Nitq təfəkkürün ən ali funksiyası olmaqla yanaşı, insan həyatında ən vacib və əhəmiyyətli ünsiyyət vasitəsidir. Uşaq doğulan gündən onun nə zaman dil açıb danışacağını səbirsizliklə gözləyirlər, amma bəzən valideynlərin gözləntiləri boşa çıxır. Nitqin inkişafı ləngiyir və valideynlər narahat olmağa başlayırlar.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bu problemin həllinə diqqətlə yanaşmağın vacibliyini vurğuladı. Diqqətə çatdırdı ki, el arasında belə bir deyim var: “Uşaq ağ kağızdır, nə yazsan, onu qəbul edəcək”. Odur ki, böyüklərin köməyi olmadan uşaqların nitqinin inkişafının yaranması demək olar ki, mümkünsüzdür: ”Valideynlərin başlıca səhvi hər ağladıqda uşağa telefon vermək, televizor qarşısında oturtmaq, uşaqla az ünsiyyət qurmaqdır. Amma onlar bilərəkdən, ya fərqinə varmadan övladları üçün xoş olmayan bir şərait yaradırlar”.

Psixoloqun sözlərinə görə, nitqin inkişaf prosesinə mane olan problemlərdən biri də Autizm spektr pozuntusudur. Autizm spektr pozuntusu (ASP) erkən uşaqlıq dövründə özünü göstərir və sosial qarşılıqlı təsirlərdəki keyfiyyət anomaliyaları, nəzərəçarpacaq dərəcədə ünsiyyət bacarıqları çətinliyi və məhdud təkrarlanan davranışlar, maraqlar və fəaliyyətlər ilə xarakterizə olunur. ASP müxtəlif pozuntuları əhatə edir. İstər dünyada, istərsə də ölkəmizdə Autizm spektr pozuntusu olan uşaqların sayı getdikcə artır. Autizm spektr pozuntusu diaqnozu psixoloq tərəfindən yox, psixiatrlar tərəfindən qoyulur. Bəzən valideynlər övladlarının nitq ləngiməsi ilə bağlı Mərkəzimizə müraciət edirlər, lakin dəyərləndirmələrdən sonra uşağın ASP əlamətləri müşahidə olunduğu ortaya çıxır. Ona görə də övladlarında bu kimi çətinliklər hiss etdikdə, mütəxəssislərə müraciət etməsi tövsiyə olunur”.
Təranə Paşayeva vurğuladı ki, çox zaman valideynlərin etdiyi ən başlıca səhvlərdən biri də uşaqları özlərinəməxsus formada əzizləmələri, onlarla ünsiyyət qurmaq formalarıdır. Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmaması əksər hallarda inkişaf geriliyinə gətirib çıxarır. Uşaqla düzgün ünsiyyət qurmaq, uşaqla “uşaq dilində” danışmamaq çox vacibdir. Qeyd edim ki, bəzi uşaqlar istəklərini işarə ilə, jest ilə başa salmağa çalışır. Bu halda valideyn ona işarə ilə istədiyini verdikdə artıq o, həmin firki nitqində söz olaraq istifadə etməyə ehtiyac duymur və beləliklə həmin uşaqlarda passiv nitq formalaşır.
Həmsöhbətimiz qeyd etdi ki, təcrübədə də qəbul edildiyi kimi, nitq inkişafının 4 mərhələsi vardır. Onlardan nitqə hazırlıq mərhələsidir və buna qeyri-verbal dövr deyilir. Yəni, uşağın nitqində söz olmur, sadəcə qığıldama və səs birləşmələrini yamsılama olur. 2-ci mərhələ məktəbə qədər yaş dövründən əvvəlki dövrü əhatə edir. Burada artıq verbal nitq yaranır. Bu dövrdə ilk sözlər meydana gəlir, nitqin qramatik quruluşu formalaşır. 3-cü mərhələ məktəbə qədər yaş dövrüdür. Bu dövrdə lügət tərkibi zənginləşir, uşaq sadə və mürəkkəb cümlələrdən istifadə edə bilir. 4-cü mərhələ məktəb dövrüdür. Bu mərhələdə şüurlu nitq, səs təhlili , yazılı nitq formalaşır, nitqin məqsədyönlü yenidən qurulması baş verir. Müsahibimizin sözlərinə görə, gözəl nitq uşağın hərtərəfli inkişafı üçün vacib olan şərtlərdən biridir. İxtiyari nitq patologiyası uşağın fəaliyyətində və davranışında öz əksini tapır. Nitqində patologiya olan uşaqlar bunun fərqində olduqda, digər uşaqlardan fərqləndiyini dərk edir və səssiz, qərarsız, utancaq olurlar. Beləliklə, tədricən özlərinə qapanırlar, özgüvənsiz olurlar və ən əsası ünsiyyət qurmaqdan özlərini məhrum edirlər.
Psixoloq valideynlərə tövsiyə edir ki, uşağınızın nitq ləngiməsi olmasını istəmirsinizsə, öz yaşıdları kimi danışmasını istəyirsinizsə davranışınıza, nəzarətinizə, ünsiyyətinizə və övladlarınızla münasibətinizə ciddi fikir verin. Bəzi valideynlər düşünür ki, uşaqlarını bağçaya qoymaqla və ya nənə-babalarının yanında saxlamaqla danışmağa başlayacaq. Amma onlar unudurlar ki, övlad üçün ata-ana münasibəti əvəzedilməzdir. Övladınızın xoşbəxt, sağlam olmağını istəyirsinizsə, uşağınızı sevin, onunla oyun oynayın, vaxt keçirin, hər çıxardığı səsə, adi bir sözə sevinərək reaksiya verin. Unutmayaq ki, sağlam, özgüvənli, səlis nitqli uşaq böyütmək bizdən də asılıdır. Deyilənlər əsasında bu qənaətə gələ bilərik ki, nitqdə ləngimə, vaxtında aşkar edilərsə və aradan qaldırılarsa, bu o qədər ciddi problemə çevrilməz.
Yaqut Ağaşahqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir