17 may 2025 12:33
92

Sabah Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Mayın 18-də, Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunda ölkəyə rəhbərlik edəcək şəxs məlum olacaq. Birinci turda ən çox səs toplamış iki namizəd – sağçı “Rumınların Birləşməsi Alyansı”nın (AUR) lideri Corce Simion və Buxarestin hazırkı meri, müstəqil namizəd Nikuşor Dan seçicilərin son qərarını gözləyirlər.

“İki sahil” xəbər verir ki, birinci turda Corce Simion 40,96 faiz səs toplayaraq ilk pillədə qərarlaşıb. Onu 20,99 faiz səslə Nikuşor Dan izləyib. Lakin seçkinin taleyi ikinci turda digər namizədlərin tərəfdarlarının hansı mövqedən çıxış etməsindən asılı olacaq.

“AtlasIntel” təşkilatının mayın 16-da açıqladığı son rəy sorğusuna əsasən, Nikuşor Dan hazırda 48,7 faizlə cüzi üstünlük əldə edib. Corce Simionun göstəricisi isə 47,8 faizdir. Bu rəqəmlər seçkinin son dərəcə gərgin keçəcəyini göstərir.

Müşahidəçilər bildirirlər ki, seçkilərin nəticələri Rumıniyanın həm daxili, həm də xarici siyasətində mühüm dəyişikliklərə səbəb ola bilər. Corce Simionun milliyyətçi və Aİ-yə qarşı tənqidi mövqeyi Avropa İttifaqı ilə münasibətləri çətinləşdirə bilər. Digər tərəfdən, texnokrat və islahatçı mövqedən çıxış edən Nikuşor Dan Rumıniyanın Aİ və NATO ilə inteqrasiyasını davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Corce Simion seçilsə, Rumıniya tarixində ən gənc prezident olacaq. O, həmçinin Ukraynaya hərbi yardımın əleyhdarı kimi çıxış edir və yerli istehsalın gücləndirilməsi, işçi miqrasiyasının qarşısının alınması kimi vədlər verir. Nikuşor Dan isə “bölməyən, birləşdirən prezident” olacağına söz verir və Baş nazir postuna İlie Bolojanu təklif edir.