20 may 2025 15:25
120

Danimarka yeni külək stansiyalarına 8,3 milyard avro sərmayə qoyacaq

Danimarkanın İqlim və Energetika Nazirliyi dənizdə yeni külək stansiyalarının tikintisi üçün üç böyük layihəyə start verir. Onların ümumi gücü 3 GVt olacaq ki, bu da təxminən 3 milyon evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  Danimarka layihələrə özəl şirkətləri cəlb edəcək və hökumət onlara 55 milyard Danimarka kronu (8,3 milyard dollar) subsidiya verəcək. Payızda nazirlik külək elektrik stansiyalarının tikintisi ilə bağlı tenderlərə başlayacaq. Hökumət Şimal dənizinin Danimarka hissəsində iki, Danimarka ilə İsveçi ayıran boğazda bir ərazi ayıracaq. Elektrik stansiyalarının 2032-2033-cü illərdə tikilməsi planlaşdırılır.

Danimarka külək enerjisi sahəsində qabaqcıllarından biridir. Son illərdə bu cür layihələr bir sıra problemlərlə, o cümlədən elektrik enerjisinin qiymətinin çox aşağı olması, bu cür layihələrin öz nəticəsini verməyə mane olması, texniki problemlər və yüksək kredit faizləri ilə üzləşib.

Nəticədə bir neçə oxşar layihə təxirə salınıb və elektrik stansiyalarının sayına görə dünyanın ən böyük külək stansiya operatoru olan Danimarkanın Orsted şirkəti böhran içindədir. Yanvar ayında Danimarka hökuməti külək stansiyaları üçün bütün cari tenderləri dayandıracağını və gələcək üçün onların şərtlərini nəzərdən keçirəcəyini açıqlamışdı. Bu, əvvəllər mövcud olan və şirkətlərə heç bir subsidiya verməyən modelin "mövcud bazar şəraitində işləməməsi" ilə izah edildi. İndi Danimarka yeni şərtlərlə tenderlərə başlayır.