21 avqust 2026 13:20
105

Almaniya Berlindəki "Rus evi"ni BAĞLAMAĞA HAZIRLAŞIR

Almaniya hökuməti Leypsiq/Halle hava limanında partlayıcı maddə ilə təchiz olunmuş PUA ilə bağlı baş verən insidentə görə Berlindəki "Rus evi"nə qarşı sanksiyaların tətbiqi imkanlarını öyrənir.

“İki sahil” xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, pilotsuz aparatla bağlı baş verən insident "Rus evi" ətrafındakı müzakirələri yenidən alovlandırıb. Baş verənlərdə Rusiya Federasiyasının iştirakına dair rəsmi sübutlar təqdim edilməsə də, Almaniya hökumətində mümkün sanksiyalar artıq müzakirə olunur. Nəşr qeyd edir ki, məhdudiyyətlər ilk dəfə olaraq "Rus evi"nə şamil edilə bilər. "Der Spiegel" iddia edir ki, qurumun fəaliyyətini tənzimləyən sazişin ləğvi artıq tabu hesab olunmur.

"Rus evi" ilə bağlı Almaniya və Rusiya arasında iki müqavilə mövcuddur. Onlardan biri Berlindəki Fridrixştrasse küçəsində yerləşən torpaq sahəsindən istifadəni tənzimləyir. Bu müqavilə 2013-cü il mayın 5-də imzalanıb və 99 il müddətinə nəzərdə tutulub. Digər saziş isə 2011-ci il fevralın 4-də bağlanıb və "Mədəniyyət-informasiya mərkəzlərinin fəaliyyəti"nə aiddir. Bu müqavilə hər beş ildən bir birtərəfli qaydada ləğv edilə bilər. Almaniya hökuməti sazişi 2027-ci il iyunun 7-dən etibarən ləğv edə bilər. İndiyədək Berlin Moskvanın cavab tədbirlərindən — xüsusən də Moskva və Sankt-Peterburqdakı Höte İnstitutlarının fəaliyyətinə xitam veriləcəyindən ehtiyat edərək müqaviləni ləğv etməkdən çəkinirdi.

Almaniya XİN "Der Spiegel"in mədəniyyət-informasiya mərkəzlərinin fəaliyyəti haqqında sazişin yaxın vaxtlarda ləğv edilib-edilməyəcəyi ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, "Federal hökumət "Rus evi"nin fəaliyyətinin beynəlxalq-hüquqi bazasını hərtərəfli və daimi əsasda yoxlayır və bu, sorğuda qeyd olunan sazişə də aiddir". Nəşr qeyd edir ki, ilkin qərar gələn həftə qəbul edilə bilər.

Berlindəki "Rus evi" 1984-cü ildə açılıb.