Müasir dövrü texnologiyasız təsəvvür etmək mümkün deyil. Kommunikasiya vasitələri inkişaf etdikcə ona olan tələbat da dövrün əvvəlki illərinə nisbətən daha da artır, yeni formaları yaranmağa başlayır. Bu özü ilə bərabər bir sıra yenilik və özəlliklər gətirir. Bunlardan ən önəmlisi uşaqların davranış tərzləri, hərəkətləri, inkişaf proseslərinə təsir edən nüanslardır. Azyaşlı, eləcə də yeniyetmə uşaqlara zərər verən məlumatlardan qorunması cəmiyyətin üzərində duran əsas öhdəlikdir və bu məsələdə həssaslıq tələb olunur.
Ən birinci biz bu suala cavab tapmalıyıq. Uşaqlar yeni texnologiyadan nə formada yararlanır?
Valideynlərin əksəriyyəti uşağın ağlamasını, eləcə də, öz duyğularını, qayğısını, həyəcanını idarə edə bilmədiyi üçün uşağa telefon verir və onu susdurmağa çalışır. Bu da uşaqda zamanla vərdiş halına çevrilir.
Mərkəzimizə müraciət edən uşaq və yeniyetmələrin valideynləri söhbət zamanı özləri də, buna səbəb kimi uşağı qoruya bilməmə, idarə edə bilməmə, yanlış vərdişlərə sahib olma ehtimalını düşünərək bu addımı atdıqlarını bildirirlər. Lakin onlar fərqinə varmadan öz övladları üçün daha böyük problemlərin əsasını qoyurlar. Təhlükəli və zərərli informasiyaların uşaqlar üzərindəki psixoloji təsiri olduqca ciddidir. Uşaqlar, xüsusilə hələ şəxsiyyət inkişafının ilk mərhələlərində olanlar, gördükləri və oxuduqları məlumatlara daha həssasdırlar. Bu, onların duyğusal və psixoloji vəziyyətini təhlükəyə atır.
Ağır depressiya və qorxu - Uşaqların internetdə gördükləri şiddət görüntüləri və cinsi məzmunlu materiallar onlarda ağır depressiya, qorxu və narahatlıq yarada bilər.
Özünə inamsızlıq - Bulinq və digər sosial təzyiqlər uşaqların özünə inamını azaldır və onların sosial mühitdə necə davrandığını formalaşdırır. Bu, onların gələcəkdə əlaqələrində və psixoloji sağlamlıqlarında ciddi problemlər yarada bilər.
Reallıqdan uzaqlaşma - İnternetdəki təsirli, amma təhrif olunmuş məlumatlar uşaqların reallıqla əlaqələrini zəiflədir. Bu, onların sosial bacarıqlarını və normal həyat tərzini inkişaf etdirmələrini çətinləşdirir.
Zərərli informasiyalar müxtəlif formalarda ola bilər və uşaqların emosional və intellektual inkişafını mənfi təsir edə bilər. Bunlara misal olaraq aşağıdakıları göstərə bilərik:
Zorakılıq və Əsəbilik: İnternetdə yayılan zorakılıq səhnələri, cinsi məzmunlu materiallar və aqressiv davranışları təşviq edən oyunlar uşaqların psixikasına təsir edir. Bu cür məzmun, uşaqlarda qorxu, narahatlıq və əsəbilik yarada bilər.
Online Zorakılıq vəya Kiberbullinq: İnternetdə uşaqlar arasında sosial təzyiq, təhqir və zorakılığa məruz qalma halları artmaqdadır. Bulinq, uşaqların özünə inamını zəiflədir və depressiya kimi psixoloji problemlərə səbəb ola bilər.
İnformasiyanın Təhrif Edilməsi: Uşaqlar, doğru olmayan məlumatları asanlıqla qəbul edə bilər və bu, onların dünyagörüşünü yanlış şəkildə formalaşdıra bilər. Məsələn, saxta xəbərlər, şayiələr və sosial media vasitəsilə yayılan yanlış məlumatlar uşaqların düşüncə tərzini və qərarlarını təsir edə bilər.
Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı müxtəlif ölkələrdə qanunvericilik mövcuddur. Bu qanunlar ümumiyyətlə internetin və digər rəqəmsal platformaların uşaqlar üzərində yaratdığı təhlükələrə qarşı qoruyucu tədbirlər görməyə yönəlib. Azərbaycanın da daxil olduğu bir çox ölkədə bu məsələ ilə bağlı müvafiq qanun və tənzimləyici aktlar mövcuddur.
Azərbaycanın hüquqi çərçivəsində uşaqların internetdəki təhlükəli informasiyalardan qorunması məsələsi bir neçə qanun və qaydalarla tənzimlənir. Azərbaycanın qanunvericiliyi, xüsusilə "İnformasiya Təhlükəsizliyi Haqqında" qanun, "Media Haqqında" qanun və "Elektron Ticarət" qanunu, uşaqların internetdə və digər rəqəmsal platformalarda təhlükəsizliyini təmin etmək üçün müxtəlif tənzimləyici və qoruyucu tədbirlər nəzərdə tutur. Bu qanunların tətbiqi, uşaqların zərərli informasiyalardan qorunmasına və onların sağlam inkişafına kömək edir. Dövlətin, valideynlərin, təhsil müəssisələrinin və media qurumlarının bu mövzuda əməkdaşlığı vacibdir.
Müvafiq qanun və aidiyatı dövlət qurumlarının fəaliyyəti ilə bərabər burada cəmiyyət olaraq bizlərin də üzərinə məsuliyyət tələb edən işlər düşür. Xüsusilə burada valideynlər diqqətli olmalıdır. Valideynlər uşaqlarının istifadə etdiyi rəqəmsal alətlərə nəzarət etməli və bu alətlərdəki təhlükəli məzmunları məhdudlaşdırmalıdır. İstifadə edilən təhlükəli proqramlar, sosial şəbəkələr və oyunlar üzərində məhdudiyyətlər qoyulmalıdır.
Uşaqlar zərərli informasiyaların təsiri altında qalarsa, onların psixoloji vəziyyəti mütəmadi olaraq izlənməli və lazım gəldikdə peşəkar psixoloji dəstək təmin etməkdən çəkinməməlidir. Valideynlər uşaqları ilə açıq və səmimi şəkildə danışmalı, onların internetdəki təcrübələrini dinləməlidirlər. İnternet təhlükəsizliyi mövzusunda müntəzəm söhbətlər aparmaq və uşaqlara yeni təhlükələr haqqında məlumat vermək lazımdır. Bu müntəzəm söhbətlər uşaqların məlumatlı olmalarını və internetdə baş verə biləcək təhlükələrə qarşı hazırlıqlı olmalarını təmin edər.
Digər tərəfdən övladlarının gün ərzində daha çox vaxt keçirdiyi bağça, məktəb və müəssisələr ilə mütəmadi əlaqədə olmaq, müəllim və məktəb psixoloqları ilə birgə işlər görülməlidir.
Unutmayaq ki, işaqlara düzgün məlumat vermək, təhlükəli məzmundan qorumaq və onlara psixoloji dəstək göstərmək, onların sağlam gələcəyi üçün çox vacibdir.
Təranə Paşayeva,
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri,
Psixologiya üzrə fəlsəfə doktoru