“Taxt-tac oyunları” teleserialı və ya “Ulduz müharibələri: Son Jedai” filminin çəkilişlərinin aparıldığı Xorvatiyanın qədim Dubrovnik şəhərinin qalaları və daş döşənmiş küçələri tez-tez turistlərlə dolu olur.
“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın bu ay xaricdə istehsal olunmuş bütün filmlərə 100 faiz rüsum tətbiq ediləcəyi ilə bağlı verdiyi bəyanatlar əyləncə sənayesində narahatlıq yaradıb. Belə ki, rejissorların bundan sonra Xorvatiyada film çəkməkdən imtina edə biləcəyi ilə bağlı narahatlıqlar artır.
“Reuters” agentliyi qeyd edir ki, xorvatiyalı kinoprodüser İqor Aleksandar Nolanın sözlərinə görə, Trampın tətbiq etməyi planlaşdırdığı rüsumlar nəticəsində böyük pozuntular baş verib. Əlavə edib ki, qlobal iqtisadi sarsıntılar fonunda film büdcələri onsuz da ziyana düşüb. Audiovizual sənət üçün banklar və investisiya fondlarından gələn maliyyələşmənin bir hissəsi əsasən qeyri-müəyyənlik səbəbilə dayandırılıb.
Mərkəzi Avropa ölkələri və Balkanlar artıq illərdir ki, Hollivudun diqqətini çəkir. Regionun təbii mənzərələri, müxtəlif memarlıq üslublarının birləşməsi və aşağı istehsal xərcləri film çəkilişləri üçün ideal şərait yaradır. Hər hansı film və ya serial populyarlaşdıqda, bu məkanlar daha da məşhurlaşır.
Bələdçi İvan Vukoviçin sözlərinə görə, “Taxt-tac oyunları” Dubrovniki tamamilə dəyişdi. Hər gün təxminən minə yaxın turist “Taxt-tac oyunları” turuna qoşulur.
Yeni suvenir dükanları açılıb, çəkiliş mövsümündən kənar filmlərin çəkilişində kömək edən yerli sakinlər və bələdçilər üçün iş yerləri yaradılıb.
“Bütün bunlar böyük iqtisadi inkişafa səbəb olub”, – deyə Vukoviç bildirib.
Trampın rüsumların tətbiqi ilə bağlı dəqiq vaxt açıqlamaması isə kino sahəsinin rəhbərləri arasında əlavə qeyri-müəyyənlik yaradıb. Onlar indi bu siyasətin film sənayesinə necə şamil olunacağını düşünürlər.