03 iyun 2024 18:14
393

Vətən sevdalı oğul idi Tural

Deyirlər torpaq, uğrunda ölən varsa, Vətəndir! Uğrunda minlərlə can fəda oldu, ey Vətənim. Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn minlərlə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də- Oğuz rayonunun Sincan kəndində zəhmətkeş bir ailədə doğulub - böyümüş Tural Məmmədovdur.

O, Vətən sevdalı bir oğul idi. Bu sevginin təməlini ta beşikdən Aytəkin ananın laylasından, Arif atanın nəsihətlərindən almış, uzun müddət Azərbaycan Silahlı Qüvvələrində xidmət edən, xidmət zamanı hərbçi yoldaşlarıyla minaya düşərək ayağını itirən əmisi Gülağanın Vətən yolunda mərdliyinin, igidliyinin şahidi olmuş, onun Vətən eşqilə çırpınan ürəyinin səsini dinlədikcə dərk etmişdi. Dərk etmişdi  ki, bu həyatda ən isti yer- tək ana qucağı, ata ocağı deyil, həm də Vətən torpağıdır. Anlamışdı ki, anasını sevdiyi qədər Vətəni də sevmək, yağı düşmənlərdən qorumaq vacibdir. Çünki Vətəni qorumasa sevdiklərini qorumağa lüzum qalmayacaq... Və  qəlbində Vətən sevgisi boy verib, dərinliyə kök atdıqca, onun ürəyi  riqqətə gəlir, daha tez böyüyərək üzərində qaçıb oynadığı bu doğma torpağını, ona həyat bəxş edən anasını, onu sevən doğmalarını, yurdunu və nəhayət, gələcəkdə uğruna canını belə əsirgəməyəcəyi  Vətənini 30 il əsirlikdə saxlayan mənfur düşməndən azad etməyə və qorumağa tələsirdi.. Nəhayət, o, böyüdü. Vətən borcunu vermək, Vətən torpağını qorumaq üçün əyninə - çox arzuladığı, hər gördüyündə qürurla baxdığı hərbi formanı geyinərək  xidmətə yollandı. Əyninə geyindiyi əsgər libasının qüruru, səngərdə durmağın məsuliyyəti, bir az da artırdı Vətən eşqini, yurd sevdasını. Hər qarış Vətən torpağının necə müqəddəs olduğunu anladı.  Dərinlərə getdi bu sevginin kökləri və getdikcə də daha gur pöhrə verdi, daha sağlam, mərd, igid oğul  bəxş etdi bu Vətənə.

Tural 2013-cü ildə həqiqi hərbi xidmətə yollandı. Xidməti başa çatsa da, Vətən sevgisi onu hərbi xidmətdən ayrılmağa qoymamış, o xidmətini davam etdirməyə qərar vermişdi. Bütün qəlbiylə Vətənini sevən Tural 2016-cı il Aprel döyüşlərində də mərdliklə iştirak etmişdir. Polad iradəli, Vətən sevdalı Tural Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan İkinci  Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq, tank komandiri kimi "Ohanyan səddi"ni aşıb, düşmənin 30 ilə yaxın qurduğu tələləri, minalar düzdüyü səddi xüsusi qurğu qurulmuş tankla keçərək döyüş yoldaşlarına yol açmışdır. Tural Məmmədov Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimlərin və valideynlərinin təkidinə baxmayaraq, "Mən döyüş yoldaşlarımın yanında olmalıyam" deyərək yenidən döyüşlərə qatılmışdı.

Tural Məmmədov nişanlı idi. Müharibə başlayanda sevib- seçdiyi qızla ailə həyatı qurmağa hazırlaşırdı. Valideynləri Turalın toyuna hazırlaşarkən o, düşməni doğma torpaqlardan qovub çıxarır, mənfur düşmən  üzərində qələbələr çalırdı. Amma bu toy ona qismət olmadı. Qəhrəman eloğlumuz 2020-ci il 28 oktyabrda Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid oldu. Tural Məmmədov oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn olundu.

Sən cənnətin qucağında uyudun,
Ana torpaq aldı səni qoynuna,
Torpağıma "can" deyərək qorudun.
Sarılıbdı yaralanmış  boynuna.

Vətən adlı bir duyğunun  qoruydun,
Alovlanıb tonqal oldun  yolunda.
Düşmən üçün məzarıydın, goruydun,
Şəhidliyin qürur olub "solumda".

Üç min ölməz, tarix yazan qardaşa,
Ağı deyir  damarımda, qanımda.
Pir deyirəm qan tökülən hər daşa,
Üç mindən çox yara var bu canımda.

Baş əyirəm ucaldığın zirvəyə,
Sən cənnətdə  Şəhid adlı  mayaksan.
And yerimsən, çevrilmisən Kəbəyə,
Səcdə edib, diz çökdüyüm  sən haqqsan,
Vətənimi nurlandıran çıraqsan.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid tank komandiri Tural Arif oğlu Məmmədov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ruhun şad olsun, komandir. Cənnətdə olan igidlərə bizdən salam de. Sizi heç vaxt unutmayacaq, unutdurmayacağıq. Ruhunuzun qarşısında ehtiramla baş əyirəm.

...Müzəffər, mərd ordumuz qazandıqca zəfərdən,
Biz də qürurlanırdıq aldığımız xəbərdən.
Əlimiz yaradanın açılmış dərgahına,
Arzu, dilək tuturduq yurdun xoş sabahına.
Dualar eyləyirdik  qorusun yurdumuzu,
Vətən oğullarını, müzəffər ordumuzu.
Ağdərə döyüşündə bəxtinin döndü üzü,
Yazıldı taleyinə müqəddəs Şəhid sözü.
Hünərin, mərdliyinlə düşmənindən öc aldın,
Sən ölmədin, ən yüksək zirvələrə ucaldın.
Ucaldığın zirvəyə başım çatmaz heç zaman,
Baş əyirəm ruhuna, ey ərən, ey qəhrəman.
Yurda zəfər gətirən əllərindən öpürəm. 
Zirvənin ŞƏHİD qoxan güllərindən öpürəm.

                 
Arzu Tahirqızı,
Publisist