Qlobal iqlim dəyişmələri bugünümüzün reallığıdır və onun ağır fəsadları artıq planetimizin çox yerində insanların həyatını təhdid edir. 20-ci əsrin ortalarından başlayaraq insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş və qlobal miqyasda dəyişikliklərə səbəb olmuşdur. Qlobal İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Milli və ya beynəlxalq arenada tanınan heç bir qurum iqlim dəyişikliyindəki insan faktoruna qarşı çıxmır.
İqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır. Onun eyni zamanda, insanların yer-yurdlarından olması hallarını artıracağı da düşünülür. Ümumdünya Səhiyyə Təşkilatının 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə hesab etdiyi iqlim dəyişikliyi, eyni zamanda, daşqın, yoluxucu xəstəliklər və ekstremal istilik riskini də artırır. Gələcəkdə istiləşməni minimuma endirmək cəhdləri uğurlu olsa belə, dəniz səviyyəsinin yüksəlməsi, okean temperaturunun qalxması və okean asidifikasiyası da daxil olmaqla, bir sıra təsirlər əsrlər boyu davam edəcək.
Araşdırmalara görə, iqlim dəyişikliyinə mitiqasiya və adaptasiya yolu ilə cavab vermək mümkündür. Mitiqasiya dedikdə istixana qazı emissiyalarının azaldılması və atmosferdən çıxarılması nəzərdə tutulur. Bu metodlara külək və günəş kimi az karbonlu enerji mənbələrinin inkişafı və effektiv şəkildə istifadəsi, kömürdən istifadənin tədricən dayandırılması, enerjinin səmərəliliyinin artırılması, meşələrin bərpası və qorunması daxildir. Adaptasiya isə inkişaf etdirilmiş sahil qorunması, fəlakətlər zamanı daha yaxşı idarəçiliyin təşkili və daha dayanıqlı məhsulların inkişafı vasitəsilə faktiki və ya gözlənilən iqlimə uyğunlaşmaqdan ibarətdir. Adaptasiya təklikdə "şiddətli, geniş yayılmış və geriqaytarılmaz" təsirlərin riskinin qarşısını ala bilməz.
İqlim dəyişmələri ilə mübarizədə Azərbaycan modeli
Müasir dövrdə ölkələrin əksəriyyəti iqlim dəyişmələri ilə mübarizəni prioritet hesab edir və müxtəlif fəaliyyət planları hazırlayırlar. Azərbaycan beynəlxalq səviyyədə bu mübarizəyə dəstək göstərən və problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyəti ilə fərqlənən dövlətlər sırasındadır. Ölkəmiz tərəfindən bərpaolunan enerji və "yaşıl enerji"yə keçid prosesi sahəsində örnək tədbirlər həyata keçirilir. Bununla yanaşı, nəinki regional səviyyədə, hətta beynəlxalq miqyasda keçirilən tədbirlərdə də Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsi yüksək qiymətləndirilir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) cari ildə ölkəmizdə keçirilməsi barədə qərar da qlobal aləmdə Azərbaycana olan etimadın növbəti təzahürüdür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulan ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf nəzərdə tutulub ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılması deməkdir.
Vətən müharibəsində tarixi Zəfərimiz nəticəsində işğaldan azad olunan torpaqlarımız "yaşıl enerji" zonası elan edilib. Həmin ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi planlaşdırılır. COP29, həmçinin Azərbaycanın "yaşıl enerji" siyasətinə də mühüm töhfə olacaq. Hazırda ölkəmiz bu sahədə bir sıra aparıcı şirkətlərlə, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlıq edir. Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya "yaşıl enerji"nin ixrac edilməsi bu sahədə dövlətimizin qarşısında duran əsas məsələlərdəndir. Bu isə 2026-cı ildən sonra Azərbaycanın Avropa İttifaqının "yaşıl enerji"yə olan tələbatının ödənməsində xüsusi payı olacağından xəbər verir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanın potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə də şərait yaradacaq.
COP29 Münxen görüşlərində əsas mövzulardan biri oldu
Məlum olduğu kimi, fevralın 17-də Prezident İlham Əliyevin Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşü olub. Görüşdə dövlətimizin başçısı Azərbaycanın COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirdiyini diqqətə çatdırıb. Ölkə rəhbəri Azərbaycanın, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və “yaşıl keçid” prosesi sahəsində ciddi tədbirlər həyata keçirdiyini, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev C.Kerri ilə söhbətində iqlim maliyyələşdirilməsinin COP29-un əsas mövzusuna çevriləcəyini, Azərbaycanın da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcəyini bildirib. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına 4 il sədrlik edən dövlət kimi çox yaxşı təcrübə qazandığını, eyni zamanda, respublikamızın digər müxtəlif platformalarda fəal şəkildə iştirak etdiyini, bununla da qlobal həmrəyliyə nail olunmasına dəstək verdiyini xatırladıb.
Con Kerri isə iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu, hazırda “yaşıl keçid”lə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə edildiyini, Bakıda qəbul olunacaq qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümid etdiyini bildirib.
Prezident İlham Əliyev ilə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin bu görüşü deməyə əsas verir ki, növbəti iqlim konfransının – COP29-un cari ilin 11-24 noyabr tarixlərində Bakıda keçirilməsi dünyada heç bir təəccüb doğurmur. Çünki Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə üzrə üzərinə götürdüyü bütün öhdəliklərə sadiqlik nümayiş etdirir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfdaşı olaraq qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə əhəmiyyətli töhfə verir.
Prezidenti İlham Əliyev ilə İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqu, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn və Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms arasında keçirilən görüşlərdə də ölkəmizdə COP29-un reallaşdırılmasının daha geniş miqyasda iqtisadi layihələrin gerçəkləşdirilməsi potensialının gücləndirilməsi işinə xidmət etdiyi bildirilib.
Bütün bunların fonunda bir daha deyə bilərik ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təmin olunması və iqlim dəyişmələri ilə mübarizə üzrə üzərinə götürdüyü bütün öhdəliklərə sadiqlik nümayiş etdirir.
Nigar Orucova, “İki sahil”