Yaşadığımız informasiya dövründə müasir texnologiyalar insan fəaliyyətinin bütün sahələrinə sirayət etmiş, o cümlədən hərb sənətində əsaslı dəyişikliklərə gətirib çıxarmışdır. Bu, müasir cəmiyyətimizdə informasiyanın çox güclü silah olduğunu sübut edir. Bəzən informasiya müharibəsi hərbi qarşıdurmadan heç də az təsirli olmur. Bir çox hallarda onu üstələməyi də bacarır. Yəni, düşmən ölkələr malik olduqları informasiya resurslarından istifadə edərək qarşı tərəfin hərbi-siyasi-ictimai mühitinə, cəmiyyətin düşüncəsinə ciddi təsir etməyə çalışırlar. Cəmiyyətdə çaşqınlıq yaratmaq, mənəvi-psixoloji durumu zəiflətmək, vətəndaşları mübarizədən çəkindirmək, hakimiyyətlə xalq arasında münasibətləri gərginləşdirmək və s. məqsədlərə nail olmaq informasiya müharibəsinin əsas üsuluna çevrilir.
Göründüyü kimi, həyatın demək olar ki, bütün sahələrində mərkəzi rola sahib olan informasiya-kommunikasiya texnologiyaları (İKT) təmin etdiyi geniş imkanlarla yanaşı, təhlükəsizlik riskləri də gətirir. Belə olmasaydı bu gün dövlətlərin daxili və xarici siyasətində informasiya məsələsi çox önəmli rola malik olmazdı.
Azərbaycanın 44 günlük Vətən müharibəsi bir çox sahələrdə olduğu kimi, informasiya siyasətində də yeni yanaşmaları ortaya qoydu. İkinci Qarabağ müharibəsi zamanı savaşın təkcə hərbi meydanda deyil, həm də siyasi - diplomatik müstəvidə, informasiya platformasında həyata keçirildiyinin şahidi olduq. Ölkə rəhbərliyinin siyasi müstəvidə - dünyanın ən nüfuzlu informasiya agentlikləri, telekanalları, mətbu orqanlarının nümayəndələrinə müsahibə verməsi, hətta təxribat xarakterli, qərəzli sualları belə konkret və tutarlı faktlar əsasında cavablandırması müharibə dövrü üçün kifayət qədər ciddi əhəmiyyətə malik idi. Dövlətimiz müharibə və postmüharibə dövründə texnoloji inkişaflar mərhələsindən nəinki kənarda qalmayıb, həm də onun aktiv iştirakçısı olub. Bu proses Prezident İlham Əliyev tərəfindən son dərəcə zəruri vəzifə kimi qarşıya qoyulur. Dövlətimizin başçısı fevralın 14-də andiçmə mərasimindəki nitqində bildirib: “Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı hər kəs bunu gördü. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir”.
Nəzərə alaq ki, müharibə dövründə əvvəlki vaxtla müqayisədə Azərbaycan cəmiyyətinin əksər hissəsinin informasiya təhlükəsizliyinin qorunması, informasiyanın düzgün ötürülməsi və həqiqətlərin təbliği istiqamətində yetkinlik nümayiş etdirməsi təqdir olunası hal idi. Habelə, dövlətin bəzi informasiya vasitələrinin imkanlarını qismət məhdudlaşdırmaqla, nəzarəti artırmasını cəmiyyətin anlayışla qarşılaması məhz informasiya təhlükəsizliyinin təmini, kiberhücumların qarşısının alınmasının labüdlüyünün dərkindən irəli gəldi.
Yeri gəlmişkən, müasir dövrdə kibertəhlükəsizlik hər bir sahəyə təsir edən strateji məsələlərdən biridir. Qlobal informasiya cəmiyyətində dövlətlər, cəmiyyətlər və biznes strukturları fərdi məlumatların qorunması sahəsində kritik problemlərlə qarşılaşırlar. Bu baxımdan kibertəhdidlərə qarşı çevik, operativ və effektiv mübarizə hər bir dövlətin milli hədəfləri və prioritetləri üçün mühüm faktordur. Ölkələrin milli strategiyalarında kibertəhlükəsizlik termininə verilən təriflər xeyli fərqlənir. “Kiber” sözü isə “kibernetika” sözündən törəmədir. “Kibernetika” termini qədim yunan dilində “kibernetes” sözündən yaranıb, mənası sükançı, idarə edən deməkdir.
Bu gün ölkəmizdə kibertəhlükəsizliyin təmin edilməsi üçün bütün imkanlardan istifadə edilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı ölkənin informasiya məkanının təhdidlərdən qorunmasına, informasiya təhlükəsizliyi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsinə xidmət edir. Sərəncamdan irəli gələn vəzifələrin uğurlu icrasına nail olmaq üçün müxtəlif tədbirlər həyata keçirilir.
Bu günlərdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və “Azerconnect Group”un əsas tərəfdaşlığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib. Forumun əsas məqsədini kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsi təşkil edib. Ümumiyyətlə 350 nəfərdən çox nümayəndənin iştirak etdiyi Forum çərçivəsində kibertəhlükəsizlik sahəsi üzrə aidiyyəti yerli və xarici qurum, təşkilat və şirkətlərin rəhbər vəzifəli şəxlərinin, eləcə də mütəxəssislərin çıxışları dinlənilib. Habelə, “Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təcrübəsi”, “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq”, “Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” və “Kiberdiaspora” adlı panellərdə müzakirələr aparılıb. Forumun açılışında kibertəhlükəsizlik sahəsində son qlobal trendlər barədə fikirlərini paylaşılıb. Həmçinin Forumun panel müzakirələrində “Mastercard”, “TrueSec” kimi şirkətlərin və 15 ölkənin nümayəndələri iştirak edib.
Türk Dövlətləri Təşkilatının üzvü olan Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın kibertəhlükəsizlik üzrə aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinin bir araya gəldiyi Forumda kritik informasiya infrastrukturunun təhlükəsizliyi, həmçinin kibertəhdidlərə qarşı türk dünyasının birgə mübarizəsinə dair fikirlər müzakirə edilib. Eləcə də Gürcüstan və Rumıniyada kibertəhlükəsizliyin təmin olunması üzrə görülən işlərin təqdimatı və əməkdaşlıq perspektivlərinə dair müzakirələr baş tutub. Tədbirin iştirakçıları Forumun maraqlı müzakirələri və çıxışları ilə yanaşı, sərgi bölməsində müxtəlif yerli və xarici şirkətlərin məhsul və həlləri ilə tanış olublar.
Sözügedən Forumun tərəfdaşları “Azerconnect Group” və “Cisco” şirkətləri, qızıl sponsorları isə “Cyberpoint”, “Caspel”, “Code academy”, “Eset”, “MUK”, “Gulfstream”, “Smart İT” və “Crowdstrike” şirkətləridir.
Qeyd edək ki, Forum Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ənənəvi olaraq hər il təşkil olunur. Ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək vermək məqsədilə 2022-ci ildə təsis edilmiş Assosiasiya özündə ölkənin informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət, təşkilat və ekspertlərini birləşdirir.
Nigar Orucova, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir