17 may 2024 18:45
823

Burada insan yaşamışdır...

 “Azıx mağarasının girişindəyik... Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik... “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

İlham Əliyev,
Azərbaycan Respublikasının  Prezidenti

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov ötən əsrin 70-ci illərinin əvvəllərindən 80-ci illərin sonlarına, yəni ermənilərin Qarabağ avantürası başlayanadək Azıxda və digər qədim insan düşərgələrində aparılan tədqiqatların fəal iştirakçısı olub. Prezident İlham Əliyev 2021-ci il martın 15-də Azıx  mağarasının qarşısında bu unikal tarixi irs nümunəsindən danışarkən tərkibində  Ə.Cəfərovun da  olduğu Paleolit arxeoloji ekspedisiyasının və onun rəhbəri,  dünya şöhrətli  arxeoloq-alim,  professor Məmmədəli Hüseynovun fəaliyyətini yüksək qiymətləndirmişdir.
Professor Əsədulla Cəfərov “İki sahil” qəzetinə müsahibəsində bu bölgənin yaşı milyon  illərə  söykənən zəngin maddi-mədəniyyət  nümunələrindən, 33 illik fasilədən sonra Qarabağda olarkən gördüklərindən, çalışdığı elmi-tədqiqat institutunun yaxın gələcəkdə bu ərazilərdə qazıntı işlərinin bərpası ilə bağlı perspektiv planlarından söhbət açır.

Müsahibimiz haqqında qısa məlumat:  Əsədulla Qüdrət oğlu Cəfərov 1949-cu ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1967-1973-cü illərdə ovaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)  Tarix fakültəsinin axşam şöbəsində oxuyub. 1968-ci ildə  AMEA-nın Geologiya İnstitutunun Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyində əmək fəaliyyətinə başlayıb. 1971-ci ildən Akademiyanın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışır. 1994-cü ildən bu elmi müəssisənin Daş dövrü arxeologiyası şöbəsinin müdiridir.  Eyni zamanda, 1975-1977-ci illərdə SSRİ Elmlər Akademiyası (EA) Arxeologiya İnstitutu Leninqrad bölməsində təcrübəçi-tədqiqatçı işləyib.  1979-cu ildə  sözügedən institutun Leninqrad bölməsinin Elmi Şurasında müvəffəqiyyətlə dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1980-ci ildə “Azərbaycanın Mustye mədəniyyəti” monoqrafiyasına görə elm və texnika sahəsində Respublika Komsomolu Mükafatına layiq görülüb. 1992-ci ildə AMEA Tarix İnstitutunun Elmi Şurasında “Azərbaycanın orta paleoliti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Professor Ə. Cəfərov 2001-ci ildə Fransanın Totavel şəhərində keçirilən Beynəlxalq konfransda İNTAS-2000 Proqramının Azərbaycan üzrə əlaqələndiricisi seçilib.  2001-ci və 2003-cü illərdə Fransada Avropa alimləri ilə 3 ay müddətində birgə elmi-tədqiqat işləri aparıb və Qarabağın qədim tarixinə aid elmi məruzələrlə çıxış  edib. 2002-ci ildə “Azərbaycanın 100 görkəmli alimi” müsabiqəsinin qalibi olub.  2015-ci ildə Avropa Nəşr Mətbu Evi Mükafat  Komissiyasının qərarı ilə Qarabağın qədim tarixinin öyrənilməsində, o cümlədən bu bölgənin Azıx, Tağlar, Şuşa, həmçinin Naxçıvanın Qazma paleolit düşərgələrində apardığı uğurlu elmi-tədqiqat işlərinə, çoxsaylı elmi-publisistik əsərlərinə, fəal ziyalı mövqeyinə, milli-mənəvi dəyərlərimizin qorunmasında, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və arxeologiya elminin inkişafında xidmətlərinə görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülüb. 3 monoqrafiyanın, 6 kitabın və 147 elmi məqalənin müəllifidir. 

75 yaşın zirvəsindən geri boylanarkən...

- Əsədulla müəllim, avtobioqrafiyanızla tanışlıqdan belə məlum olur ki,  görüşümüz 75 illik yubileyiniz ərəfəsinə təsadüf edir. Əgər etiraz etməsəydiniz söhbətimizə elə bu məsələdən başlayardıq. Bu gün artıq qət etdiyiniz 75 ilin zirvəsindən dönüb geriyə baxanda keçdiyiniz ömür yolunun qürurverici və təəssüfləndirici anlarını necə xatırlayırsınız?

-Bir halda ki, söhbətimizə 75 illiyimlə bağlı sualla başladınız, təvazökarlıqdan uzaq olsa da bir faktı mütləq qeyd etməliyəm.  Nə qədər ki  ərazilərimizin 20 faizi  düşmən tapdağı  altında idi,  Qarabağın və Şərqi Zəngəzurun hər qarışına yaxından bələd olan bir insan, alim və nəhayət, ziyalı kimi qətiyyən doğum günümü qeyd etmək haqqında düşünmürdüm. Çünki 1969-cu ildən başlayaraq 1987-ci ilin sonuna kimi unudulmaz müəllimim, bütün mənalı  ömrünü Azərbaycan tarix və arxeologiya elminin inkişafına həsr etmiş professor Məmmədəli Hüseynovla birlikdə Füzuli, Şuşa, Hadrud, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və digər rayonlarımızın ərazilərini necə deyərlər,  qarış-qarış gəzmişəm. 1988-ci ilin fevralından, yəni erməni millətçi- daşnaklarının Azərbaycana qarşı zaman-zaman gizli şəkildə körüklədikləri  ərazi iddialarını reallaşdırmağa başladıqları andan ta İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazandığımız 2020-ci ilin 10 noyabrınadək ürəyim daim itirilmiş torpaqlarımıza qovuşmaq amalı ilə  döyünüb. Bu səbəbdən də həmin müddətdə heç vaxt hətta ailə səviyyəsində belə ad günlərimi, yubileylərimi keçirməmişəm.

Sualınıza birbaşa aidiyyəti olmasa da bir faktı xüsusi vurğulamalıyam. Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı ürəyimə dammışdı ki, tezliklə işğal altındakı tarixi torpaqlarımız öz əzəli sahiblərinə qovuşacaq. Məhz buna görə də  həmin vaxt tamamlayıb nəşrinə nail olduğum “Qarabağın paleolit düşərgələri” adlı kitabımı Aprel döyüşlərinə həsr etmişdim. Eyni zamanda, əhd eləmişdim ki, həmin ərazilər azad olunandan sonra bu kitabımı şəxsən özüm aparıb öz əlimlə oradakı bütün tarix-diyarşünaslıq muzeylərinə, məktəblərə, kitabxanalara  təqdim edəcəyəm. Uca Tanrıya çox şükürlər olsun ki, qətiyyətli Prezident, yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlayan  44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən, ötən il sentyabrın 20-də isə birgünlük lokal antiterror tədbirləri nəticəsində  Qarabağdakı separatçı-terrorçu xunta rejiminin tarixin zibilliyinə atılmasından sonra bir qərinəyə yaxın sürən torpaq nisgilimizə son qoyuldu. Bu əzəli torpaqlarımızda həyat tam bərpa ediləndən sonra  inşAllah, ikinci əhdimə də yetişəcəyəm.

Birbaşa sualınızın cavabına gəlincə, xahiş edirəm, söyləyəcəklərimi özündən razılıq əlaməti kimi yozmayın. Əvvəlcə onu deyim ki, keçdiyim  75 illik yola  bu günün prizmasından baxanda bütün həyatım, necə deyərlər,  kino lenti  kimi gözlərim önündə canlanır. Allah-Təalanın lütfkarlığı sayəsində  57 illik zaman kəsiyini əhatə edən  elmi fəaliyyətim dövründə birbaşa özümlə bağlı hansısa təəssüfləndirici məqamların olduğunu xatırlamıram. Yəni, bu müddətdə zəhmətkeş bir alim nəyi edə bilərdisə hamısını etmişəm.  Beş  il öncə, hələ ərazilərimizin 20  faizi murdar düşmənin tapdağı altında olan zaman “Qarabağ: Ulu Vətənimiz” adlı kitab yazdım ki, Əsədulla müəllim dünyadan köçəndən sonra  yadigar qalsın. Gələcək nəsillər bu kitabdan ulu  Vətənimiz Qarabağ haqqında əsl həqiqətləri öyrənib  qisasımızı qiyamətə qoymasınlar. Yenə də Allaha çox-çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımızın və rəşadətli ordumuzun misilsiz qəhrəmanlıqları sayəsində sağlığımda Qarabağla bağlı arzularım, niyyətlərim çin oldu.  Bu kitabda erməni şovinistlərinin və onların  havadarlarının fitvası ilə Qarabağ avantürasının başlanmasından keçən 30 ildə mənim ulu Vətənimizlə bağlı müsahibələrim, görkəmli Avropa və dünya alimlərinin  əsərlərim haqqında fikirləri və elmi məqalələrim dərc olunub. Bu kitabı da inşAllah azadlığına qovuşmuş şəhər və rayonlarımızın  tarix-diyarşünaslıq muzeylərinə, o cümlədən qarşıdakı tədris ilində  azad Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universitetinə hədiyyə edəcəyəm. Artıq bu kitabımın  50 nüsxəsini  Qarabağ Universitetinə bağışlamaq üçün  hazırlamışam.

Zori Balayanın “Ocaq”ı “Quruçay dərəsi”ndə necə söndürüldü?..

 - Demək istəyirsiniz ki, ömrünüzün elmə həsr olunmuş 57 ili hədər getməyib?..

- Bəli, qətiyyən hədər getməyib. 1983-cü ildə çapdan çıxan “Azərbaycanın Mustye mədəniyyəti” adlı monoqrafiyama görə elm və texnika sahəsində Respublika Komsomolu Mükafatına layiq görülmüşəm. Bildiyiniz kimi, barışmaz  antitürk, anti-Azərbaycan xisləti ilə ad çıxaran,  1984-cü ildə nəşr etdirdiyi bədnam “Ocaq” cızmaqarası  ilə Azərbaycan ərazilərinin işğalına ideoloji zəmin yaradan  üzdəniraq “alim” Zori Balayan sözügedən kitabında təkcə Azərbaycan deyil,  bütövlükdə  türk xalqlarının mədəniyyətini, tarixini ləkələmişdi. Mən o ləkəni təmizləmək üçün “Quruçay dərəsində” kitabını yazıb nəşr etdirdim.  Zori  Balayanın cızmaqarasından  fərqli olaraq mən bu əsərimdə real tarixi faktlar və təkzibolunmaz dəlillər əsasında Azərbaycanın qədim dünya sivilizasiyasının  mərkəzlərindən biri  olduğunu sübuta yetirdim. Sonrakı kitablarımda da ümumiyyətlə, Cənubi Qafqaz regionuna gəlmə toplum olan ermənilərin başdan-ayağa saxtakarlıq üzərində qurulmuş qondarma tarixini real faktlar əsasında ifşa etmişəm.

Təbii ki, qarşı tərəf beynəlxalq erməni lobbisinin ruporu olan üzdəniraq Zori Balayanın, əgər belə demək mümkündürsə, “Ocaq”ını söndürməyimi cavabsız qoya bilməzdi. Bundan əlavə, hələ Sovet dövlətinin necə deyərlər, qılınçının dalının da, qabağının da kəsdiyi vaxtlarda, yəni ötən əsrin 80-ci illərinin əvvəllərində ovaxtkı Leninqrad (indiki Sankt-Peterburq) şəhərində təsdiq üçün  təqdim etdiyim “Azərbaycanın orta paleoliti” adlı doktorluq dissertasiyamın 80 faizi Qarabağın Quruçay və Köndələnçay çayları  sahillərində yerləşən Azıx, Tağlar, eyni zamanda, Şuşa paleolit mağaralarından, həmçinin   Naxçıvanın Qazma,  Lerikin Buzeyir, Qazaxın Daşsalahlı, Damcılı düşərgələrindən  tapılmış Mustye mədəniyyəti nümunələrinin  elmi tədqiqinə həsr olunmuşdu. Bu isə həmin  ərazilərimizə iddia edən ermənilərin heç bir fakta, dəlil-subuta əsaslanmayan yalançı tarixinin növbəti  ifşası demək idi. Məhz bu səbəbə görə o vaxtlar keçmiş SSRİ-nin aparıcı elm mərkəzləri sayılan Moskva və  Leninqrad  şəhərlərində kök salmış erməni mafiyası, onun  Bakıdakı uzantıları  10 il doktorluq dissertasiyamın təsdiqinə mane oldular. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə  doktorluq  dissertasiyamı təsdiq etdirə bildim.

Yeri gəlmişkən, Azərbaycanın tarix və arxeologiya elmi üçün son dərəcə mühüm  beynəlxalq əhəmiyyət kəsb edən bir qürurverici faktı xüsusi qabartmaq istəyirəm. Yuxarıda qeyd  etdiyim “Azərbaycanın orta paleoliti” adlı doktorluq dissertasiyamı kitab şəklində çap etdirdikdən  sonra onu dünyanın tanınmış arxeoloqlarına, o cümlədən Fransa, İspaniya, İtaliya və Rusiya alimlərinə göndərdim. Dissertasiya mövzum  bəşər övladının ən qədim yaşayış məskənləri hesab edilən, aşkara çıxarıldığı  coğrafi məkanların adlarına uyğun  olaraq  arxeologiya elmində Aşel və Mustye mədəniyyətləri kimi tanınan ilk ibtidai insan məskənlərinin vətəni  Fransada yüksək qiymətləndirildi. “Azərbaycanın orta paleoliti”  kitabımı və həmin ərəfədə  çap etdirdiyim məqalələri əsas götürərək biz Fransa, İspaniya, İtaliya, Rusiya,  Gürcüstan və Hollandiya  alimləri ilə birlikdə  “İNTAS-2000” adlı Beynəlxalq Proqram hazırladıq. Həmin  proqram 2001-ci il iyulun 3-dən 5-dək Fransada keçirilən beynəlxalq konfransda təsdiq olundu. Mən özüm isə mənzil-qərargahı  Brüsseldə yerləşən Beynəlxalq İNTAS təşkilatının maliyyələşdirdiyi həmin proqramın Azərbaycan üzrə əlaqələndiricisi seçildim.

Qarabağda işıqlı gələcək gördüm...

- Prezident İlham Əliyevin Azıx mağarasını ziyarət etməsindən bir gün sonra-2021-ci il martın 17-də Ulu Tanrı sizə yenidən Qarabağ torpaqlarına ayaq basmağı  nəsib etdi. 33 illik fasilədən sonra nələr gördünüz Qarabağda?..

- Öncə  onu xüsusi vurğulayım ki, cənab Prezidentin 27 il yağı düşmən tapdağı altında qalsa da öz türk milliliyini, əzəmətini qoruyub saxlamış, adı “Avropanın ən qədim sakinləri” xəritəsinə salınmış Azıx mağarasını ziyarət etməsi, həmin qədim insan məskənini aşkara çıxarmış professor  Məmmədəli Hüseynovun əməyini xatırlatması bu unikal  düşərgənin tədqiqində xidmətləri olan bir arxeoloq -alim kimi qəlbimi sevinc və iftixar hissi ilə doldurdu. Birincisi, sevindim ona görə ki, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, artıq “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”  İkincisi, sonsuz iftixar hissi keçirdim o səbəbdən  ki, Azərbaycan paleolitşünaslıq məktəbinin banisi, unudulmaz  müəllimim Məmmədəli Hüseynovun 27 il Qarabağ səmasında dolaşan narahat ruhu nəhayət rahatlıq tapmışdı.

Qarabağda gördüklərimə gəlincə isə 33 illik ayrılıqdan sonra bu ulu torpağımızda şahidi olduqlarımı səfərdən qayıdan günün gecəsi saat 3 radələrində qəflətən yuxudan oyanıb beynimdən keçənləri ağ vərəqə köçürdüyüm “Qarabağda nələr gördüm?!” başlıqlı sərbəst şeirimdə əks etdirmişəm. Halbuki, həmin anadək yaşadığım 72 illik həyatımda bircə misra da olsun şeir yazmamışdım. Şübhəsiz, ürəyimin dərinliklərindən bədahətən süzülüb gələn bu misraların poeziya janrının bütün tələblərinə cavab verməsi iddiasında deyiləm. Amma hər halda bu müsabibəmdə kiçik bir hissəsini təqdim edəcəyim şeirimi möhtərəm oxucularımızın  cənnət Qarabağımızın qədim və müasir tarixinə az-çox bələd olan bir arxeoloq-alimin səmimi hiss və duyğularının təzahürü kimi qəbul etmələrini istərdim...

Qarabağda nələr gördüm?!

Erməni vandallarının viran  qoyduğu şəhərlər, kəndlər gördüm.

Qarabağda nələr gördüm?!

Xarabazara çevrilmiş məbədlər, məscidlər gördüm.

Qarabağda nələr gördüm?!

Alban kilsələrinə vurulmuş saxta yamaqlar gördüm.

Qarabağda nələr gördüm?!

Azərbaycanın qəhrəman əsgərlərinin qan izlərini gördüm.

Qarabağda nələr gördüm?!

33 ildə şəhid olmuş insanların ruhlarını gördüm.

Qarabağda nələr gördüm?!

İşıqlı gələcək gördüm...

Hazırda bu şeir əsasında  eyniadlı kitab üzərində işləyirəm. Ömür vəfa etsə Allahın köməkliyi ilə yaxın gələcəkdə çap etdirmək niyyətindəyəm. Bundan əlavə,  “Azıx dünya arxeologiyasında”, “Qarabağın arxeoloji mədəniyyətləri” adlı kitablarımı da çapa hazırlayıram.

Sanki bu yerlərdən vəhşi qəbilələr keçmişdi...

- Əsədulla müəllim, növbəti sualım bir az ritorik səslənə bilər. Amma hər halda  bilmək istərdim, hər qarışında əlinizin izi, ürəyinizin hərarəti  qalan Azıx  mağarası 33 illik ayrılıqdan sonra obrazlı şəkildə ifadə etməli olsam  sizi necə qarşıladı? Ovaxtkı Azıxla indiki Azıx arasında hər hansı fərqi, dəyişikliyi sezdinizmi? Sizcə, düşmən 30 ilə yaxın müddətdə əsarətdə saxladığı Azərbaycanın bu unikal abidəsini erməniləşdirmək istiqamətində nəyəsə nail ola bilmişdimi?

- İcazə versəydiniz cavabıma sualınızın sonuncu hissəsindən başlayardım.

- Lütfən buyurun.

 - Yaxın  tariximizə qısa ekskurs etməklə xatırlatmaq istəyirəm ki, cənab Prezidentin xidmətlərini yüksək qiymətləndirdiyi  Məmmədəli Hüseynov 1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsində apardığı qazıntılar zamanı əmək alətləri ilə birlikdə az sonra bu görkəmli arxeoloq-alimi və bütövlükdə Azərbaycan tarix elmini dünyada şöhrətləndirən nadir bir nümunə-ibtidai  insanın alt çənə sümüyünün bir hissəsini tapmışdır. Biologiya elmləri doktoru, professor Dəmir Hacıyevin bu unikal tapıntı üzərində apardığı tədqiqatlar nəticəsində həmin çənə sümüyünün təqribən 350-400 min il bundan əvvəl Azərbaycanda yaşamış 18-22 yaşlı qadına məxsus olduğu müəyyən edilmişdir. Sonralar dünya arxeologiya elminə Azıxantrop adı ilə məlum olan bu unikal tapıntı “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Bu məqamda zəruri bir haşiyə çıxmaq istəyirəm. Elə həmin  vaxt Şagen Mkırtıçyan adlı üzdəniraq  “alim” İrəvanda nəşr etdirdiyi “Dağlıq Qarabağın memarlıq abidələri və tarix” adlı “kitab”ında  utanıb-qızarmadan, əsl erməni xislətinə uyğun yazırdı ki, 1968-ci ildə M.Hüseynovun rəhbərliyi ilə Azərbaycan alimlərinin apardıqları tədqiqat nəticəsində Azıx poleolit düşərgəsinin ikinci ən böyük salonundan guya qədim erməni qadınının heykəli tapılmışdır və onun paltarı da müasir erməni qadınının geyiminə bənzəyir. Təbii ki, həmin vaxt başda Məmmədəli Hüseynov olmaqla azərbaycanlı paleolitşünaslar gələcəkdə Azərbaycana qarşı əsassız ərazi iddialarına don geyindirmək məqsədilə tarixi saxtalaşdırmağa çalışan üzdəniraq erməni alimlərinin bu kimi yalan və iftiralarını danılmaz faktlarla ifşa etdilər. Yəni, sözümün canı  odur ki, hələ Sovet dövründə həyasız ermənilər Azıxın həndəvərinə belə hərlənmədikləri halda bu cür gülünc mif uydururdularsa, təsəvvürünüzə gətirin ki, bu ərazilər tamamilə onların nəzarətində olduğu dövrdə nələr ediblər. Təbii ki, onlar işğal illərində “Dərə xəlvət, tülkü bəy” Azərbaycan zərb-məsəlinə uyğun burada at oynadarkən bu qədim insan düşərgəsindən erməni izinə bənzər nəsə tapsaydılar artıq çoxdan bütün dünyanı ayağa qaldırmışdılar.

Ona görə də tam məsuliyyətimlə deyirəm ki, 2001-ci ildən 2009-cu ilə qədər qondarma erməni “tədqiqatçıları” və xarici ölkələrin erməni mafiyasına xidmət edən  üzdəniraq “arxeoloqları” Azıxda qeyri-qanuni tədqiqatlar aparsalar da  heç nəyə nail ola bilməyiblər. Burada qazıntı işləri ilə İngiltərə, İrlandiya və İspaniyadan paleolit dövrünün 5-ci, 7-ci dərəcələri mütəxəssisləri məşğul olublar. Əslində buna heç arxeoloji tədqiqatlar da demək olmaz. Yəni, ermənilər və onlara xidmət edən üzdəniraq “xarici mütəxəssislər” bu ibtidai insan düşərgəsini  əsl göreşənlərə xas üsullarla  eşməklə Azıxın stratiqrafiyasına dağıdıcı zərbə vurublar.  Bu vandallar  vaxtilə bizim arxeoloji tədqiqat apardığımız  cənub giriş yolunda stratiqrafiyanı tamamilə dağıdıblar. Ondan 15-20-35 metr aralıda yerləşən  ikinci sahədən isə erməni quldurları 1991-1999-cu illərdə silah anbarı kimi istifadə ediblər. Azıxın şimal yolundan 10 metr cənuba doğru ərazidə düşmən tərəfindən partladılan qumbara mağaranın  bir hissəsinin tavanını  dağıdıb. Bir sözlə, işğal dövründə Azıxın başına gətirilənlər çox dəhşətli, ürəkparçalayan  mənzərə qoyub ortaya. Ermənilərin işğal dövründə altını-üstünə çevirdikləri bəşər sivilizasiyasının beşiklərindən biri  olan Azıx  məni sualınıza uyğun obrazlı ifadə etməli olsam, bax  beləcə çox kədərli, qəmgin vəziyyətdə qarşıladı. Həmin gün dərin sükuta qərq olmuş bu mağarada vaxtilə bizim əcdadlarımızın yaşadıqlarını gözlərim önünə bətirəndə keçirdiyim hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm...

İşğaldan əvvəlki Azıxla bügünkü Azıxın fərqinə gəlincə,  hesab edirəm ki, cənab Prezident İlham Əliyevin tarixi torpaqlarımızda ermənilərin törətdikləri vandallıq əməlləri haqqında “Sanki bu yerlərdən vəhşi qəbilələr keçib” ifadəsini bütövlükdə bu nadir təbiət abidəsinə  də aid etmək olar. Təbii ki, belə bir şəraitdə yırtıcılığına, qeyri-bəşəri  əməllərinə görə daş dövrü qəbilələrindən seçilməyən, hətta deyərdim ki, onlardan da betər vəhşilik nümayiş etdirən  bugünkü erməni vandallarının viran qoyduqları bu  nadir tarixi mədəniyyət abidəsinin işğaldan əvvəlki durumu ilə hazırkı vəziyyətini müqayisə etmək sadəcə mümkün deyil.

“İNTAS-2000” Proqramı, Aşel, Mustye  mədəniyyətləri  və...

- Söhbətimizin əvvəlində qısa şəkildə Aşel və Mustye mədəniyyətlərindən, həmçinin  “İNTAS-2000” Beynəlxalq Proqramından bəhs etdiniz. Bu məsələlər barədə bir qədər geniş məlumat verə bilərsinizmi?

- Məmnuniyyətlə. Məlumdur ki, dünya paleolit məktəbinin əsası hələ XVIII əsrdə Fransada qoyulub. İlk ibtidai insan düşərgələri Fransa ərazisində aşkar edildiyinə görə bu ölkə dünya paleolit məktəbinin özəyi hesab olunur. Rus, ingilis, eyni zamanda, Azərbaycan alimləri zaman-zaman  fransızların tədqiqatlarından bəhrələniblər. Fransaya getmək, bu ölkədəki paleolit düşərgələrində tədqiqatlar aparmaq  rəhmətlik Məmmədəli müəllimin ən böyük arzusu idi. O, tez-tez  elmi məclislərdə deyirdi ki, Əsədulla müəllim Leninqrad məktəbini qurtarıb, paleolit dövrü üzrə gözəl mütəxəssisdir. Mən Fransaya gedə bilmədim. İnanıram ki, Əsədulla müəllim mənim bu arzumu reallaşdıracaq. Təkcə Fransada deyil, ümumiyyətlə, beynəlxalq səviyyəli başqa mötəbər elmi konfrans və simpoziumlarda Azıx, Tağlar və Azərbaycanın digər paleolit düşərgələri haqqında sanballı məruzələr edəcək.

 Yuxarıda vurğuladığım kimi, nəhayət, “İNTAS-2000” Beynəlxalq Proqramının Azərbaycan üzrə əlaqələndirici olaraq Məmmədəli müəllimin həmişə arzuladığı  Fransaya ezam edildim və 2001-2003-cü illərdə bu ölkənin bir sıra elmi-tədqiqat mərkəzlərində, arxeoloji tədqiqatlar aparılan məkanlarında işlədim.  Bu ölkənin məşhur Avropa Tədqiqatlar Mərkəzində, Fransanın cənubunda yerləşən və qədim insan məskənlərindən biri olan Totavel şəhərində  Azərbaycanın Azıx, Tağlar və digər paleolit düşərgələrindən tapılmış maddi-mədəniyyət nümunələri haqqında sistemli elmi məruzələrlə çıxış etdim.  Məhz mənim dəvətim əsasında 2001-ci ilin sentyabr-oktyabr aylarında fransalı  Henri Dölümleyin rəhbərliyi ilə Avropanın, o cümlədən  Fransanın, İtaliyanın, İspaniyanın dünya şöhrətli 25 arxeoloq-alimi  Bakıya gələrək  Azıxdan, Tağlardan və Azərbaycanın digər paleolit düşərgələrindən tapılmış maddi- mədəniyyət qalıqları ilə əyani tanış oldular. Bu məqamda son dərəcə qürurdoğurucu bir faktı xüsusi vurğulamağı özümə borc bilirəm. Mənim avropalı alimlərlə birgə apardığım tədqiqatlar sübut etdi ki, Quruçay-Köndələnçay çaylarının sahillərində ibtidai insanlar əvvəllər təxmin edildiyi kimi  1 milyon il deyil, 2,5 milyon il bundan əvvəl yaşamağa başlayıblar.

Sivilizasiya ilə neokolonializmi bir çərçivəyə sığışdırmaq olarmı?..

- Fransadan söz düşmüşkən, təəssüf ki, bəşər sivilizasiyasının formalaşmasında müstəsna yeri və rolu olan, Azərbaycan ərazisində aşkara çıxarılmış Quruçay mədəniyyəti nümunələri ilə eynilik təşkil edən Aşel və Mustye mədəniyyətlərinin təşəkkül tapdığı  bu  ölkə hazırda bütün dünyada antibəşəri siyasətin daşıyıcısı kimi tanınmaqdadır. Ötən əsrdə bu dövlət Afrika qitəsində əsarət altında saxladığı bir sıra ölkələrin xalqlarına qarşı həyata keçirdiyi dəhşətli soyqırımı siyasətini XXI əsrdə neokolonializm formasında davam etdirir. Bu iyrənc siyasətin müəllifi, bütün dünyada qatı ermənipərəst dövlət başçısı kimi tanınan  Emmanuel Makron günümüzdə neokolonializmi Cənubi Qafqaza, xüsusilə Azərbaycana transfer etmək üçün dəridən-qabıqdan çıxır...

- Çox vacib, hətta deyərdim ki, son dərəcə aktual məsələyə toxundunuz. Həqiqətən də bu gün daxili və xarici siyasətində  ermənidən də betər ermənilik nümayiş etdirən Prezident Makronun yeritdiyi neokolonializm xətti Fransanın bəşər sivilizasiyasının beşiklərindən biri olması statusu ilə qətiyyən bir çərçivəyə sığmır. Makronun bu gün neokolonializm siyasətini Cənubi Qafqaza transfer etmək cəhdinə gəlincə, deməliyəm ki, bunun bir sıra səbəbləri var. Fikrimcə, birinci  səbəb Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsidir.  Bəli, bu, bir  faktdır ki, 44 günlük Vətən müharibəsindən, xüsusulə son aylaradək başda Fransa və ABŞ olmaqla bir sıra  Qərb dairələrinin əlində Azərbaycana qarşı ən güclü təsir vasitəsi olan Xankəndidəki separatçı-terrorçu rejimin tarixin zibilxanasına atılması ilə nəticələnən ötən ilin sentyabrındakı 23 saatlıq lokal antiterror tədbirlərindən sonra düşmənlərimizin sayı daha da çoxalıb. İkinci səbəb zənnimcə, onunla  bağlıdır ki, ümumiyyətlə, tarixdən bixəbər olan Makron Fransada  artıq bir əsrdən çoxdur ki, dərin kök salmış erməni mafiyasının güclü təsiri altındadır. Əgər Makron erməni lobbisinin təsir dairəsindən çıxıb təmsil etdiyi ölkənin tarixinə nəzər salsa görər ki, Fransa ərazisi qədim sivilizasiyanın beşiklərindən  biri olub. Amma onun siyasi korluğu və karlığı belə bir addımı atmasına imkan vermir.  Bu gün Fransa,  ABŞ və digər Qərb dövlətlərinin Azərbaycana qarşı  total diplomatik hücumlarının  bir səbəbi də açıq demək lazımdır ki, bizim hələ də zəngin tariximizə tam sahib çıxa bilməməyimizlə əlaqədardır. Yəni,  biz  öz qədim tariximizi xaric bir yana qalsın, hətta ölkə daxilində belə lazımi səviyyədə təbliğ edə bilmirik.  Bu məqamda bir faktı xüsusi vurğulamaq istəyirəm. Mərhum akademik Tofiq Köçərli yazırdı ki, erməni mafiyasına xidmət edən qüvvələr xarici ölkələrdə saxta erməni soyqırımına dair 29 mindən artıq kitab nəşr etdiriblər. Lakin Azərbaycan və bütövlükdə türk dünyasının alimləri  bununla bağlı cəmi 130 adda kitab çap etdirə biliblər. Bax, bu səbəbdən də hazırda dünyada, o cümlədən Makron Fransasında erməni yalanları ayaq tutub yeriyir. Bizim həqiqətləri isə təəssüf ki, eşidən yoxdur.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin 12 yanvar  2004-cü il tarixli Sərəncamına əsasən,  altı cildlik Azərbaycan arxeologiyası  kitabı  latın qrafikası ilə yenidən nəşr edilməli idi. Təəssüf ki, indiyədək onun cəmi 3 cildi işıq üzü görüb. Digər 3 cildi isə 20 il ötməsinə baxmayaraq hələ də nəşr edilməyib.  Hesab edirəm ki, əgər biz real faktlara və gerçəkliklərə əsaslanan zəngin tariximizin xarici ölkələrdə layiqincə təbliğinə nail olsaq Fransanı, ABŞ-ı və Qərbin digər mürtəce dairələrini bu məsələyə ikili standartlarla yanaşmaq siyasətindən əl çəkməyə məcbur edə bilərik . Çünki aqillərimiz demişkən,  ağıl olan yerdə zora, qılınca ehtiyac yoxdur.  Unutmamlıyıq ki, dünyamızı bu gün yaşadığı faciələrdən makronların zora əsaslanan müstəmləkəçilik siyasəti deyil,  elm, mədəniyyət və savad xilas edəcək.

Şuşada həyat nə vaxtdan başlayıb?..

- Qarabağdakı paleolit düşərgələrindən söhbət açarkən Azıx və Tağlarla yanaşı,  Şuşanın da adını çəkdiniz. Məgər Şuşada da paleolit düşərgəsi var?

 - Tərəddüdünüzü başa düşürəm. Məsələ burasındadır ki, zaman-zaman Şuşa ərazisində insanların məskunlaşması tarixinin eramızın XVIII  əsrinə təsadüf etməsi barədə fikirlər söylənilib. Hətta günü bu gün də Şuşanın əsasının 1750-ci ildə Qarabağ xanı Pənahəli xanın məşhur qala divarlarını inşa etdirməsi ilə qoyulduğunu iddia edənlər var. Açığını deyim ki, 1971-ci ilə qədər mən də bu fikirdə idim. 1971-ci ilin iyulunda Məmmədəli Hüseynovun rəhbərlik etdiyi və tərkibində mənim də olduğum  Paleolit arxeoloji ekspedisiyasının apardığı qazıntılar nəticəsində Daşaltı çayının sol sahilində, Cıdır düzünün altında qədim insanların yaşadıqları mağara aşkara çıxarıldı. Eyni zamanda, həmin Şuşa mağarasının qarşısında Antik dövrlərə aid  qala divarı qeydə alındı. 1971-1973-cü illərdə həmin düşərgədə apardığımız qazıntı  nəticəsində 5 arxeoloji təbəqə müəyyən olundu. Birinci və ikinci təbəqələrdən eneolit dövrünə, üçüncü, dördüncü və beşinci təbəqələrdən isə həm Mustye, həm də Aşel mədəniyyətlərinə aid maddi-mədəniyyət qalıqları tapıldı. Lakin sonralar mədəni təbəqələr arasında çöküntü  baş verdiyinə görə qazıntı bir müddət dayandı. Daha sonralar isə məlum hadisələrə, yəni Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə proses yarımçıq qaldı.

Azıx və Tağları reanimasiyadan çıxarmaq, Şuşa düşərgəsində, eyni zamanda, Qarabağın  və Şərqi Zəngəzurun digər ərazilərində- Kəlbəcərdə, Laçında, Cəbrayılın dağlıq ərazilərində tədqiqat işləri aparmaq və Azərbaycanın ilk ulu sakinlərinin yayılma arealını müəyyən etmək bu gün arxeoloqlarımızın  qarşısında duran ən mühüm vəzifələrdən biridir.

 Qarabağın hər daşının altında bir tarix yatır

-Erməni təcavüzünə qədər Qarabağ dünya miqyasında yalnız elmi dairələrdə, məsələn, deyək ki, Azıx mağarasına görə tanınırdı. Amma bu gün Qarabağ artıq beynəlxalq səviyyədə fenomenə çevrilib. Bu fikirlə razısınızmı?

- Bəli, tamamilə razıyam. Ümumiyyətlə, mən bu düşüncədəyəm ki, Qarabağın hər daşının altında bir tarix yatır. Şübhəsiz, belə bir unikal diyarın erməni vandallarının caynağından qurtulması bütün bəşəriyyətə böyük töhfədir. Biz bu gün beynəlxalq aləmə bu fikri çatdırmalıyıq ki, Qarabağ bölgəsi təkcə coğrafi məkan, iqtisadi rayon deyil, həm də qədim tarixdir.  

Erməni vandallarının dağıdıcı izləri olduğu kimi saxlanılmalıdır

- Sizcə, Qarabağın həm də qədim tarix olduğunu beynəlxalq aləmə daha dolğun şəkildə çatdırmaq  üçün nə etməliyik? Şəxsən özünüzün və  təmsil etdiyiniz elmi müəssisənin bu gün hər qarışı cənnətməkana çevrilən, decdiyiniz kimi, hər daşının altında bir tarix yatan Qarabağ torpaqlarının alt qatındakı  əvəzsiz maddi-mədəniyyət nümunələrimizi tam şəkildə aşkara çıxarmaq üçün hər hansı təklifləriniz, perspektiv planlarınız varmı?

-  Bu sahədə az-çox təcrübəyə malik mütəxəssis kimi şəxsi qənaətim belədir ki, Qarabağın həm də qədim tarix olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ilk növbədə  bu işin öhdəsindən gələ biləcək milli kadrlar yetişdirmək vacibdir. Elə kadrlar ki, dünyanın istənilən nöqtəsində Qarabağın bəşər sivilizasiyasının tərkib hissələrindən, ilk insan məskənlərindən biri olduğunu fərqli auditoriyalara müxtəlif dillərdə, konkret faktlar, sübutlar əsasında çatdıra bilsinlər. Fikrimcə, ali məktəblərin tarix fakültələri ilə AMEA-nın elmi-tədqiqat institutlarının əməkdaşlığı və təcrübə mübadiləsi bu cür kadrların hazırlanmasında mühüm rol oynaya bilər.  Ona görə də təklif edərdim ki, AMEA-da çalışan təcrübəli  alimlər öz işlərindən əlavə respublikanın ali məktəblərində dərs deməklə zəngin biliklərini, təcrübələrini gənc tarixçi-arxeoloqlara öyrətsinlər. Ali məktəblərdən savadlı professorlar, fəlsəfə doktorları isə AMEA-da dissertantlara rəhbərlik etsinlər. 

 O ki qaldı Qarabağ torpaqlarının dərin qatlarında “yatan” zəngin maddi-mədəniyyət nümunələrinin tam şəkildə aşkara çıxırılması ilə bağlı planlara və təkliflərə, deməliyəm ki, biz bu prosesə Vətən müharibəsindən dərhal sonra start vermişik. Hazırda bununla bağlı geniş planlar üzərində iş gedir. Bu yaxınlarda institutun  Elmi Şurasında Qarabağda və Şərqi Zəngəzurda  Daş dövründən tutmuş son orta əsrlərə qədər əvvəllər aparılmış tədqiqatların sistemli surətdə davam etdirilməsinə həsr olunan xüsusi iclas keçiriləcək. Eyni zamanda, mən özüm institutun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, Azıx, Tağlar, Şuşa və Qarabağın digər paleolit düşərgələrinin tədqiqatçısı kimi təkliflərimi AMEA-nın rəhbərliyinə təqdim etmişəm. Təklif etmişəm ki, işğaldan azad olunmuş ərazilərdə qazıntılara başlanmamışdan öncə xüsusi ekspert qrupları tərəfindən bu yerlərdəki daş dövrü abidələrinin, alban kilsələrinin, kurqanların, təpələrin, qalaların və digər qədim tarixi abidələrin  ciddi monitorinqi aparılsın. Bilirsiniz ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən işğal illərində erməni goreşənlərinin Azıxda və Tağlarda apardıqları qeyri-qanuni qazıntılarla bağlı cinayət işi qaldırıılıb və hazırda onun istintaqı gedir. Zənnimcə, həmin cinayət işinin istintaqını aparan müstəntiqlərin də xüsusi ekspert qruplarının tərkibinə daxil edilməsi məqsədəuyğun olardı. Bu baxımdan hesab edirəm ki, erməni vandallarının bəşər sivilizasiyasının başlanğıcına aid olan Azıx, Tağlar  və digər paleolit düşərgələrimizdəki dağıdıcı izləri olduğu kimi saxlanılmalıdır. Çünki zaman keçəcək üzdəniraq erməni “tarixçi-arxeoloqları” və onlara xidmət edən xarici qüvvələr işğal dövründə  özlərinin bu qədim insan məskənlərində törətdikləri vandalizm aktlarını bizim adımıza yazmağa cəhd edəcəklər. Ona görə də biz vandal erməni goreşənlərinin məhv etdikləri maddi-mədəniyyət nümunələrimizin qalıqlarını toplamalı, sənədləşdirməli, onların fotolarını çəkməli və gələcək nəsillərə saxlamalıyıq. Qoy gələcək nəsillərimiz görsünlər ki, biz son iki əsrdə  necə vəhşi, yırtıcı, goreşən xislətli, bəşər tarixində analoqu olmayan bir düşmənlə üz-üzə qalmışıq.

- Əsədulla müəllim, maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.

Müsahibəni apardı: Əhməd Qurbanoğlu, “İki sahil”