29 may 2024 23:45
352

Vətən şəhidləri unudulmur

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində 44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucalan Famil Habil oğlu Əlizadənin 25 illik yubileyinə həsr olunmuş “Əbədiləşən ömürlər” adlı tarix dərsi keçirilib.

Rayondakı Nəriman Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdlərin qatıldığı tədbirdə əvvəlcə Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Muzeyin direktoru Əntiqə Tağıyeva 1990-cı illərdən bu günə qədər erməni vandallarının tərəfindən Qarabağ ərazisində edilən böyük cinayətlər və bunun ölkəmizə, xalqımıza vurduğu mənəvi, maddi ziyandan söz açıb, həmçinin 30 illik mübarizəyə söykənən Qələbənin Zəfərindən də şagirdlərə ətraflı məlumat verib.

Muzeyin əməkdaşı Sevinc Əliyeva isə Vətən Müharibəsinin qəhrəman şəhidi Famil Əlizadənin həyat və döyüş yolu haqqında geniş məruzə edib.

Sonra şagirdlərə rayon şəhidlərin həyatı ilə bağlı suallar verilərək onlarla mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdən sonra muzey əməkdaşları şəhidin məzarını ziyarət edib, ehtiram əlaməti olaraq üzərinə güllər qoyublar.

Famil Əlizadə Masallının Ərkivan kəndində dünyaya gəlib. 2016-ci ildə orta məktəbi bitirib, təhsilini 2 saylı Bakı Peşə Liseyində davam edib. Burada elektrik montyoru peşəsini öyrənib. 2017-ci ildə düşməndən qisas almaq məqsədilə ordu sıralarına gedib. Əsgərliyi cəbhə bölgəsinə düşən Famil Vətəni göz-bəbəyi kimi qoruyub, Qarabağımızın azadlığı uğrunda düşmənlə döyüşə həmişə hazır olub.

2019-ci ilin yanvarında igid əsgər ordudan tərxis edilib. Amma düşməndən alacağı öcü qalıb. İkinci Qarabağ müharibəsi başlananda könüllü olaraq döyüşlərə qatılıb. Vətən sevdalısı ilk gündən yağıya qan qusdurub. Füzuli rayonunun, Yuxarı Əbdürrəhmanlı kəndinin alınmasında sözün əsl mənasında tarix yazıb. 2020-ci il oktyabrın 21-də Vətənlə bir döyünən ürəyi düşmən gülləsinə tuş gəlib. Ürəklərə köç etməklə bərabər, doğma Ərkivan qəsəbəsində əbədi məkan tapıb. Həm də ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və digər medallara layiq görülüb. Familin vaxtilə yaşadığı küçə indi onun adını daşıyır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü