NATO-nun Baş katibi: Bu konfrans beynəlxalq ictimaiyyətə qlobal istiləşmə, iqlim dəyişikliyi, maliyyələşmə kimi bir sıra vacib məsələlərlə bağlı qərar vermək üçün platforma rolunu oynayacaq
Ölkəmiz 2024-cü ildə daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsinə dair qərar qəbul edilib. Ümumiyyətlə, son 20 ildə Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti sayəsində ölkəmizdə keçirilən çox əhəmiyyətli beynəlxalq tədbirlər Azərbaycanın nüfuzunu artırıb və geosiyasi mövqelərini möhkəmləndirib.
Hətta bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı danışıb. O, əvvəlcə ölkəmizin etibarlı enerji tərəfdaşı olduğunu vurğulayıb: «Azərbaycanla NATO arasında praktiki tərəfdaşlıq və siyasi dialoq mövcuddur. Azərbaycan həm də NATO üçün enerji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli ölkədir. Xüsusilə Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edən Rusiya NATO müttəfiqlərini çəkindirmək üçün təbii qazdan alət kimi istifadə etməyə başladıqdan sonra bu, daha çox vacibdir. Azərbaycan tərəfdən artan qaz tədarükü NATO müttəfiqlərinin qaz təminatçısı kimi Rusiya asılılığından azad olmasına imkan yaradıb. Bu proses çox sürətli oldu və çox çətin şəraitdə kifayət qədər yaxşı alındı. Azərbaycan qazının ixracının 12 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması ilə bağlı tələbat var. Bu, Avropa qaz tələbatının vacib tərkib hissəsidir və Azərbaycandan gələn qaz bir sıra müttəfiqlər üçün çox vacibdir. Mən, həmçinin təkcə təbii qaz deyil, həmçinin elektrik kabelləri vasitəsilə enerji ixracı sahəsində atılan addımları yüksək qiymətləndirirəm. Azərbaycan tərəfindən enerjinin birbaşa ixracı gələcəkdə ölkənizin Avropa üçün enerji təminatçısı kimi rolunu artıracaq.»
NATO rəhbəri, həmçinin Azərbaycanın külək və günəş enerjisi vasitəsilə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində əldə etdiyi uğurlardan danışıb: « Bununla Azərbaycan böyük enerji keçidi edə bilər. İqlim dəyişikliyi ilə mübarizə aparmaq istəyirsinizsə, bu, baş verməlidir. Bu kontekstdə COP29-un Azərbaycanda keçirilməsi çox vacibdir. Azərbaycan bu ilin noyabrında böyük iqlim konfransı olan COP29-a ev sahibliyi edəcək. Bu konfrans beynəlxalq ictimaiyyətə qlobal istiləşmə, iqlim dəyişikliyi, maliyyələşmə kimi bir sıra vacib məsələlərlə bağlı qərar vermək üçün platforma rolunu oynayacaq. Böyük enerji keçidini təmin etmək üçün böyük investisiyalar çox vacibdir.»
Göründüyü kimi, Azərbaycan bu günədək çoxsaylı beynəlxalq konfransların, irimiqyaslı, mötəbər tədbirlərin keçirilməsinə müvəffəq olmaqla beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Eyni zamanda, bu gün Bakı şəhəri yaradılmış bütün infrastruktur imkanları baxımından mötəbər beynəlxalq tədbirlərin müvəffəqiyyətlə keçirilməsi, eləcə də ölkəyə gələn bütün yüksək səviyyəli qonaqların qəbul olunması üçün ən yaxşı məkanlardan biri hesab olunur.
COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün artıq ciddi hazırlıqlara başlanılıb. Belə ki, 2023-cü ilin dekabrın 15-də Prezident İlham Əliyev bu tədbirlə bağlı keçirdiyi müşavirədə hökumətə lazımi tapşırıqlarını verib. Ölkəmizin başçısı müşavirədə bu barədə deyib: «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq.»
Bu, bir önəmli faktdır ki, 1994-cü ildə «Əsrin müqaviləsi»nə imza atmaqla dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan Dördüncü Sənaye İnqilabının baş verdiyi əsrdə də özünün energetika siyasətini uğurla «yaşıl enerji» istiqamətinə yönləndirir. Xüsusilə Vətən müharibəsindən sonra ölkəmiz «yaşıl iqtisadiyyat»ın təşviqi və «yaşıl enerji»nin istehsalı sahəsində bir sıra vacib meqa layihələrə imza ataraq dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. Bu mənada Azərbaycan neft və qazdan əlavə istehsal edilən alternativ enerjinin xaricə nəql olunması istiqamətində tərəfdaş ölkələrlə mövcud əməkdaşlığı daha da genişləndirir.
Bu il gerçəkləşəcək COP29-da da ölkəmizin əsas hədəfi « yaşıl enerji» növlərinin yaradılması və onların dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirməkdir. Burada diqqət çəkən məqamlardan biri də tədbirin Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin mütləq çoxluğunun mənəvi və siyasi dəstək verməsidir. Çünki Prezident İlham Əliyevin bu günədək yürütdüyü geosiyasi siyasətin dürüstlüyü və verdiyi vədlərə sadiqliyi xarici ölkələrin Azərbaycan dövlətinə və onun rəhbərinə inamını hər gün artırır.
Doğrudur, erməni diasporu və xarici ölkələrdəki bəzi siyasi qüvvələr Azərbaycana qarşı təxribatçı hərəkətlərini davam etdirməkdədirlər. Prezident İlham Əliyevin dediyi kimi, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Belə ki, 2024-cü ildə dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən birinin Azərbaycanda keçirilməsi Fransadakı erməni havadarlarını ciddi narahat edib. Məhz buna görə də COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə müraciət imzalayıblar. Maraqlıdır ki, rəsmi İrəvan Azərbaycanın xeyrinə COP29 konfransına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürdyü, hətta Ermənistan rəhbərliyi Azərbaycanla birbaşa danışıqlar apardığı halda Fransa erməniləri açıq şəkildə bu prosesi pozmağa çalışırlar. Ancaq onlar ölkəmizin qüdrəti və möhtəşəm nüfuzu qarşısında gücsüzdürlər. Elə ona görə də COP29-un Azərbaycanda keçirilməsinə mane ola bilmədilər.
Ölkəmiz bu mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. Eyni zamanda, COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən bir neçə gün ərzində qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkənin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir.
Təbii ki, COP29 həm də ona görə nəhəng beynəlxalq tədbir hesab edilir ki, burada iştirakçıların sayının təqribən 70-80 min ola biləcəyi proqnozlaşdırılır. Bu da bir önəmli faktdır ki, bu qədər qonağı qəbul etmək və onları yerləşdirmək böyük iqtisadi güc tələb edir. Lakin Azərbaycan dövləti ötən illərdə müxtəlif mövzularda keçirdiyi möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən ən güclü turizm infrastrukturu yaradıb. Bu səbəbdən də həm malik olduğumuz təcrübə, həm də geniş infrastrkutur COP29-un yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Bir sözlə, COP29 ölkəmiz üçün yalnız nüfuz deyil, həm də öz yüksək potensialını təqdim eimək imkanı olacaqdır.
Elçin Zaman, «İki sahil»