Hazırda ölkəmizdə medianın inkişafı ilə bağlı davamlı olaraq tədbirlər həyata keçirilir. Bu sahədə həyata keçirilən islahatlar jurnalistika ixtisası üzrə təhsil alan tələbə çox sevindirir. Ölkəmizdə media sahəsi üzrə inkişafla yanaşı bəzi boşluqların olması diqqətimi çəkir. Bu, daha çox teleməkanda yayımlanan proqramlarla bağlıdır. Televiziyalarmızda yayımlanan sosial verilişlərin keyfiyyəti cəmiyyəti qane edirmi?
Diqqətimi çəkən məqamlardan biri budur ki, bu tipli verilişlərdə insanların şəxsi həyatı çox qabardılır. Digər məqam insanlar öz şikayətlərini çox aqressiv formada bildirməsidir. Ona görə də bu tipli proqramlar auditoriya üçün psixoloji gərginlik yaradır. Nəzərə almaq lazımdır ki, jurnalistikanın təməl prinsiplərindən biri də kütlənin, cəmiyyətin psixologiyasına müsbət mənada təsir etmək, onları maarifləndirməkdir. Bu baxımdan yanaşsaq, sosial verilişlər sahəsində vəziyyət heç də ürəkaçan deyil . Cəmiyyət bu tipli verilişlərdən nə kimi örnək ala bilər ?!
Ümumiyyətlə, sosial statusundan asılı olmayaraq insanların şəxsi həyatının müzakirə mövzusu olması məsələsi jurnalistikanın təməl prinsiplərinə ziddir. Doğrudur, verilişlərdə şəxsi həyatı işıqlandırılan şəxs buna razılıq verir. Lakin, təəssüflər olsun ki, həmin insanların bir çoxu öz hüquqlarını bilmir və şəxsi məlumatların ictimaiyyətə yayılmasının onlar üçün nə dərəcədə təhlükəli olacağını dərk etmirlər. Onlar çox vaxt hansısa çətinliklə üzləşdikdə son çarəni həmin proqramlarda görürlər. Hesab edirəm ki, bu halda peşəkar jurnalist həmin şəxsi öncədən xəbərdar etməlidir.
Fəqət, bəzi “jurnalistlər” sadəcə reytinq, izləyici toplamaq xatirinə bunu etmirlər. Belə olan halda sosial veriliş maarifləndirici deyil, bayağı və absurd olmağa başlayır. Bunun qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi vacibdir. Televiziya , radio, saytlar və digər xəbər mənbələri izləyici və dinləyicilərin maraqlarını nəzərə almalıdırlar. Digər tərəfdən, bayağılıqdan qaçaraq, etik normalara əməl etmək mütləqdir.
Nuray Abasova,
Bakı Slavyan Universiteti,
Jurnalistika ixtisası üzrə tələbə
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir