ABŞ məhkəməsi müəyyən edib ki, təqaüdçü admiral Robert Burke-nin vəzifəsindən istifadə edərək sonradan ona yüksək maaşlı iş verən şirkətlə müqavilə bağlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Burkeyə avqustun 22-də hökm oxunacaq. Onu 30 ilədək həbs cəzası gözləyir.
Müstəntiqlərin məlumatına görə, 2021-ci ildə o zaman Avropa və Afrika Hərbi Dəniz Qüvvələrinə komandanlıq edən Burke tabeliyində olanlara İtaliya və İspaniyada kadr hazırlığı müqaviləsi üçün adı açıqlanmayan şirkətə 355 min dollar ayırmağı tapşırıb.
Amerika mediası yazır ki, söhbət Nyu-Yorkda yerləşən, texnologiya və kadr hazırlığı üzrə ixtisaslaşmış Next Jump şirkətindən gedir. Burke daha sonra şirkətlə başqa bir müqavilə bağlamağa çalışıb.
2022-ci ildə təqaüdə çıxdıqdan sonra Burke bu şirkətə işə başlayıb və onun illik maaşı 500 min dollar olub. Bu işdə şirkətin iki əməkdaşı Yonçul Kim və Meqan Messencerin də adı çəkilir.