Dünyaya səs salan möhtəşəm Zəfərimiz şəhidlərimizin, baş verən terror aktları zamanı həlak olanların qanını yerdə qoymadı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Artıq xalqımız torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixi böyük qürur hissi ilə qeyd edir. Ötən ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin reallaşdırdığı lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizin hər daşı, qayası ermənilər vəhşiliklərinə şahidlik edir. Bu gün qürurla qeyd edirik ki, 30 ildə ermənilərin tamamilə dağıtdıqları, yerlə-yeksan etdikləri torpaqlarımız nəhəng quruculuq meydançasına çevrilib. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Dövlət başçımızın qeyd etdiyi kimi, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov "İki sahil"ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, dövlətimiz və xalqımız üçün əlamətdar gündə – Müstəqillik Günü Prezident İlham Əliyev Ağdamın Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməlini qoydu. Prezident İlham Əliyev Xocalıya səfəri zamanı şəhərdə 15 çoxmənzilli binada həyata keçirilən təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Həmin gün dövlətimizin başçısı və ailə üzvləri Xocalı şəhərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərinin açarlarını təqdim ediblər.

Böyük Qayıdışın reallaşdırıldığı digər yaşayış məntəqələri kimi, Xocalı şəhərinə də köçün sürətlənməsi davam edir. Uzun illər işğal altında qalan Xocalı azad olunduqdan sonra qısa müddət ərzində burada bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Əzəli yurdlarına qaydan keçmiş köçkün ailələri artıq müasir tipli evlərlə təmin olunublar. Bir vaxtlar torpağı qanla yoğrulan bu doğma yurd yeri indi dövlətin dəstəyi ilə addım-addım, qarış-qarış yenidən dirçəldilir. Qeyd edək ki, Xocalıya köçürülən ailələr ölkənin müxtəlif ərazilərində yardımçı tikililər və müxtəlif müəssisələrə məxsus olan binalarda yerləşdirilən sakinlər olub. Xocalı şəhərində indiyədək 44 ailənin (169 nəfər) daimi məskunlaşması təmin edilib.
Hazırda, Xocalıya köçün daha da intensivləşməsi üçün şəhərdəki yarımçıq tikili vəziyyətində olan və 3,34 hektar ərazini əhatə edən yaşayış kompleksi də əsaslı təmir olunub. Burada hər biri ikigirişli olmaqla, üçmərtəbəli 15 binada iki, üç və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları və meydançası, söhbət guşələri yaradılıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Xocalı yenidən qurulur, gözəlləşir. Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.

Deputat diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla zəngin olur. Dövlət başçısı Xocalı sakinləri ilə görüşündə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına da diqqəti yönəldərək bildirdi ki, uzun illər bu məsələ müzakirə edildi. Hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçildi, layihə hazırlandı. Ancaq bu Memorial Kompleksin Xocalıda yaradılacağına əmin idim və belə də oldu. Bu il fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu. Bütün dünya erməni vəhşiliyini görəcək. Bunu hər kəs bilməlidir: Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.
K.Bayramov qeyd edib ki, hər bir hədəfin zamanında reallığa çevrilməsi Prezident İlham Əliyevin qətiyyətinin məntiqi nəticəsidir. Ölkə rəhbəri Xocalı sakinləri ilə görüşündə Xankəndi şəhərinə ilk köçün vaxtını açıqladı. Bu müjdəni çatdırdı ki, sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.
Şəmsiyyə Əliqızı, "İki sahil"
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir