Vətən, uğrunda ölən varsa, Vətəndir! Kəlmələrin ən şirinidir ana və vətən sözləri. Birincinin bətnindən doğulursan, ikincinin qoynunda uyuyursan. Nə xoş bizə! Nə xoş ata yurdumun övladı olana, onun torpağından yoğrulana. Nə xoş bu qədər aslanların ayaqlarının dəydiyi ölkədə yaşayanlara. Nə xoş mənə!
Hələ birinci Qarabağ savaşından millət olaraq nələrə qadir olduğumuzu bilirəm. Otuz il əvvəl torpaqlarımız uğrunda gedən mübarizədə atalarımızın, əmi, dayı, qardaşlarımızın əzminə heyran olmuşdum uşaq ağlım ilə. İllərlə sürən davada yorulmadan, usanmadan torpaq uğrunda qurban olmaqdan, qurban verməkdən çəkinməyən xalqın nümayəndəsi olmaqdan qürur hissi duyuram. Atalarımızın yarım qalmış mübarizəsini davam etdirən igid oğullarımızın əzmini görüb heyrətlənməyə bilmirəm. Birincilərin balası, ikincilərin anası olmaqdan fərəh hissi keçirirəm.
Ana demişkən nə dərəcədə asandır ki, övladını Vətən uğrunda qurban etmək və Vətən sağ olsun demək. Hansı güclü ata qəlbi dözsün bala adlı sağalmaz dağa?!
Belə ailələrdən biri də Məmmədovlar ailəsidir. Rasim atanın və Sahilə ananın min bir əzabla ərsəyə gətirdikləri üç övladından ikincisi olan Məmmədov Sahil Rasim oğlu 07 iyun 1995-ci ildə Naxçıvan şəhər Qaraçuq qəsəbəsində anadan olub. Anası Sahilə xanımın dediyi kimi aləsinə ikinci ən böyük sevinci yaşadıb Sahil. Hələ uşaq vaxtlarından yaşıdlarından fərqlənib. Evdə, məhəllədə, məktəbdə sayılıb, seçilib bu gülər üzlü, şirin sözlü, yaraşıqlı oğlan. Sahilə xanım oğlunun ipək kimi xasiyyətindən, necə ailəcanlı olmağından, yardımsevər biri kimi hörmət qazanmağından göz yaşları işərisində danışdıqca Sahili gözlərimin önündə canlandırırdım. Sanki uzun illərdir tanıyırmışam kimi bir hiss keçirirdim. Səhnələrin biri gülməli, biri ağlamalı, digəri qürurverici olurdu. Anasına yeri gələndə ev işlərində, atasına həyət bacada kömək etməkdən zövq alarmış Sahil.
2001-2005-ci illərdə Qaraçuq kənd orta məktəbində oxuyan Sahil ibtidai sinifi əla qiymətlərlə başa vurmuşdur. Oxumağa yüksək marağını və səyini görən atası onun təhsilinin Heydər Əliyev adına tam orta məktəbdə almasını məsləhət bilir. Beləliklə o, 2005-2009-cu illlərdə Heydər Əliyev adına tam orta məktəbdə təhsil alır və burada da sevilən və seçilənlərdən olur. Yaxsı oxumasına baxmayaraq Sahilin hərbə marağı, arzusu onun istiqamətini dəyişir. Ailəsi əlbətdə ki, onun fikirlərinə hörmətlə yanaşaraq razılıq vermişdi. Baxmayaraq ki, anası onu yolundan döndərmək üçün dilə tutmağa çalışmış, alınmayınca xeyir duasını vermişdir. Sahil sənədlərini hazırlayır və imtahanları uğurla verərək 2009-cu ildə Heydər Əliyev adına Hərbi liseyə daxil olur. Cəsarəti, çevikliyi, vətənpərvərliyi nümunə olur kursant yoldaşlarına. 2012-2016-cı illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Onsuz da Naxçıvanda olarkən də günlərlə Sahili görmürdü ailəsi. Həftə sonları evə gələndə bayram edirdi hamı. Qardaşı Amil və bacısı Rasimə qürur mənbəyi olan qardaşları üçün dünyaları verirdi. Səsləri küyləri evi başına alardı. Ana əlinin ləzzəti süfrədəki yeməklərin qoxusuna siraət edirdi. Darıxardı Sahil anasının yeməkləri üçün. Amma yenə də vətən adlı bir sevdanın ləzzətini heç bir ləzzətlə əvəz etmək niyyətinə düşməzdi. Bakıdan gəldiyi dövrlərdə bambaşqa abu hava olurdu evdə. Sahilə xanım biz necə də bəxtəvər idik onda, dediyi anda köksümdən bir şeyin qopduğunu hiss etdim. Qopan ürəyimin teli idi. Çox danışa bilmirdim. Sadəcə sinəsi dağlı bir ananı dinləmək istəyirdim. Axı nə deyim?! Axı heç bir söz təskinlik ola bilməzdi anaya. Kəlmələr acizdir bu ata-anaların ağrı-acılarının qarşısında.
Şəhidimiz 2016-cı ildə Azərbaycan Ali Hərbi Məktəbini "motoatıcı" ixtisası üzrə uğurla bitirib hər kəsi sevindirir. 2016-cı il iyulun 4-də Müdafiə Nazirinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Şəmkir korpusunun snayper bölüyündə bölük komandirinin müavini, 2019-cu ilin mart ayında N saylı hərbi hissədə Həmlə taborunda tağım komandiri vəzifəsində xidmət edib. Hər addım başında qazandığı uğurlar nə qədər əzab əziyyət, intizar və həsrət bahasına olsa da amalına yavaş-yavaş çatdığı üçün onu bir yandan da şad edirdi. O, Tovuz döyüşlərində də iştirak etmiş, cəsurluğu ilə fərqlənmişdi. Tovuz döyüşlərində və eləcə də doxsanıncı illərdən üzübəri vətən deyib sinələrini sipər edən şəhidlərimizin qisasını almaq üçün vururdu köksü sanki.
II Qarabağ müharibəsinin başlaması onun yanan ürəyinə su səpmişdir bəlkə də. Ali Baş Komandanın əmrini ağlı kəsəndən gözləyirdi axı. İndi düşmənlə üz-üzə gəlməyin vaxtı idi. Onu intiqam hissi illərdir ki, rahat qoymurdu. O da digər qəhrəman oğullarımız kimi qorxmadan döyüş meydanına atıldı. Murovdağ silsiləsinin düşməndən təmizlənməsində xüsusi fəallıq göstərən Sahil döyüş yoldaşlarının xatirəsində yenilməzlik rəmzi kimi qalır. Bir günlük məşəqqətli döyüş yolunun sonunda onu ali bir məqam gözləyirdi. Şəhidlik zirvəsi! 28 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhadətə yüksələn Sahil bütün sevgilərini Vətən sevdasına qurban verdi o gün. 29 sentyabr tarixində şəhid olması haqqında rəsmi məlumat verilsə də məlum səbəblərdən nəşini əldə etmək mümkün olmamışdı. 68 gün sonra ailəyə onun nəşinin tapılması haqqında məlumat daxil olur. Həyat çox qəribədir həqiqətən də. Sahilə xanım:- “o 68 gündə nələr çəkdiklərimizi bir allah bilir- dedi: Allaha yalvarıb balamın nəşinin tapılmasını dua edirdim. Heç olmasa yatdığı yeri ziyarət edər isti bədənini örtən soyuq daşını, torpağını sığallaram düşünürdüm”.
O dönəmdə Naxçıvana karvan-karvan şəhid gətirilirdi. Bir Sahil kənar qalmışdı bu “şəhid zəvvarlı karvan”dan.
Nəhayət ki, sevdikləri onun cənnət ətirli nəşini 07 dekabr 2020-ci ildə doğulduğu kəndin qəbiristanlığında uğrunda fəda olduğu torpağa tapşırdı. İndi onların təskinlik üçün üz tuta biləcəyi bir ünvan var idi, bəy otağı kimi bəzənmiş soyuq bir məzar olsa belə.
Oğlunun qarayaylıq qalan yarından söhbət açan Sahilə xanımın gəlininə rəğbətini hiss etməmək mümkün deyildi söhbət əsnasında. “Turanə Sahilə sədaqətli dost və yaxşı həyat yoldaşı, ailəsinə yaxşı övlad, bizə yaxşı gəlin, körpəsinə mehriban və qayğıkeş ana olub həmişə: - dedi Sahilə xanım gəlini haqqında. – İndi isə şəhidinin adını uca tutub yaşadan ləyaqətli şəhid xanımıdır və bütün addımlarını şəhid Sahilinin adına layiq atır”.
Bir yar sevmişdi Sahil Turanə adında. Yarların gözü idi. Oturuşuğu, duruşu ilə ovsunlamışdı onu elə ilk gördüyü andan. Qovuşmuşdular bir-birinə, bütün çətinliklərə rəğmən hər şey gözəl idi. 2017-ci ilin 16 aprel tarixində hər iki gəncin adına layiq toy etdi onlara atası Rasim bəy, anası Sahilə xanım. Şanslı sayırdı özünü Sahil iki sevdasının arasında. Ürəyinin tam yarısını tutan Azərbaycan adlı yurd sevdasını Turanə adlı yar sevdası tamamladı. İndi onun məhəbbəti bədirlənmiş ay misalı idi. Hərbiçi həyatının çətinliyi onları nəinki yorur, əksinə biri-birinə daha sıx bağlanmasına səbəb olurdu. Ailə həyatlarına doğacağı növbəti günəşi gözləyirdi. 2018-ci il may ayının 15-də bir körpə nəfəsi daxil oldu bu hüzur dolu evə. Gecənin qaranlığını aydınlatdı o körpə. Adı Şəms olan bu qızcığaz nə bilərdi ki, qismətinə “şəhid əmanəti” kimi bir adı daşımaq düşüb. Çox az sürdü bu xoşbəxtlik onlar üçün. Vətənin başının üzərini alan qara buluddan yağan qara leysan apardı ailənin bütün sevincini. Mən həmişə düşünmüşəm ki, görəsən gözəl olan çox şeyin ömrü niyə qısa olur? Və belə qənatə gəlmişəm ki, əbədi olaraq gözəl qalması üçündür gözəl münasibətlərin yarım qalması.
Yandı ciyəri şəhid doğmalarının, amma mərd-mərdanə durdular düşməni sevindirməmək üçün. Təki Vətən sağ olsun dedi anaları, təki torpağıma düşmən ayğı dəyməsin dedi şəhid ataları. Onları ayaqda tutan ən böyük təskinlikləri isə övladlarının ən ali məqam sahibi olmalarıdır.
Döyüş hazırlığındakı nailiyyətləri və xidmətdə fərqləndiyinə görə bir çox fəxri fərmanlarla təltif olunub şəhid Məmmədov Sahil Rasim oğlu.
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, "Azərbaycan Ordusunun 100 illiyi", ölümündən sonra isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmmədov "Vətən uğrunda" medalı ilə təltif edilib.
Rahat uyu şəhidim! Yenilməz ordumuz 44 günün tamamına düşmən tapdağından azad etdi azad görmək istədiyin torpaqlarımızı. Ruhun şad olsun cənnət qoxulu şəhidim.
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi