Nevroloq: Onurğa fəqərələrinin osteoxandrozu prosesinin daha çox irəliləməsi hətta beyninin də zədələnməsinə gətirib çıxara bilər
Hazırkı dövrdə müxtəlif dərəcəli osteoxondroz insanların əksəriyyətində qeyd olunur. Bu hal təəccüblü deyil – müasir insan çox az hərəkət edir, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə – kompyuter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir. İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin bu heç də elə deyil. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər.

Xəstəliyin mahiyyətini başa düşmək, mövzu ilə bağlı mühüm məqamlara aydınlıq gətirmək üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Güllü Bağırova ilə həmsöhbət olduq.
Nevroloq Güllü Bağırova “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, osteoxondroz - dayaq-hərəkət aparatının xəstəliyidir. Bu xəstəlik zamanı oynaq sümükləri və qığırdaqalar zədələnir, nazikləşir. Bu xəstəliyin ən çox yayılmış növü onurğa fəqərələrinin osteoxondrozudur. Osteoxondrozun əsas əlaməti həm fəqərə cisminin, həm də fəqərələrarası disklərin və oynaqların zədələnməsidir. Bu zaman ən çox ağırlığa məruz qalan bel-oma fəqərələri prosesə cəlb olunur. Beləliklə, tədricən onurğada deformasiylar baş verir. Nəticədə onurğa boyu çıxan sinirlər sıxılır, gövdə və ətraflara yayılan ağrılar, hərəkətin məhdudlaşması əmələ gəlir.
Mütəxəssisin sözlərinə görə, əgər proses boyun fəqərələrini əhatə edirsə bu zaman başağrıları, başgicəlmə, qulaqlarda küy, yuxarı və aşağı ətraflarda ağrılar, hissi, həmçinin hərəki pozulmalar yaranır. Lakin proses onurğanın döş fəqərələrini əhatə edirsə ağrılar qabırğa arası sinirlər boyunca yayılır. Bu hal hətta daxili orqanların fəaliyyəti pozğunluğu ilə immitasiya oluna bilər. Bel-oma fəqərələri osteoxondroz nəticəsində zədələnərsə həm aşağı ətraf, həm də çanaq orqanlarının funksiyalarında zəifləmə, pozulma baş verir.

Həmsöhbətimiz qeyd etdi ki, onurğa fəqərələrinin yayılmış osteoxondrozu əsasən yaşlı qrup xəstələrdə vaxtında diaqnostika aparılmayıb, düzgün müalicə olunmayanda müxtəlif fəsadlar ağırlaşmalarla nəticələnə bilər. Bunların içərisində ən çox rast gəlinən onurğa kanalı ətrafında yerləşən sinir köklərinin və kələflərin zədələnməsidir. Elmi olaraq polyradiculoneuropathy (poliradikulonevropatiya) adlandırılan nazoloji termin özündən çoxlu xəstəliklərə aid simptomları birləşdirir. Müalicəsi isə uzunmüddətli çoxlu zəhmət və maliyyə tələb edir. Onurğa fəqərələrinin osteoxandrozu prosesinin daha çox irəliləməsi hətta beyninin də zədələnməsinə gətirib çıxara bilər. Bu əlamətlər elmi ədəbiyyatda mielopatiya termini ilə adlandırılmışdır. Xəstəlik çox zaman geridönməz proseslərin-ağırlaşmaların göstəricisidir və ciddi fəsad kimi qiymətləndirilir. Xəstənin əlilliyinə, yəni əmək qabiliyyətinin itməsinə də səbəb ola bilər. Ona görə də xəstəliyə qarşı ciddi yanaşmaq vaxtında diaqnostika və düzgün yönümlü müalicə taktikası seçmək çox vacibdir. Bu istiqamətdə həkimlə xəstəliyə qarşı birgə mübarizə aparmalıdır.
Xəstəliyin müalicə metodlarından söz açan müsahibimiz bildirdi ki, xəstəliyin yaranmasında xəstənin yaşı, həyat tərzi, iqlim amilləri, xroniki xəstəliklərinin olub olmaması, qidalanma şəkli, genetik, hormonal dəyişikliklər və s. böyük rol oynayır. Osteoxondrozun müalicəsi həm düzgün həyat tərzi, xroniki xəstəliklərin müalicəsi, yerli iltihabi dəyişikliklərin sorulması terapiyası, əzələlərin gərginləşməsinin qarşısını alan dərman preparatlarının, bir çox məlhəmlərin tətbiqi ilə mümkündür. Eləcə də müalicəvi bədən tərbiyəsi, fizoterapevtik prosedurlar da bu xəstəliyin müalicəsində əhəmiyyət kəsb edir. Əgər xəstə aktiv həyat tərzi, düzgün qidalanma rejimini seçərsə artıq çəkidən azad olub, üzgüçülük, gimnastika, fiziki dartma ilə məşğul olarsa üzunmüddətli müsbət effekt əldə edə bilər.
Mütəxəssislər insanlara tövsiyə edirlər ki, bir qədər fəal həyat tərzinə keçsinlər, daha çox açıq havada gəzsinlər, heç olmasa, gündə 1-2 dəfə ən sadə idman hərəkətləri etsinlər, bədənlərində hər hansı ağrı, narahatlıq hiss edən kimi həkimə müraciət etsinlər.
Yaqut Ağaşahqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir