Vətənini canından artıq sevib, 44 günlük haqq savaşımızda onun yolunda şəhidlik zirvəsinə ucalan ölümsüz qəhrəmanlardan bir də Cavid Habil oğlu Hüseynovdur. Cəlilabad rayonu, Hamarqışlaq kəndində böyüyən bu, qeyrət mücəssəməsinin işıqlı dünyadan getməsi cismani oldu. Adı uşaqlıqdan hər daşına, qayasına vurulduğu doğma Azərbaycana sevgi nümunəsinə döyüb əbədi dillər düşdü . Həm də ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı medalları xalqımızın tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan İkinci Qarabağ müharibəsində Cavid Hüseynovun göstərdiyi rəşadətinin gözəl nişanəsidir.
Mərdlik, cəngavərlik ruhu qanında olan Cavid Hüseynov cənnət məkan, əbədi-əzəli yurd yerimiz Qarabağı işğal edən düşməndən qisas almaq məqsədlə 2012-ci ildə hərbi xidmətə yollanıb. Cəbhə bölgəsində əlinə silah alanda Vətənə vicdanla, qeyrətlə xidmət edəcəyinə, nifrət bəslədiyi yağı düşmənə qarşı hər an amansız olacağına and içib.
Bəli, qəlbi Vətəninə, halal torpağına sevdalanan Cavid nümunəvi əsgər olaraq xidmət etdiyi hərbi hissədə hörmət, nüfuz qazanıb. Komandirlərin verdiyi tapşırıqları sözsüz yerinə yetirib, vacib təlimlərə həmişə həvəslə qatılıb, yüksək hazırlığı, çevikliyi onu çətin sınaqlardan üzüağ çıxardıb. Həmçinin qəlbində düşməndən qisas almaq alovu da bir an belə səngiməyib.
C. Hüseynov 2014-cü ilə əsgərlik borcunu şərəflə verib evə qayıdıb. Qaldı ki, canına yağı dadanmış yurdunun ağır günlərində kənarda durmağı heç cür vicdanına sığışdıra bilməyib. Vətən sevgisi, torpaqları azad etmək istəyi onu düşmənlə döyüşə səsləyib. Yenidən orduya qayıdıb, tank atıcısı kimi xidmətə başlayıb. Müxtəlif cəbhə bölgələrdə olub, hərbi təlimlərdə yüksək döyüş hazırlığı, xüsusi peşəkarlıq göstərib. Vətən üçün yaşamaq eşqini mərdliyi, cəsurluğu ilə sübuta yetirib.
2020-ci il sentyabr ayında Azərbaycan və Türkiyə ordusunun birgə keçirdiyi hərbi təlimdə uğur qazanıb, tank atışı üzrə Türkiyə komandanlığın təşəkkürünü alıb. Bütün bunlarla döyüş meydanında mübarizliklə düşmənə qalib gəlmək üçün hərbin sirlərinə mükəmməl yiyələnib.
...2020-ci ilin 27 sentyabrı. Artıq dığalardan qisas alaraq doğma Vətən torpaqlarını azad etmək məqam yetişıb. Minlərlə qeyrətli oğul bu günə hazır olduqları üçün həmin an odun-alovun içinə atılıblar. Cavid də onların arasında olmaqla. İgid tankçı düşmənə ilk ağır zərbəni endirib. Cəsurluq, rəşadət, şücaət 30 il Qarabağımızı əsarətdə saxlayan düşməni məhvə doğru aparıb. Cavidi isə Vətən sevgisi daha da coşdurub. Füzulidə bir neçə kəndin alınmasında əsl tarix yazıb. Döyüşdən-döyüşə bərkiyən tankçı Cavid hər gün düşmən üstünə qartal tək şığıyıb. Haqq savaşımızın birində tankı minaya düşüb zədələnib. Qaldı ki, o, düşmənin qarşısından geri dönməyi özünə ar bilib. Döyüşüb və qələbə qazanıb.
Cəsur tankçı 30 sentyabr günü də ermənilərin kabusuna çevrilib. Amma qəfil atılan mərmi bu səfər Cavidin tankını susdura bilib. Ürəyi ömrünün 26-cı baharında həmişəlik dayanmaqla vətənpərvərliyin ən ali məqamına yetişib. Son nəfəsə qədər vuruşub qanı tökülən yerdə isə daha bir bayrağımız ucalıb. Döyüş yoldaşlarına onun itkisi ağır olsa da, tankına Azərbaycan bayrağının rənglərində “Cavid” adını həkk ediblər...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir