16 aprel 2025 16:05
294

Gürcüstan Prezidentinin Azərbaycana xoş münasibəti və səfəri təqdirəlayiqdir - Azər Həsrət

Qonşu Gürcüstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri maraq və diqqətlə izlənilir. O, prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edir. Bunun özü də yetərincə diqqət çəkən məqamdır. Gürcüstan bizim qonşu dövlətdir, tarixi bağlarımız var. Bizim soydaşlarımız min illərdir orada yaşayırlar. Gürcüstan bizim üçün bütün anlamlarda vazkeçilməz bir qonşu dövlətdir. Üstəlik də Qara dənizə çıxışı baxımından, eyni zamanda, indiki çətin şəraitdə qardaş Türkiyəyə quru yolu baxımından Gürcüstan bizim üçün əhəmiyyətlidir. Yəni saydıqca bu cür faktorlar çoxala bilər. Bu baxımdan Gürcüstan Prezidentinin Azərbaycana xoş münasibəti və səfəri təqdirəlayiqdir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.

Ekspert onu da xüsusi vurğuladı ki, Gürcüstan Qafqaz dövləti olaraq İkinci Qarabağ müharibəsi zamanı Ermənistana Rusiyadan silah-sursat yardımların daşınmasında da öz sözünü deyib. Bu ölkə Rusiyadan qanunsuz yollarla Ermənistana göndərilən silah-sursat yardımının qarşısını almasıyla yadımızda qaldı. Ermənistanın güclənməsinə və Azərbaycana qarşı daha çox dirəniş göstərməsinə şərait yaratmadı. Ümumilikdə isə Gürcüstan da Azərbaycan kimi xarici güclərin diqqət mərkəzində olan bir dövlətdir. Burada xüsusən də daxili siyasi proseslərə müdaxilə cəhdləri günü bu gün də var. Əlbəttə ki, bütün bu faktorlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Gürcüstan Azərbaycanın xoşməramlı yanaşmasına yetərincə uyğun reaksiya verən bir dövlətdir.

Gürcüstana baxıb həmişə düşünmüşük ki, kaş ki, Ermənistan da bu cür yanaşma sərgiləyərdi və üç Qafqaz dövləti birlikdə daha sabit, daha rahat bir həyat yaşaya bilərdi. Amma təəssüflər olsun ki, Ermənistan bunu etmir, etmədiyinə görə də biz  də, Gürcüstan da əziyyət çəkir. Gürcüstan bizim üçün vazkeçilməz yaxın qonşu dövlətdir.

Səbinə Kazımova "İki sahil"