağından xəbər verir. Ermənistan və onun əlaltısı olan separatçı rejim üzərindəki qələbədən sonra bəşəriyyət üçün olduqca mühüm olan konfransın Azərbaycanda keçirilməsinə razılığın verilməsi bir daha onu göstərir ki, beynəlxalq aləm  dövlətimizin Qarabağ siyasətini hüquqi addım kimi qiymətləndirib.

Xatırlatmaq yerinə düşər ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da namizədliyini geri götürüb. Artıq hər kəs indidən tam əmindir ki, Azərbaycan COP-29-a da uğurlu ev sahibliyi edəcək, ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq. Çünki ölkəmizdə davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir və bu demək olar ki, ənənə halını alıb. Bunu deməyə əsas verən həm də paytaxt Bakının müasir infrastruktura malik olmasıdır. Azərbaycanın Birinci Avropa və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, geridə qoyduğumuz ildə Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra ikinci dəfə yenidən ölkəmizdə keçirilməsi, həmçinin Azərbaycanın 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etməsi bunun əyani sübutudur.

Hazırda iqlim dəyişikliyi fonunda planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır, tükənməz mənbələrdən alınan enerjiyə üstünlük verir. "Yaşıl enerji"yə keçid müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Texnologiyanın sürətli inkişafı və dünya ölkələrinin bu istiqamətdə müəyyənləşdirdikləri hədəflər isə "yaşıl enerji" keçidini sürətləndirir. Ölkəmizin də enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə keçiddə uzunmüddətli hədəfləri var. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mühit kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Ölkəmizin bərpaolunan enerji potensialı 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara əsasən, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 157 QVt həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Bu göstərici ölkəmizdə "yaşıl enerji"nin inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu deməyə əsas verir. Hazırda "yaşıl enerji" ilə bağlı əsas layihə Zəngəzur dəhlizi vasitəsilə ötürücü şəbəkəmizin genişləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin 2022-ci il mayın 3-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. Bunun reallaşdırılması üçün isə Qarabağ və Şərqi Zəngəzurun geniş potensial imkanları var. 10 min kvadratkilometr ərazini əhatə edən "yaşıl enerji" zonası 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Həmçinin ilkin müşahidələrə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Sözügedən bölgələrdə artıq bir neçə su elektrik stansiyası inşa edilərək işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Tarix boyu mənəvi enerji mənbəyimiz olan Şuşa da artıq "yaşıl enerji" zonası mərkəzinə çevrilir. Bu gün 4 min meqavatlıq külək və Günəş enerjisi layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması üçün məkan olaraq bu qədim mədəniyyət paytaxtımızın seçilməsi də təsadüfi deyil. Artıq "yaşıl enerji" sahəsində imzalanan faktiki müqavilələr də var. BP şirkəti ilə birgə hazırlanmış plana əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə Günəş elektrik stansiyası tikiləcək.

Ötən ilin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə COP29-a hazırlıqla bağlı ilk müşavirə keçirilib, müvafiq tapşırıqlar verilib. Dövlətimizin başçısı əminliklə bildirib ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək. İqlim qurşaqları ilə zəngin ölkəmiz bu il təkcə seçki prosesi ilə diqqət mərkəzində olmayacaq, həm də mühüm COP29 kimi beynəlxalq tədbirlə beynəlxalq aləmin nəzər-diqqətini cəlb edəcək. Bu kimi mötəbər tədbirlər isə sabitliyin ən yüksək səviyyədə təmin olunduğu, ali iradəsinə hörmət qoyulan, ciddi qəbul edilən dövlətlərin ərazisinə etibar edilir.

Sevinc Azadi, “İki sahil”