İsveç mediası ötən bazar günü Stokholmda casusluqda şübhəli bilinərək saxlanılan və çərşənbə günü sərbəst buraxılan adı açıqlanmayan diplomatın ölü tapıldığını bildirib.
“İki sahil”in məlumatına görə, BBC rus xidməti xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi əməkdaşlarından birinin ölümünü jurnalistlərə təsdiqləyib, əlavə təfərrüatlara varmaqdan imtina edib.
İki gün əvvəl, casusluqda şübhəli bilinən şəxs azadlığa buraxıldıqdan az sonra onun vəkili Anton Strand jurnalistlərə bildirib ki, müvəkkilinin həbsi və saxlanması zamanı bədəninin bir neçə nahiyəsindən xəsarətlər alıb və xəstəxanadadır.
Strandın sözlərinə görə, müdafiə etdiyi şəxs dövlət məmurlarının qanunsuz hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri barədə polisə şikayət edib.
İki gün sonra mətbuatda casusluqda şübhəli bilinən diplomatın cümə günü gecə ölü tapıldığı xəbəri yayılıb.
“European Pravda” xəbər verir ki, İsveç polisi ölümlə bağlı standart araşdırma aparacaq, lakin ilkin məlumatlara görə, zorakı ölüm əlamətləri aşkar edilməyib.
Diplomatın kimliyi açıqlanmır, lakin onun böyük təcrübəyə malik olduğu və dünyanın bir neçə səfirliyində çalışdığı məlumdur.
İsveç Təhlükəsizlik Xidməti (Säpo) bazar ertəsi, mayın 12-də adı açıqlanmayan diplomatın saxlanıldığını və onun evində axtarış aparıldığını elan edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”