07 fevral 2024 01:16
440

Xəzər neftinin dünya bazarlarına nəqlində BTC-nin rolu daha da artır

Cari ildə isə Qazaxıstan Transxəzər marşrutu ilə 1,5 milyon ton neft ixrac etməyi planlaşdırır ki, gələcək illərdə ixracın həcmini 3 milyon tona çatdırsın

Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin təntənəsi olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri Azərbaycanın xarici siyasətinin formalaşmasında, dünya dövlətləri arasında siyasi və iqtisadi nüfuzunun artmasında mühüm rol oynamaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli 2002-ci ildə Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulmuş, 2004-cü ildə isə "Gülüstan" sarayında Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri boru kəmərinin tikintisinin maliyyələşdirilməsi üçün layihənin son maliyyələşmə sənədlər paketini imzalamışlar. 2006-cı ildə Türkiyənin Ceyhan şəhərində açılış mərasimi keçirilən, XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin ümumi uzunluğu 1767 kilometr, istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti isə gündə 1 milyon bareldir.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Mərkəzi Asiya ölkələri öz enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün daha əlverişli və etibarlı tərəfdaş olaraq Azərbaycanla əməkdaşlığa üstünlük verdilər. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının nəqlində müstəsna rol oynayır. Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınması isə ölkəmizin enerji sahəsində yeni bir mərhələnin başlanğıcıdır desək yanılmarıq. Qeyd edək ki, Qazaxıstanın əsas ixrac marşrutu Rusiya ərazisindən keçir. Belə ki, Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitlə ixracı üçün Xəzər Boru Kəməri Konsorsiumu yaradılmışdır. Ümumi uzunluğu 1511 kilometr olan və Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən Konsorsium Qazaxıstan neftinin əsas ixrac marşrutu olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir. Mərkəzi Asiya ölkəsindən nəql olunan neftin 80 faizindən çoxu Tengiz-Novorossiysk boru kəməri vasitəsilə ötürülür. Rusiya illik tutumu 67 milyon ton neft olan kəmərin fasiləsiz olaraq fəaliyyətini təmin edə bilmir. Buna görə də Qazaxıstan Rusiyadan asılılığını azaltmaq məqsədilə daha etibarlı ixrac marşrutu axtarır. 2022-ci ildə Qazaxıstanın Rusiyadan başqa marşrutlarla neft ixracı 2021-ci illə müqayisədə 638 min ton artaraq 1,8 milyon tona (gündə 36 min barel) çatıb. Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Qazaxıstan neftinin ixracı nisbətən az olsa da, Moskvanın 2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Rusiya limanları alıcılar üçün təhlükəli hesab olunmağa başlandı. Bu isə neft və qaz ixracatçısı olan bir çox ölkələr kimi, Qazaxıstanı da Rusiya neft kəmərləri ilə əlaqəsi olmayan marşrutlara üstünlük verməyə sövq etdi. Bu baxımdan, keçmiş sovet dövlətləri arasında Rusiya ilə ən uzun quru sərhədinə malik olan Qazaxıstan bu qonşu ölkədən asılılığı azaltmaq üçün BTC vasitəsilə ixracını artırmağa çalışır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Rusiyadan, o cümlədən onun nəhəng neft kəmərləri və limanlar şəbəkəsindən asılılığını məhdudlaşdırmaq istiqamətində addımlar atır. Belə ki, qarşıdakı illərdə Qazaxıstan Transxəzər marşrutu ilə Azərbaycan vasitəsilə neft ixracının həcmini 3 milyon tona çatdırmağı hədəfləyib. Bu barədə “İnterfaks” məlumat yayıb. Xəbər verilir ki, ötən il Qazaxıstan Azərbaycan üzərindən dünya bazarına 1 milyon ton neft ixrac edib. Cari ildə isə Qazaxıstan Transxəzər marşrutu ilə 1,5 milyon ton neft ixrac etməyi planlaşdırır ki, gələcək illərdə ixracın həcmini 3 milyon tona çatdırsın.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Transxəzər marşrutu ilə neft ixracının həcminin artırılması barədə tapşırıq vermişdi. Həmin il Qazaxıstanın “KazMunayQaz” və Azərbaycan SOCAR şirkətləri arasında “Tengiz” yatağından hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan qaz boru kəməri ilə nəql olunması haqqında müqavilə imzalanıb. Bununla da Qazaxıstan Azərbaycan vasitəsilə neft ixracını 3 milyon tona çatdıracaq. Qazaxıstanın ticarət və inteqrasiya naziri Jumanqarin Serik Makaşeviç Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclasının sonunda jurnalistlərə müsahibəsində bildirmişdir ki, Qazaxıstan 20 milyon ton neftini Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə ixrac etməyi qarşısına məqsəd qoyub.

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Tengiz yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası ötən il aprelin 22-də Türkiyənin Ceyhan limanından yola salınıb. SOCAR, KazMunayQaz, Tengizşevroil, Kazmortransflot və onların törəmə şirkətlərinin nümayəndə heyətlərinin iştirak etdiyi yükləmə mərasimində 665 min barel (83,2 min ton) yük "Alatau" tankerinə yüklənib. Ceyhan limanından Qazaxıstan neftinin birinci partiyasının yola salınması SOCAR və "KazMunayQaz" arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan önəmli addımdır. Bu, Xəzər neftinin dünya bazarlarına nəqli üçün əsas marşrut kimi BTC boru kəmərinin strateji rolunu və regional enerji əməkdaşlığının əhəmiyyətini bir daha sübut edir. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR ilə "KazMunayQaz" arasında bağlanan sazişə əsasən həyata keçirilir və hər il 1,5 milyon ton neftin tranziti məqsədilə Qazaxıstan neftinin növbəti partiyasının Ceyhan limanında tankerə yüklənməsi nəzərdə tutulur.

Hazırkı şəraitdə dünya bazarlarında risklər artdıqca, eyni zamanda, inflyasiya gücləndikcə enerji sektorunda yeni habların yaranması prioritet məsələyə çevrilir. Zəngin qaz ehtiyatlarına malik olan Türkmənistan öz təbii qazını Avropa bazarına çıxarmaq üçün boru xətlərinə sahib deyil. Azərbaycanla Türkmənistan arasında anlaşmaya əsasən, Türkmənistan ildə iki milyard kubmetrədək mavi yanacağını İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir.

Böyük karbohidrogen ehtiyatlarına görə Türkmənistan yalnız Qərbin deyil, Türkiyənin də marağındadır. 2022-ci ildə Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü zamanı ölkə başçısı İlham Əliyev demişdir: "Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir".

Bir sıra iri regional və beynəlxalq enerji layihələrinin təşəbbüskarı və icraçısı olan Azərbaycan həm enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Avropa və digər beynəlxalq bazarlara Azərbaycanın və Mərkəzi Asiyanın enerji resursları daşınır. Bu isə ölkəmizin həm də tranzit ölkə kimi əhəmiyyətini daha artırmış olur.

Sevinc Azadi, “İki sahil”