17 may 2024 22:18
711

Torpağın köksündə tarixin izləri

Yol gedir Zəngəzura: Vətən sevgisi, yer-yurd adlarımız

Ölkə Prezidenti Naxçıvan Muxtar Respublikasının 100 illiyinin qeyd olunması haqqında Sərəncam imzalamışdır.Bu münasibətlə ölkə miqyasında müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir, sərgilər təşkil edilir, kitablar nəşr edilir.Bu münasibətlə nəşr olunmuş çap məhsullarından biri də bu yaxınlarda “Əcəmi” nəşriyyatında işıq üzü görmüş şair publisist Ədalət Cəfəroğlunun “Torpağın köksündə tarixin izləri” kitabıdır.

İnsan bu dünyanın qonağıdır. Şair demişkən, dünya bir pəncərədir, amma onun hər anı dəyərlidir. Yazıb-yaratmaq ömrümüzün mənasını yüksəldir, yaşantımıza, ovqatımıza rəng qatır. İnsan öz peşəsini sevəndə,sənətinə bağlı olanda onda həyat eşqi güclü olur, həyatdan, yaşamaqdan zövq alır,dünyadan doymur. Belə peşə sahiblərindən biri Culfa rayonu Dizə kəndi tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Ədalət Cəfəroğludur. Düzlük,doğruluq mücəsəməsi olan, şərəfli bir ömür yaşayan,bütöv şəxsiyyət Ədalət müəllim 40 ilə yaxındır ki, gənc nəslin tərbiyəsi ilə məşğuldur, pedaqoqdur. 65 yaşın astanasında olan bu ağsaçlı yaradıcı ziyalı mənalı ömrünü məktəbə, tərbiyə işinə həsr etmişdir. Mən Ədalət müəllimi 40 ildən artıqdır ki, tanıyıram. Naxçıvan Dövlət Universitetində tələbəm olub. O, ləyaqətli, çalışqan zəhmətkeş bir tələbə kimi kollektivin sevimlisi idi, hamı xatirini istəyirdi. Çünki nümunəvi gənc idi, ədəbiyyatı çox sevirdi,yaxşı şeirləri vardı, yüksək duyğusallığı, müşahidə və mühakimə qabiliyyəti var idi. O, universitetin filologiya fakültəsini əla qiymətlərlə başa vurdu. Təyinat yerinə gedib çox sevdiyi müəllimlik işinə başlayandan sonra da publisistik yazılar yazdı, ədəbi fəaliyyətini davam etdirdi, onu rayon qəzetində işə dəvət etdilər. O, pedaqoji işi ilə yanaşı, 2009-cu ildən  2023-cü ilə qədər,yəni “Arazın səsi” qəzeti fəaliyyətini dayandırana qədər həm də  bu qəzetin əməkdaşı kimi çalışdı.Qələm əhli kimi Ədalət müəllimin yazıları respublikanın bir çox ədəbi orqanlarında işıq üzü görmüşdür.Bundan əlavə,onun bir-birindən maraqlı  “İrəvanda xal qalmadı”(2006),”Dilimiz varlığımızdır” (2009),”Ədəbi düşüncələr”(2010), “Müqəddəs varlığımız” (2013),”Əlimdə qələm olanda” (2020),”Dəmir yumruq altında bir elin gücü”(2023) kitabları nəşr olunmuşdur.

Budur, Naxçıvan ədəbi mühitinin layiqli təmsilçisi olan Ədalət Cəfəroğlu yeni bir töhfə ilə oxucuların görüşünə gəlib.Yuxarıda qeyd etdiyimiz kimi,onun yeni kitabı “Torpağın köksündə tarixin izləri” adlanır. Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş bu kitab Vətənimizin, müqəddəs diyarımızın müqəddəs torpağından, Culfa rayonunun gözəl təbiətindən, el-obasından, abad kəndlərindən, yer-yurd adlarından, onun zəhmətkeş insanlarından ürək dolusu bəhs edir. Bu işıqlı ziyalı, təcrübəli mətbuat işçisi, bir təcrübəli publicist kimi Culfa rayonunun bütün kəndlərini, dağlarını, düzlərini qarış-qarış gəzmiş, dogma diyarın gözəl təbiətini, onun ətrini qəlbinə hopdurmuş, vəsf etmişdir. Bu səyahətlərində, səfərlərində Ədalət müəllim müstəqillik illərində Culfa rayonunda abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, asfalt yollar çəkildiyini, yaşayış məntəqələrinin abadlaşdırıldığını, yeni məktəb binalarının,uşaq bağçalarının inşa edildiyini gördükcə vəcdə gəlmiş, dərin və məzmunlu publisist yazıları ilə bu gözəllikləri mətbuat, qəzet səhifələrində işıqlandırmışdır.

Beş bölmədən ibarət olan “Torpağın köksündə tarixin izləri” adlı kitabdakı məqalələr aşağıdakı mövzuları əhatə edir. “Bura vətəndir: Culfada kəndlər, körpülər, türbələr, kəhrizlər” adlı I bölmədə tarixin dərinliklərindən soraq verən yurd yerlərimiz, rayonun Qazançı kəndi, Xoşkeşin kəndi,Kırna kəndi, Gülüstan kəndi və türbəsi haqqında, rayondakı kəhrizlər, Darıdağ mineral bulaqları haqqında ətraflı məlumat verilmişdir.

“Torpağın köksündə tarixin izləri” adlı II bölmədə rayondakı  tarixi həqiqətləri yaşadan qoca tarixin canlı şahidləri olan yer adlarından, toponimlərdən, adlarda yaşayan tariximizdən bəhs edilir.

Kitabın “Yol gedir Zəngəzura” adlanan III bölməsi daha maraqlıdır. Burada 1988-ci ildə yurd-yuvalarından qovulmuş, Culfa rayonunda məskunlaşmağa məcbur olmuş bir qrup qaçqınların, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın Vətən həsrəti, erməni vandalizminin toponimlərimizə vurduqları yaralar,  44  günlük Qarabağ müharibəsindəki igidlərimizin torpaqlarımızı vəhşi erməni işğalından azad etməsi haqqında ətraflı məlumat verilir. Yeri gəlmişkən onu da qeyd edək ki, Ədalət müəllimin övladı 10 ildən artıqdır ki, mayor rütbəsində Vətənin keşiyindədir, 44 günlük müharibədə ön cəbhədə düşmənə qarşı əzmlə  vuruşmuşdur.

“Ədəbi düşüncələr-ədəbiyyat aləmində” adlı IV bölmədə Ədalət Cəfəroğlunun qədim və zəngin ədəbiyyatımız, qədim türk dastanları, Nizami Gəncəvi, Aşıq Ələsgər, Əhməd Cavad irsi, “Əli və Nino” romanı haqqında elmi  araşdırmaları öz əksini tapmışdır.

Nəhayət, kitabın “Vətən eşqi ürəyimdə,canımda” adlı V bölməsi Ədalət Cəfəroğlunun poetik yaradıcılığını əhatə edir. “Mənim doğma Naxçıvanım” adlı şeirlə başlayan bu bölmədə Culfa rayonunun ayrı-ayrı yaşayış məntəqələrini vəsf edən poetik  nümunələr öz əksini tapmışdır.

İnanırıq ki, ömrünün 65-ci baharını yaşayan təcrübəli pedaqoq, sevimli  şair, alovlu publisist Ədalət Cəfəroğlunun “Torpağın  köksündə tarixin izləri” adlı elmi-publisistik məzmunlu kitabı oxucuların marağına səbəb olacaqdır.

Əbülfəz Quliyev,
AMEA-nın müxbir üzvü