07 iyun 2024 14:45
697

Günvurma həyat üçün TƏHLÜKƏLİDİR - HƏKİM MƏSLƏHƏTİ

Yay mövsümünün, temperaturun yüksəlməsinin yaratdığlı narahatlıqlardan biri də  günvurma hallarıdır. Bir neçə gündür ölkəmizin ərazisində havanın yüksək temperaturu müşahidə edilir. Bu isə günvurma ilə bağlı problemlərin yaranmasına səbəb olur. Bəs, hazırda ölkədə günvurma ilə əlaqədar olaraq vəziyyət necədir? Suallarımızı Lökbatan Tibb Mərkəzinin həkim-nevroloqu Mehriban Qubadlı cavablandırır:

- Hazırda ölkəmizdə bir neçə gündür davam edən istilər ilə əlaqədar günvurma və istivurma hallarının artması riski olduğu üçün termorequlyasiya sistemi tam formalaşmamış körpələr, yaşlılar, xroniki xəstəlikləri, ürək-damar problemləri olan vətəndaşlar daha diqqətli olmalı və maarifləndirilməlidir. Təbii ki, açıq havada olmaq imkanından yararlanmaq sağlamlığın açarlarından biridir.

Ancaq, eyni zamanda, isti günlərdə diqqətli olmağı unutmamalıyıq. Unutmamalıyıq ki, əgər vətəndaş uzun müddət istidə və ya günəş şüaları altındadırsa, istivurma və ya günvurma baş verə bilər. Bu, olduqca təhlükəli vəziyyətdir və ilk növbədə, beyin, ürək-damar, tənəffüs sistemi və digər orqanlara təsir edir. 

İnfraqırmızı şüalar təkcə bədənin səthini deyil, beyin toxumasını da əhatə edən dərin toxumaları istiləşdirə bilir

- İstilik vurma ilə günvurma arasındakı fərq nədir?

- İstilik vurma - ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddən artıq artması və kəskin ağır vəziyyətin yaranması ilə xarakterizə olunur. İstilik vurma üçün günəş şüaları əsas şərt deyil, hava buraxmayan isti paltarlarda gərgin işləmək və yaxud bir neçə saat havasız pis ventilyasiya olan yerdə olmaq da kifayət edir. Günvurma isə günəş şüaları birbaşa dəri  səthinə təması ilə əlaqədar yaranır.

- Günvurma nədir və hansı əsas əlamətlərlə özünü göstərir?

- Günvurma günəş şüalarının uzun müddət insanın başına, birbaşa dəriyə təması səbəbindən meydana gəlir: infraqırmızı şüalar təkcə bədənin səthini deyil, beyin toxumasını da əhatə edən dərin toxumaları istiləşdirə bilir. Günvurma zamanı mərkəzi sinir sistemində bir çox dəyişiklər baş verir. Həddindən artıq qızdırıcı impulslar beyin qabığına və sonra bədənin damar sisteminə daxil olur. Qan və limfa damarları genişlənir, bu da beyində olan boz maddənin sıxılmasına səbəb olur. Sinir hüceyrələri və ya neyronlar oksigensiz qalır və uzun müddət ciddi şəkildə günəş şüalarına məruz qalınma halında bu hüceyrələr ölürlər. Hissiyyat və hərəkət fəaliyyəti pozulur, ürək-damar, tənəffüs və digər bədən sistemlərinin iltihablı reaksiyaları baş verə bilər.

Əlamətləri:

- Zəiflik

- Baş ağrısı, başgicəllənmə

- Təngnəfəslik, nəbzin tezləşməsi

- Burun qanaması

- 38-40°С bədən temperaturu

- Qısamüddətli huşu itirmə

- Ürək bulanması və qusma və s.

- Günvurma zamanı nələr edilməlidir? İlkin tibbi yardım necə olmalıdır?

- İlk yardım zamanı:

a) Xəstəni kölgəyə və ya sərin bir otağa gətirin. Otaqda, optimal rütubət səviyyəsi (40- 60%) və kifayət qədər oksigen olmalıdır.

b) Baş və ayaqları qaldıraraq uzadın. Xəstəni rahatlaşdırmaq üçün boynunun və ayaq biləyinin altına nəsə qoyun.

c) Üst geyimlərini çıxarın, kəməri boşaldın. Sinə və boynun sıxılmaması vacibdir.

d) Sərin su verin, yaxşı olar ki mineral su verəsiniz və ya adi suya bir çay qaşığı ucunda duz və şəkər əlavə edin – bu su-duz balansını bərpa etmək üçün lazımdır.

e) Hər hansı bir parçanı su ilə nəmləndirin və sinəsinə sürtün. Bütün bədəni nəm bir təbəqə ilə bükə və ya 20° C-dən isti olmayan su tökə bilərsiniz. Soyuq kompreslər yalnız bədənin müəyyən hissələrinə tətbiq oluna bilər: boyun, alın və biləklər.

f) Qusma başlayıbsa, xəstəni yanı üstə çevirib, hava yollarının qusuntudan təmizləndiyinə əmin olun.

g) Huşu pozulduqda, nəbzi hiss olunmadıqda, tənəffüsün tutulması halında, həkimlər gələnə qədər süni tənəffüs və dolayı ürək masajı edin.

Vəziyyəti ağırlaşarsa dərhal "Təcli Tibbi Yardım" çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın. 

Dar, sintetik paltarlardan imtina etmək, bədəndən istiliyin çıxmasına mane olmayan pambıq və kətan parçalardan tikilmiş geyimlərə üstünlük vermək lazımdır

 

- Günvurma zamanı kimlər risk qrupuna daxildir?

- Risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyən şəxslərdir.

- Mütəxəssis olaraq tövsiyələriniz...

- Özünüzü qorumaq üçün ən sadə qayda, günorta saat 11.00-dan 17.00-a qədər birbaşa günəş işığında mümkün qədər az olmaqdır. Küçəyə çıxarkən isə gündən qorunmaq üçün baş örtüklərindən istifadə etməli və ya çətir götürmək lazımdır. Əsasən kətan və pambıqdan hazırlanan papaq və ləçəklərdən istifadə olunması tövsiyə edilir. Dar, sintetik paltarlardan imtina etmək, bədəndən istiliyin çıxmasına mane olmayan pambıq və kətan parçalardan tikilmiş geyimlərə üstünlük vermək lazımdır. Alkoqollu içkilərdən xüsusən uzaq durmaq lazımdır.

Yaqut Ağaşahqızı “İki sahil”