17 may 2024 22:58
664

Puta qəsəbəsində vətəndaşların qəbulu keçirilib - FOTOLAR

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva   YAP Qaradağ rayon təşkilatının sədri  Qafar Əliyev ilə birlikdə mayının 17-də Qaradağ rayonun Puta bələdiyyəsinin inzibati binasında bir qrup vətəndaşı  qəbul edərək onların müraciət və təkliflərini   dinləyiblər.

Qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinin və işıqlandırılmasınin başa çatdırılmasına,  4-cü Puta küçəsi ilə 5-ci Puta küçəsinin kəsişməsində yararsız hala salınmış asfalt örtüyünün təmir edilib yenidən asfaltlanmasına, təmiri yarımçıq qalmış idman kompleksinin təmirinin başa çardırılmasına və avadanlıqlarla təmin edilib istifadəyə verilməsinə, aptek üçün torpaq sahəsinin ayrılmasına, qəbristanlığın təmir edilməsinə, xeyir-şər evinin tikilməsinə, qəsəbədə kanalizasiya  şəbəkəsinin yenidən qurulmasına, yeni yaşayış massivində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsinə, 126 nömrəli  avtobus xəttində səhər, günorta və axşam vaxtlarında olan sərnişin sixlığının aradan qaldırılması üçün marşruta əlavə  avtobusların buraxılmasına və ya   aztutumlu avtobusların iritutumlu avtobuslarla əvəz edilməsinə, vətəndaşın əmlakını mənimsəyən və vurduğu ziyanı ödəməkdən boyun qaçıran  börclu şəxsin  axtarılıb tapılmasına və cəzalandırılmasına,  əhali arasında  hüquq təbliğatının gücləndirilməsinə, onları narahat edən  bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini  tapacağına əminliklərini bildiriblər, hər belə qəbul və görüşlərin prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyələrin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.

Qəbulda Qaradağ  Rayon İcra Hakimiyyəti  başçisinin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Dünyamalıyev və Qaradağ rayon Puta   bələdiyyəsinin sədri Emin Ramazanlı  iştirak ediblər.

Belə qəbulların mahiyyəti deputat-seçici münasibətlərinin daha da yaxşılaşdırılmasını təmin edir.

Orxan Vahidoğlu, “İki sahil”