Müasir infrastrukturun yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş imkanlar açır
Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməli və ən müasir tələblərə cavab verməlidir. Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Cənab İlham Əliyev 2003-cü ildən ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı. «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürən dövlətimizin başçısı bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar ataraq qeyri-neft sektorunun inkişafını sürətləndirdi, həmçinin təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasına nail oldu. İnkişafın Azərbaycan modelinin dünyada təqdir olunması səbəbsiz deyil. Dayanıqlı inkişafa xidmət edən kompleks islahatlar Azərbaycana dünyada ən islahatçı ölkə imicini qazandırıb.
İqtisadi artımın davamlı olması üçün…

Dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşmə davamlı inkişafa əsas verir. Bugünümüzün çağırışı budur ki, iqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir. İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirməlidir. Yenilikçiliyə malik özəl bölmədə aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır. Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır.
İnkişafın yol xəritəsi
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də bu çağırışların yüksək səviyyədə cavablandırılması üçün vəzifələr və onların icra mexanizmləri öz əksini tapıb. Qeyd olunur ki, kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi formalaşmalıdır. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə reallaşdırılacaq 5 Milli Prioritetdir. Cənab İlham Əliyev bununla növbəti 10 il üzrə inkişafın yol xəritəsini təqdim etdi. Milli Prioritetlər, eyni zamanda, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Regionların malik olduğu imkanlardan səmərəli istifadə

Bütün bu hədəflərə yol açan dövlətimizin başçısı İlham Əliyevin son 20 ildən artıq dövrdə təkmil islahatları, dövrün tələbinə uyğun olaraq atılan addımlardır. Prezident İlham Əliyev ilk olaraq iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının prioritetliyini açıqladı. Bu məqsədə uyğun olaraq ilk addım «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında» Fərmanın imzalanması oldu. Həmçinin regionların malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək məqsədilə növbəti Sərəncam regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının təsdiqlənməsi ilə bağlıdır. Artıq bugünədək 4 Dövlət Proqramı uğurla icra edilib. Regionlarla yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramları qəbul olundu və uğurla icra edildi. Bu sənədlərin uğurlu icrası nəticəsində iki milyondan artıq yeni iş yeri yaradılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni iş yerlərinin yaradılması regionların inkişafı, qeyri-neft sektorunun inkişafı deməkdir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, paytaxt və bölgələrimiz arasında fərq aradan götürülmüş, hər bir rayon, kənd, qəsəbə özünün inkişaf dövrünü yaşayır. Rayonlar arasında sağlam rəqabət gedir. İrəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir, rəğbətlə qarşılanır. Bölgələrdə, kənd və qəsəbələrdə müasir infrastrukturun yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş imkanlar açır. Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. Dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə sahəsində ölkəmizin ortaya qoyduğu təcrübə də deyilənlərin təsdiqi oldu. Azərbaycan təcrübəsində insanların sağlamlığının qorunması ilə yanaşı, dayanıqlı inkişafın təmin edilməsi, sosial dəstək proqramlarının uğurlu icrası, iqtisadi islahatların dərinləşdirilməsi əsas yer tutdu. Azərbaycanın pandemiya ilə mübarizə dövründə 80-dan artıq ölkəyə humanitar yardım göstərməsi, hətta vaksinlərin alınması ilə bağlı dünyaya kasıb ölkələrə köməyə çağırışlar etməsi də qlobal problemi birgə aradan qaldırmaq istəyini ortaya qoymaqla yanaşı, ölkəmizin iqtisadi və sosial imkanlarının təqdimatı oldu.
Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması artıq reallıqdır. Aparılan islahatlar, həyata keçirilən onlarla Dövlət proqramlarının tətbiqi ilə ölkəmizdə yoxsulluq və işsizlik 5 faizə enib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idi. Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırmışdır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əməkhaqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır.
Yeganə Əliyeva, “İki sahil”