18 iyul 2024 22:57
494

ARDNF: Tükənən təbii sərvətləri bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevirən fond

Müasir Azərbaycan Respublikası özünü inkişaf istiqamətini Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti əsasında müəyyən edərək formalaşır. Yaxın dövrün tarixi xronologiyasına baxdıqda nəhəng bir dövlətin (Sovetlət İttifaqı) süqutu ittifaqa daxil olan respublikaları cətin ictimai siyasi duruma saldı. Burada yalnız xalqını sevən, dövlətçilik ənənələrini dərindən bilən və dünya dövlətlərinin liderləri tərəfindən rəğbətlə tanınan şəxsin uğurlu siyasəti əsasında inkişaf yolu əldə edilə bilərdi. Məhz Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı  müasir Azərbaycan Respublikasını formalaşdırdı və bu siyasət cəsur sərkərdə və dövlət xadimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin ilk olaraq ölkənn karbohidrogen yataqlarına sahib olması, onlardan səmərəli istifadə etmə ilə bağlı təqdim etdiyi fəaliyyət istiqaməti siyasi və iqtisadi baxımdan həqiqətən bir möcüzə hesab oluna bilər. Torpaqların bir hissəsinin işğal atında olması, ölkədə istehsalın tənəzzülə uğradığı və təbii ehtiyatlardan istifadə mexanizminin məhv olduğu bir dövrdə Ulu Öndər sürətlə ardıcıl şəkildə islahatların aparılması yolunu müəyyən etdi. Onun ölkə müstəqilliyini müəyyən edən əsas atributların yaradılması və inkişafını əhatə edəcək planları bu gün öz bəhrəsin verir.

Sənayenin və aqrar sahənin inkişaf etdirilməsi, maddi ehtiyatlardan səmərəli istifadə etmə əsasında idxal-ixrac fəaliyyətinin tənzimlənməsi yüksək məbləğdə vəsaitlərin xərclənməsi zərurətini yaradırdı. Belə vaxtda ölkənin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni əhatə edən beynəlxalq əhəmiyyətli müqavilənin bağlanması Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi mühüm addım olaraq gələcək nəsillər tərəfindən hər zaman öyrəniləcək. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” adlı sənəd, sonrakı illərdə ölkənin inkişafında mühüm rol oynadı. İşlərin uğurla aparılması neftdən əldə edilən gəlirlərin idarə edilməsi və gələcək nəslə ötürülməsini təmin edəcək qurumun yaradılması zərurətini formalaşdırdı. 29 dekabr 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin 240 nömrəli Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Hüquqi baxımdan ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş və bununlada ARDNF-nin əməli fəaliyyəti başlamışdır.

Mövzu ilə bağlı "İki sahil"ə şərh verən Sumqayıt Dövlət Universitetinin “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri, dosent Loğman Abdullayev bildirib ki, ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir: "ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. ARDNF-nin təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir."

Qeyd edək ki, ARDNF-nin fəaliyyəti ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəlib:

Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;

Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi;

Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması.

ARDNF-nin vəsaiti hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən neft və qazın satışından əldə edilən xalis gəlirlər, bonuslar, akrhesabı ödənişlər, dividendlər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər və sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər, Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, qrantlar və digər təmənnasız yardımlar, qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar hesabına formalaşır.

Dosent Loğman Abdullayev xatırladıb ki, Dövlət Neft Fondunun idarə edilməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təyinatlara uyğun yerinə yetirilir. ARDNF-nin vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a (İnvestisiya qaydaları) və illik əsasda təsdiq olunan "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti"nə uyğun olaraq həyata keçirilir: "Fondun əsas vəzifələri makroiqtisadi sabitliyin qorunub saxlanılması, maliyyə vergi intizamının təmin edilməsi, qeyri neft sahələrinin inkişafı, ölkə əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, gələçək nəsillər üçün ehtiyat vəsaitlərinin toplanması kimi əhəmiyyətli işləri əhatə edir. ARDNF-nin gəlirləri və xərcləri istiqaməti üzrə müəyyən olunur. Gəlirlər əsasən hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən neft və qazın satışından əldə edilən xalis gəlirlər, bonus, qrand və dividentlər, aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmaları əhatə edir. Fondun vəsaitləri ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına və bərpasına istifadə olunan xərcləri, dövlət büdcəsinə transfertləri və eyni zamanda yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri əhatə edir. İllər üzrə görülən işlərə diqqət yetirdikdə dövlət əhəmiyyətli və gələcək nəslin rifahı naminə coxlu sayda maliyyələşmələrin aparılmasının şahidi oluruq."

L.Abdullayev onu da bildirib ki, Fondun vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, əlavə və dəyişikliklər nəzərə alınmaqla "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə illik əsasda təsdiq olunan "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti"nə əsasən idarə olunur: "Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. Standard & Poor's (S&P) Moody's və Fitch dünyanın ən əhəmiyyətli üç reytinq agentliyidir. Bu agentliklər ölkələrin və özəl müəssisələrin kredit qabiliyyətini qiymətləndirirlər. Bu baxımdan Dövlət Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Fondun investisiya portfelinin məcmu dəyərini müəyyən edir. İnvestisiya portfelinin məcmu dəyərinin 65% ABŞ dollarında ifadə olunan aktivlərə, 20% avroda ifadə olunan aktivlərə, 5 % İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə, 10% digər valyutalarda ifadə edilən aktivlərə yerləşdirilir."

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı əsasında  məlum olur ki, 2024-cü il iyun ayının 30-na ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 3,4% artaraq 58 000,6 milyon ABŞ dolları təşkil etmişdir. 2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 436,5 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 5 657,0 milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil etmişdir. Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 2 818,4 milyon manat təşkil etmişdir. Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 6 390,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2024-cü ilin yanvar-iyun aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldilmişdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq əsasında ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 441,5 milyon manat təşkil etmişdir. Səhm investisiyaları inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında yuxarı faiz dərəcələrinə baxmayaraq aşağı işsizlik dərəcələrinin qalması istehlak göstəricilərinə, o cümlədən ÜDM – nin (Ümumi daxil məhsul) artım tempinə müsbət təsir etmişdir. Həmçinin, süni intellekt texnologiyasındakı irəliləmələr və bu istiqamətdə optimist gözləntilər informasiya texnologiyaları səhmlərinə əhəmiyyətli dəstək vermişdir və cari ilin ilk yarımilində səhm bazarlarında yüksək gəlirlilik müşahidə olunmuşdur.

Qeyd olunan məlumatlar və təhlil əsasında inamla göstərmək olar ki, Azərbaycan Respublikasında neftdən gələn gəlirlərin səmərəli idarə edilməsi gəlcək nəsillərin uğurlu inkişafına töhfədir.

Orxan Vahidoğlu, "İki sahil"

Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.