16 mart 2024 02:15
857

COP29: Bu, bizim üçün elə bir fürsət olacaq ki…

Müasir dövrdə ölkələrin əksəriyyəti iqlim dəyişmələri ilə mübarizəni prioritet hesab edir və müxtəlif fəaliyyət planları hazırlayırlar. Azərbaycan beynəlxalq səviyyədə bu mübarizəyə dəstək göstərən və problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyəti ilə fərqlənən dövlətlər sırasındadır. Ölkəmiz tərəfindən bərpaolunan enerji və "yaşıl enerji"yə keçid prosesi sahəsində örnək tədbirlər həyata keçirilir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) cari ildə ölkəmizdə keçirilməsi barədə qərar da qlobal aləmdə Azərbaycana olan etimadın növbəti təzahürüdür.

Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal iqlim dəyişikliyi istiqamətində dünyaya önəmli töhfələr verməyi, davamlı inkişaf məqsədlərinə nail olmağl qarşıya mühüm vəzifə kimi qoyub. Bir sözlə, enerji siyasətindəki uğurları, bərpaolunan enerji resurslarına sərmayə qoymaq istəyi və iqlim dəyişikliyi ilə mübarizə əzmi respublikamızın davamlı gələcək üçün atdığı addımların təzahürüdür. Beynəlxalq aləm Azərbaycanın bu platformada liderliyi gerçəkləşdirməsi ilə dünyada iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin yaradılmasına töhfə verəcəyinə də əmindir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulan ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf nəzərdə tutulub ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılması deməkdir.

Bütün yuxarıda qeyd edilənləri ümumiləşdirib əminliklə deyə bilərik ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl enerji”yə keçidinin sürətlənməsinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcək.

Azərbaycan həmişə çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verib və beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda daim fəal siyasət yürüdüb. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bunun Hərəkata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilməsi, ölkəmizin digər beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlığı hər zaman xüsusi diqqət çəkib.

Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, COP29 konfransının keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir: “COP29 bizim üçün birinci fürsət olacaq ki, ölkə müstəqil yaşayır və uğurla inkişaf edir. Bu, əslində bizim düzgün siyasətimizin təzahürüdür və Azərbaycan son otuz il ərzində bu siyasəti aparır. Praktiki baxımdan bu, həmçinin bizim üçün belə bir fürsət olacaq ki, həmrəyliyə öz töhfəmizi verək”. Heç də təsadüfi deyil ki, Forumun ikinci günündə, COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb.

Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı üzrə baş direktor müavini və idarəedici direktoru Fatou Haidara XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Xoş sözlərdən yaxşı işlərə: COP29 üçün hansı məqsədlər qoyula bilər?” adlı panel müzakirəsində çıxışı zamanı deyib ki, sənaye iqlim dəyişiklikləri strategiyasının bir hissəsidir. Sənayeni düzgün təşkil etsək, iqlim dəyişikliyinə öz töhfəsini verə bilər. Bu da aşağı emissiyalı iqtisadiyyata keçidi təmin edəcək. COP29-un qarşısında çox çətin məsələlərin həlli durur. İqlim tədbirlərinin gücləndirilməsi lazımdır. Hər ölkə könüllü olaraq öz töhfələrini dərinləşdirməlidir. Biz də artıq bu sahədə səylərimizi cəmləşdirməliyik.

BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensisin XI Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində isə qeyd edilib ki, bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal istiləşməni 1,5 dərəcə saxlamaq məqsədinə nail olmaq yolunu gücləndirəcək.

D.Frensis COP həmsədrləri üçlüyünün - Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Braziliyanın fəaliyyətini yüksək qiymətləndiri. Bildirib ki, bizə zəruri transformasiyaya nail olmaq üçün məhz bu tip rəhbərlik lazımdır. Hamımız COP29-un irəli sürüləcək iddialı təkliflərlə uğurlu olmasını gözləyirik.

Bütün yuxarıda qeyd edilənləri ümumiləşdirib əminliklə deyə bilərik ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl enerji”yə keçidinin sürətlənməsinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcək.

Nigar Orucova, “İki sahil”