04 iyun 2025 20:51
149

İsveç məhbuslarını Estoniyaya göndərəcək

İsveç məhbuslar üçün həbsxana yerlərinin kirayəsi ilə bağlı Estoniya ilə razılığa gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə İsveçin SVT televiziyası məlumat yayıb.

“İsveçdə məhkum edilmiş təxminən altı yüz məhbus cəzalarını çəkmək üçün Tartu həbsxanasına köçürülə bilər ki, bu da ölkə həbsxanalarında sıxlığı azaldacaq”, - ölkənin ədliyyə naziri Qunnar Strömmer mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Estoniya ilə əldə olunan razılaşma konkret olaraq Tartu şəhərindəki həbsxanaya aiddir və sözügedən həbsxana tamamilə İsveçin sərəncamına veriləcək.

Qeyd olunur ki, həbsxanada 600 məhbusun yerləşə biləcəyi 400 kamera var. Məkan İsveç həbsxanalarındakı standartlara cavab verəcək və eyni cür kameralar və avadanlıqlırla təchiz olunacaq.

Razılaşmaya uyğun olaraq məkanda bəzi istisnalarla Estoniya qanunvericiliyi tətbiq olunacaq. Nazirin sözlərinə görə, Estoniyada həbs cəzası İsveçdəki həbs ilə mümkün qədər oxşar olacaq.

İsveçin Penitensiar və Probasiya Xidmətinin əməkdaşları həmin məkanda olacaqlar və cəzaların razılaşmaya uyğun olaraq icrasını təmin edəcəklər.

Telekanalın məlumatına görə, İsveç hökuməti həbsxanadakı hər yerə görə ayda 8 500 avro ödəyəcək ki, bu da ölkədəki müvafiq xərclərlə müqayisə oluna bilər.