Dünyanın indiki bu xaos durumunda hansı ölkələr fövqəlgüc statuslarını qoruya biləcəklər?
Hazırda dünyada beynəlxalq səviyyədə tanınmış 195 müstəqil dövlət var ki, onlardan 193-ü BMT-nin üzvüdür. Mövcud qlobal iqtisadi göstərici isə ondan ibarətdir ki, 195 ölkədən yalnız 10-u dünya iqtisadiyyatında fövqəlgücdür.. Bunlar ABŞ, Çin, Almaniya, Yaponiya, Hindistan, Böyük Britaniya, Fransa, İtialiya, Braziliya, və Kanadadır. Həmin ölkələr qlobal ümumi daxili məhsuladakı (ÜDM) paylarına görə dünyanın ən böyük iqtisadiyyatlarından hesab edilirlər.
İqtisadiyatdakı bu fövqəlgüclülük 2026-cı ilin sonuna kimi davam edəcəkmi? Çünki hazırda müxtəlif regionlarda baş verən müharibələr təkcə insanların həyatına deyil, qlobal iqtisadi sistemə, ərzaq təhlükəsizliyinə və iqtisadi inteqrasiyaynın zəifləməsinə də ciddi təsir göstərir. Ən başlıcası isə enerji qiymətləri artır, qlobal inflyasiya yüksəlir, qlobal ərzaq təminatında əlçatanlıq və təchizat məsələləri çətinləşir.
Xatırladaq ki, beş ilə yaxın davam edən Rusiya- Ukrayna müharibəsində, eyni zamanda, Ruiya- NATO qarşıdurması da genişlənib. Bundan başqa, bu ilin martın 28-də başlayan ABŞ, İsrail- İran müharibəsi də qlobal iqisadiyyatda tənəzüllərə səbəb olub. Xüsusilə Hörmüz boğazının İran tərəfindən qapadılması ciddi ticarət ləngimlərərinə səbəb olur. Qeyd edək ki, Hörmüz boğazı Oman və İran arasında yerləşir və şimaldakı körfəzi cənubda Oman körfəzi və daha sonra Ərəb dənizi ilə birləşdirir. Ən dar nöqtəsində eni 21 mil (33 km), hər iki istiqamətdə gəmiçilik zolağı isə cəmi 2 mil (3 km) təşkil edir. Dünyada istehlak olunan ümumi neftin təqribən beşdə biri bu boğazdan keçir. Analitiklər bildirirlər ki, Hörmüz boğazından təkcə 2025-ci il gündəlik orta hesabla 20 milyon bareldən çox xam neft, kondensat və yanacaq keçib.
OPEC üzvləri olan Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq xam neftin böyük hissəsini əsasən Asiyaya məhz bu boğaz vasitəsilə ixrac edir. Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçılarından biri olan Qətər isə LNG-nin demək olar ki, hamısını bu boğazdan göndərir.
İndi Hörmüz boğazında qəza və hücum xəbərdarlıqları nəticəsində tanker sahibləri öz gəmilərini limanlardan çıxarmırlar. Eyni zamanda, sığorta şirkətləri neft daşıyan gəmilərin təhlükədə olması səbəbindən riskə getmək istəmirlər. Dünya mediasında yer alan məlumatlara əsasən, hazırda 300 -dgn çox tanker Hörmüz boğazına çatmadan açıq sularda lövbər salıblar. Mütəxəssislərin fikrincə, əgər blokada daha bir neçə ay da davam edərsə neft idxal edən ölkələrin ehtiyatları tükənə bilər. Bu isə o deməkdir ki, İranın Hörmüz boğazına təsir imkanları qlobal enerji bazarına birbaşa təsir göstərən strateji vasitədir. Məhz bu xaosa görə 2025-ci ildə neftin bir bareli 65 dollara satılırdısa, bu gün onun qiyməti y 120 dollara yaxınlaşıb.
Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, dünyanın ən çox qaz və neft ehtiyatlarına malik ölkəsi olan Rusiyanın Ukranaya qarşı başlatdığı müharibəyə görə iqtisadi sanksiyalarla üzləşməsi də enerji bazarında ciddi çatışmazlıqlar yaradır. Burada maraqlı sual yaranır: Bəs davam edən ciddi hərbi münaqişələr dövründə hansı ölkələr öz iqtisadi sabitlyini qoruya biləcəklər? Beynəlxalq Valyuta Fondunun (BVF) bir müddət əvvəl açıqladığı hesabatda bildirilirdi ki, 2026-cı il qlobal iqtisadiyyat üçün qeyri-müəyyənlik dövrü ola bilər. Çünki dünyada iqtisadi inkişafın tempi zəifləyir. Lakin bütün bunlara baxmayaraq ABŞ dünyanın ən böyük iqtisadiyyatı olaraq qalır. Artıq yüz ildən çoxdur ki, bu ölkə qlobal ÜDM reytinqində birinci yeri tutur və görünür, qarşıdakı onilliklərdə də liderliyini qoruyacaq. BVF-nin hesablamalarına görə, 2026-cı ildə ABŞ iqtisadiyyatının həcmi 32 trilyon dolları ötəcəkdir ki, bu da Çin (2-ci yer), Almaniya (3-cü yer) və Hindistanın (4-cü yer) ümumi ÜDM-nin məbləğinə bərabərdir.
Asiyanın ən böyük ölkəsi olan Çin 20,7 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə ikinci yeri saxlayacaq. Bu, ABŞ-dan 35 faiz az olsa da, üçüncü yerdəki Almaniyanın göstəricisindən təqribən üç dəfə çoxdur. Bununla belə, Çin iqtisadiyyatı struktur məhdudiyyətlərlə də üzləşir: əhalinin qocalması, daşınmaz əmlak bazarının zəifləməsi və ixrac tariflərinin artması. Bütün bunlar ÜDM artımını son 40 ilin minimum səviyyəsi – ildə təqribən 4 faizə qədər yavaşlada bilər.
Hindistan (4,5 trilyon dollar) daxili tələbat hesabına Yaponiyanı geridə qoyaraq dördüncü mövqeyini möhkəmləndirəcək. Siyahıda, həmçinin İndoneziya və Türkiyə də irəliləyir ki, bu da demoqrafik üstünlükləri və orta inkişaf səviyyəli iqtisadiyyatlarda aparılan islahatları əks etdirir. Fondun məlumatına görə, Rusiya 2,5 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə siyahıda doqquzuncu yeri tutacaq.
Burada diqqətçəkən digər məsələ Asiyanın da dünyanın ən böyük iqtisadi regionuna çevrilməsidir. Yaponiya, Çin, və Hindistanın hesabına Asiya ilk dəfə olaraq ümumi ÜDM həcminə görə Şimali Amerikanı ötə bilər.
Elçin Zaman, «İki sahil»
Bu ilin yanvar-avqust ayları ərzində 238 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Azərbaycan Metrologiya İnstitutunun əməkdaşlarına "Tərəqqi" medalları təqdim edilib