Azərbaycan COP29 vasitəsilə dövlətlərə çağırış edəcək
Azərbaycan bir sıra beynəlxalq tədbirlərdə yeni təşəbbüslərlə çıxış edir. Qürurvericidir ki, təşəbbüslərimiz dünya birliyi tərəfindən həmişə dəstəklənib. Məsələn, Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə bu təsisatın fəaliyyətinə yeni həyat verilib, bu qurumda ilk dəfə olaraq yeni institutlar meydana gəlib, hərəkatın özü isə beynəlxalq aləmdə böyük nüfuz qazanıb . Hazırda COP 29-a ev sahibliyi etməklə də dünyada qlobal iqlim istiləşməsinə qarşı mübarizədə yeni bir dövrün başlanmasına töhfə verilməsinə hazırlaşırıq. Qeyd etdiyimiz kimi, Azərbaycanın müzakirələrə təklif etdiyi məsələlər dünya birliyi tərəfindən qətiyyətlə dəstəklənib və bu dəfə də dəstəklənəcəyinə inanırıq. Çünki məsələ olduqca ciddidir. Söhbət üzərində yaşadığımız Yer kürəsinin xilasından gedir. Son illər yayda istilərin yandırıcı həddə çatdığını hamımız yaşayırıq. Oksigen və sərin hava çatışmazlığı ürək və əsəb xəstəsi olan insanları təntidir, tənəffüsünü çətinləşdirir, hətta daha ağır nəticələrə gətirib çıxarır. Ona görə də Azərbaycan dünya birliyində bir körpü rolunu oynayaraq qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün səylərini davam etdirəcək. Bunun üçün dünya ölkələrində yeni iqlim maliyyəsinin yaradılmasını vacib məsələ kimi təqdim edirik. Dövlətlərin bir çoxunun başının hərbi əməliyyatlara qarışdığı hazırkı dövrdə diqqətin belə bir təhlükəyə yönəldilməsi olduqca vacibdir. Azərbaycanın dünyanın taleyi üçün belə narahatlığını ifadə etməsi onun hörmətinin və nüfuzunun daha da yüksəlməsi üçün bir məqamdır.
Bəs həyat üçün təhlükəli iqlim dəyişmələri daha nələrdən baş verir, onun qarşısını necə almaq olar?
İqlim dəyişmələri ilə mübarizədə iqlim maliyyələşməsi mühüm rol oynayır. Belə ki, atmosferə atılan tullantıları azaltmaq (xüsusilə də böyük miqdarda istixanaların, avtomobil tüstüsü ilə bərabər qazların atıldığı sahələrdə), yan təsirlərə uyğunlaşmaq və iqlim dəyişmələrinə gətirən digər təsirləri azaltmaq üçün iri miqyaslı maliyyə yatırımlarına ehtiyac var. İqlim maliyyələşməsi dövlət, özəl və alternativ maliyyə mənbələrindən əldə edilə bilən və yerli, milli və ya transmilli səviyyələrdə həyata keçirilən maliyyələşmə mexanizmidir. Ekologiya və təbii sərvətlər naziri yeni yaradılacaq iqlim maliyyəsinin ən çox ehtiyacı olan ölkələrə çatdırılmasının vacibliyini də vurğulayıb. Yəni biz eyni bir dünyada yaşayırıqsa və iqlim dəyişikliklərindən Yer kürəsinin hər bir üzvü əziyyət çəkirsə, bu qlobal təşəbbüsə dünya birliyi qoşularaq mütləq lazımi reaksiya verməlidir. Elə ölkələr var ki, onlar öz daxili imkanları ilə qlobal istiləşməyə qarşı mübarizə aparmaq iqtidarında deyillər. Dünya birliyinin imkanı üzvləri yeni iqlim maliyyəsi vasitəsilə həmin ölkələrə yardım etməli və qlobal istiləşməyə səbəb olan mənbələrin zərəsizləşdirilməsi üçün səfərbər olunmalıdırlar.
Atmosferin ozon qatının dağılmasının bir böyük səbəbi də dağıdıcı müharibələrdir. Dəhşətli atom və hidrogen bombaları, çəkiləri tonlarla ölçülən super gücə malik raketləri olan böyük dövlətlər bəşəriyyətin məhv edilməməsi xatirinə müharibə vəziyyətləri yaratmamalı, silah işlətməməlidirlər. Bu dünyada hamının yaşamaq haqqı var. Bütün dinlər "Allahın verdiyi canı o özü almalıdır" qanununu qəbul edib. Heç olmasa hər kəs inandığı dininə hörmət qoysun. Hər kəs silah işlədərsə dünyanın sonunu yaxınlaşdırdığını yaddan çıxarmasın, sadə dillə desək, oturduğu budağı kəsməsin. Kimsə bəşəriyyətin məhv edilməsinə yönəldilmiş addımlar atarsa əvvəlcə onun məsuliyyətini dərk etməsi lazımdır. Məhz Azərbaycan dünyanı bu məsuliyyətin nəticələrini anlamağa və buna yol verməməyə çağırır. Yəni, bitsin müharibələr, işə salınmasın dağıdıcı silahlar, bəşər övladları bir-birinə rəhm etsin, hər yerdə sülh bərqərar olsun, dünyanın heç bir yerində analar ağlamasın. Məşhur "Ana mahnısı"nda deyildiyi kimi:
Mən anayam, bu səsimdə yerin-göyün dərdi var,
Sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar.
Vəli İlyasov, "İki sahil"