Bu tədbir ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi xalqımızın bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Bununla da Təşkilat Komitəsinin (TK) tərkibi bir qədər də genişləndirilib. Faktiki olaraq həm də TK-də gender balansı tam təmin olunub, bu isə ölkə başçısının qadınların cəmiyyətdəki roluna olan diqqət, etimad və hörmətin göstəricisidir. Bu sahədə vətəndaş cəmiyyətinin nümayəndəri də çox aktiv olduğuna görə TK-yə vətəndaş cəmiyyətinin nümayəndələri də daxil edilib. Həmçinin COP29-da müzakirə olunacaq müasir çağırışlar, innovasiya məsələlərinin geniş müzakirə olunacağı nəzərə alınaraq, TK-da iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar. Burada əsəs məqsəd TK-də inklüzivliyin maksimum təmin edilməsidir.
Bu günlərdə İstanbulda keçirilən 27-ci Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına məktubunda Prezident İlham Əliyev COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətinə bir daha toxundu, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırdığını vurğuladı: “Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri artıq həyatın bütün sahələrində özünü büruzə verir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir.”
Qeyd edək ki, cənab İlham Əliyevin məktubda ifadə etdiyi məsələlər həqiqətən Azərbaycanın bu istiqamətdə son illərdə həyata keçirdiyi bir sıra strateji layihələrə əsaslanır. Məsələn, işğaldan azad edilmiş rayonlarımızda qısa müddətdə çoxlu sayda hidroelektrik stansiyalar tikilib və ermənilərin dağıtdığı belə stansiyalar bərpa olunub. Üstəlik, bu ərazilərdə Günəş elektrik stansiyalarının tikilməsi üçün müxtəlif layihələr həyata keçirilməyə başlanılıb, xarici ölkələrlə bu sahəyə investisiya qoyulması üçün sazişlər imzalanıb. O cümlədən, Azərbaycanın istehsal edəcəyi “yaşıl enerji”nin Avropaya və qonşu ölkələrə ixracına imkan verən beynəlxalq razılaşmalar əldə olunub və sair. Bütün bunlar Azərbaycanın iqlim dəyişmələrinin nəticələri ilə mübarizəyə böyük töhfələr vermək iradəsindən və potensialından xəbər verir.
Ötən ilin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə reallaşması ilə əlaqədar müşavirədə dövlətimizin başçısı tədbirin yüksək səviyyədə təşkili ilə bağlı qarşıya mühüm vəzifələr qoydu. Prezident İlham Əliyev bildirib ki, sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Qonaqlarının sayı baxımından dünyanın ən böyük tədbiri olan COP29-a Bakının ev sahibliyi etməsinə isə ötən illər ərzində dövlətimizin həyata keçirdiyi hərtərəfli inkişaf strategiyası, beynəlxalq arenada yürütdüyü diplomatik siyasət sayəsində nail olunub. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olaraq hər zaman iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması işinə öz töhfəsini verir.
Hazırda iqlim dəyişikliyi fonunda planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır, tükənməz mənbələrdən alınan enerjiyə üstünlük verir. "Yaşıl enerji"yə keçid müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Texnologiyanın sürətli inkişafı və dünya ölkələrinin bu istiqamətdə müəyyənləşdirdikləri hədəflər isə "yaşıl enerji" keçidini sürətləndirir. Ölkəmizin də enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə keçiddə uzunmüddətli hədəfləri var. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mühit kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Ölkəmizin bərpaolunan enerji potensialı 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara əsasən Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 157 QVt həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Bu göstərici ölkəmizdə "yaşıl enerji"nin inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu deməyə əsas verir. Hazırda "yaşıl enerji" ilə bağlı əsas layihə Zəngəzur dəhlizi vasitəsilə ötürücü şəbəkəmizin genişləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin 2022-ci il mayın 3-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir.
Ümumilikdə, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. Bunun reallaşdırılması üçün isə Qarabağ və Şərqi Zəngəzurun geniş potensial imkanları var. 10 min kvadratkilometr ərazini əhatə edən "yaşıl enerji" zonası 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Həmçinin ilkin müşahidələrə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Sözügedən bölgələrdə artıq bir neçə su elektrik stansiyası inşa edilərək işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Tarix boyu mənəvi enerji mənbəyimiz olan Şuşa da artıq "yaşıl enerji" zonası mərkəzinə çevrilir. Bu gün 4 min meqavatlıq külək və Günəş enerjisi layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması üçün məkan olaraq bu qədim mədəniyyət paytaxtımızın seçilməsi də təsadüfi deyil. Artıq "yaşıl enerji" sahəsində imzalanan faktiki müqavilələr də var. BP şirkəti ilə birgə hazırlanmış plana əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə Günəş elektrik stansiyası tikiləcək.
Sevinc Azadi, “İki sahil”