Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Yaponiya və ABŞ arasında faktiki hərbi ittifaq artıq mövcuddur.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, jurnalistlərdən biri ondan Yaponiyanın baş naziri Fumio Kişidanın ABŞ-la müdafiə alyansı yaratmaq planları ilə bağlı sözlərinə münasibət bildirməsini xahiş edib.

"Burada heç bir dönüş yoxdur, əslində, de-fakto müdafiə ittifaqı artıq mövcuddur", - Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi ABŞ-ın “sərhədlərimizə yaxın” Yaponiya ərazisində yerləşən hərbi potensialından xəbərdardır. Eyni zamanda, Peskov bunun sülh müqaviləsi probleminin həlli cəhdlərində həmişə əngəl olduğunu vurğulayıb.

Yaponiyanın “Kyodo” agentliyinin daha əvvəl yazdığı kimi, ABŞ hərbi komandanlığı Yaponiyadakı silahlı qüvvələrinin qərargahının funksiyalarını genişləndirmək niyyətindədir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Sergey Jiostki bəyan edib ki, Rusiya ilə Yaponiya arasında münasibətlərin bünövrəsi demək olar ki, tamamilə məhv edilib.