Elektron siqaret istənilən halda tütünçəkməni dəstəkləyir, üstəlik onun tərkibindəki kimyəvi maddələr bəzi xəstəliklərin yaranmasına da zəmin yaradır. Aparılan tədqiqatlar göstərir ki, bəzi elektron siqaretlərin tüstüsündə toksik maddələrin səviyyəsi hətta siqaret qədər olur, çünki onun tərkibində kanserogen maddələr var.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirdi.

Tofiq Musayev qeyd etdi ki, həmin zərərli maddələrin hüceyrədaxili təsiri ola bilər və onlar da xərçəng xəstəliyinə səbəb olan amilləri gücləndirə bilər.Həmçinin, eyni elektron siqaretdən şərikli istifadə, yəni bölüşdürülərək və ya növbə ilə çəkilməsi infeksiya mənbəyi rolu oynaya, o cümlədən vərəmin yayılmasına səbəb ola bilər.
Elektron siqaretlərin kartricləri ilə əlaqədar da təhlükəli məlumatlar var. Bəzi uşaqlar bilmədən onu udaraq toksik təsirə məruz qalırlar.
Yaqut Ağaşahqızı “İki sahil”