COP29 konfransı iştirakçı ölkələrə görə yeni öhdəliklər götürmək və iqlim böhranının həlli ilə bağlı konkret addımlar atmaq üçün bir fürsətdir
Sülh sazişi, təhlükəsizlik, “Böyük Qayıdış” layihəsi, iqtisadi əlaqələr, o cümlədən enerji mövzusu gündəmdə olan məsələlərdir. Hazırda ölkəmizdə mövcud olan sabit daxili vəziyyət xarici amillərdən asılı deyil. Beynəlxalq konfranslarda sərhədlərimizin lazımi şəkildə müdafiəsi ilə bağlı müxtəlif layihələrin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayır ki, bunlar bizə istənilən potensial riski minimuma endirməyə imkan verəcək.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi yaşıl inkişafla bağlı mühüm yenilikdir. Bu Sərəncam cari il ərzində ətraf mühit və yaşıl inkişafla bağlı yeni gündəlik müəyyən edir.
“Azərbaycan 2030” Milli Prioritetlər sənədində 5 prioritetdən biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetdə yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının alt məqsədləri müəyyən olunub. Sərəncamda qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Elə məhz bu məqamda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu COP29 noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29 tədbirində iki həftə ərzində bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanın üzərində olacaq.
Bəs COP29 nədir?
COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. COP tədbirlərində adətən gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir. Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil və çox güman ki, 2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı müəyyən ediləcək. İndiyə kimi belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirin də gündəliyini müəyyən edir. Burada nazirlər və diplomatlar növbəti COP tədbiri - əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirirlər.
COP tədbirlərinin məqsədi nədir?
2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənədi 2016-cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası hökuməti adından imzalanıb. COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. Konfrans iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.
Ötən il dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə COP29-la bağlı keçirilən ilk müşavirədə dövlətimizin başçısı bildirib ki, ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq: “Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var.”
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə beynəlxalq təcrübə nəzərə alınaraq ölkənin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkədə keçiriləcək COP29-un prezidenti təyin edilib.
Bakı konfransında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndə heyətləri iştirak edə bilər. İctimaiyyət COP29-da şəxsən iştirak edə bilməsə də, mavi zonadakı bir çox tədbirlər, məsələn, qurumların plenar iclasları, dövlət başçıları ilə yüksək səviyyəli seqment, bir çox mətbuat konfransları və başqa tədbirlər ictimaiyyət üçün canlı yayımlanacaq. BMT-nin əlaqəli kanalları və COP TV ictimaiyyət üçün konfransı izləmək və maraqlı müsahibələri və çıxışları izləmək imkanı verir.
Bəşəriyyətin gələcəyinə təhlükə olan qlobal istiləşmə nədir?
Ümumiyyətlə, müasir dövrdə qlobal istiləşmə məsələsi bəşər övladını düşündürən ən ciddi problemlərdən biridir. Bu problemin həlli yollarının araşdırılması və tədbirlər planının hazırlanması çox vacibdir. Hazırda qlobal istiləşmənin nəticəsi olaraq baş verən iqlim dəyişmələri bu problemlə məşğul olan alimlərin əksəriyyətində artıq şübhə doğurmur. Əsas fikir ayrılıqları qlobal istiləşmənin səbəbləri və onun proqnozları ətrafındadır. Belə ki, əgər qədim zamanlarda insan fəaliyyəti Yerin iri bölgələrinin və bütövlükdə planetin iqliminə əhəmiyyətli təsir göstərə bilmirdisə, müasir dövrdə insanın texniki-iqtisadi qüdrəti o dərəcəyə çatıb ki, onun ətraf mühitə göstərdiyi təsir güclü təbii amillərin təsiri ilə müqayisə oluna biləcək dərəcədədir. Bu baxımdan yaşıl enerjiyə keçid müasir dünyanın qarşısında dayanan əsas məqsədlərdən biridir.
Yer kürəsində qlobal iqlim dəyişikliyini göstərən 4 əsas göstərici var. Bunlar parnik (istixana) qazlarının konsentrasiyası, dəniz səviyyəsinin qalxması, okean suyunun istiliyi və okeanın turşulaşmasıdır. Bunlarla yanaşı əlavə olaraq qeyd etmək olar ki, daha geniş təsnifata görə iqlim dəyişmələrinin əsas fəsadları temperaturun qalxması, fırtınaların, quraqlığın, okean sularının su səviyyəsinin və temperaturun artması, flora və fauna növlərinin itməsi, qida çatışmamazlığı, artan sağlamlıq riskləri, yoxsulluq və məcburi köçkünlər probleminin artmasıdır.
XIX əsrin ortalarında bəşəriyyət sənaye inqilabına qədəm qoyub və bu dövrdən atmosferə atılan karbon qazının miqdarı artmağa başlayıb. Atmosferdə karbon qazının miqdarının artması nəticəsində iqlimin dəyişəcəyi fikri hələ XX əsrin əvvəllərində irəli sürülmüşdü. Karbon qazı insan fəaliyyəti nəticəsində yaranan əsas istixana qazı sayılır. Onun qlobal istiləşməyə olan təsiri müxtəlif alimlərin hesablamalarına görə, 55%-lə 64% arasındadır. Buna misal olaraq meşələrin qırılmasını göstərmək olar. Bu, həm ağacların yandırılması, həm də taxta-şalban tədarükü sahələrində qalan ağac qırıntıları çürüyərkən baş verir. Bu zaman bir sıra mikroorqanizmlər tərəfindən anaerob (yəni, oksigenin iştirakı olmadan) parçalanma da gedir ki, bunun nəticəsində metan qazı əmələ gəlir. Antropogen mənşəli karbon qazının 12%-ə qədəri bu mənbədəndir.
Buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəkləməsi, atmosfer havasının temperaturunun yüksəlməsi - bütün bunlar qlobal iqlim dəyişmələrinin əlamətləri hesab edilir. Temperatur yüksəldikcə bir çox bitki və heyvanların yaşayış yerləri dəyişikliklərə məruz qalır. Bu növlər uzun dövrlər nəticəsində uyğunlaşdıqları ekoloji sığınacaqlar və xarakterik həyat şəraitlərindən məhrum olurlar. Bir çox növlərin sürətlə dəyişən şəraitlə ayaqlaşa bilməyib məhv olması isə ekosistemin tarazlığını pozur. Dünya tarixində 20 ədəd rekord isti yay dövrü olmuşdur ki, bunlar da 1980-ci ildən indiyədək olan dövrə təsadüf edir. Azərbaycana da qlobal istiləşmənin təsiri artıq hiss olunmaqdadır. Buzlaqların əriməsi, çayların daşması, sellərin dağıdıcı təsiri, mövsümlərə uyğun olmayan temperatur anomaliyaları, ən isti ayın temperatur göstəricisinin getdikcə artması buna misaldır.
Beləliklə, yuxarıda qeyd olunan faktlardan belə nəticəyə gəlmək olar ki, qlobal istiləşmənin qarşısı təxirəsalınmadan alınmalıdır. Yoxsa, hadisələrin inkişafı yerüstü canlıların xeyrinə cərəyan etməyəcək. Bunun üçün isə tez bir zamanda bütün dünyada müasir çağırışlara cavab verən yaşıl enerji sistemi qurulmalıdır.
Cavid Əkbərov, “İki sahil”