06 iyun 2025 13:39
115

Kats: İsrail Livana zərbələr endirməyə davam edəcək

“Hizbullah” qruplaşması tamamilə tərksilah olunana qədər İsrail Livana zərbələr endirməyə davam edəcək.

“İki sahil” “Al Arabia”ya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib. “İsrail dövlətinin təhlükəsizliyi olmadan Beyrutda sakitlik, Livanda isə nizam və sabitlik olmayacaq. Razılaşmalara əməl edilməlidir və siz tələb olunanı etməsəniz, biz addımlarımıza davam edəcəyik, hətta daha böyük güclə”, - Kats deyib. Cümə axşamı İsrail ordusu Beyrutun cənub ətraflarında bir binaya zərbələr endirib. Hərbçilərin sözlərinə görə, bina “Hizbullah” tərəfindən pilotsuz uçuş aparatlarının istehsalı üçün istifadə edilib. Atəşkəsdən əvvəl İsrail və “Hizbullah” bir ildən çox döyüşüb və bu, iki aylıq genişmiqyaslı müharibə ilə nəticələnib.

Noyabrın 27-də imzalanan razılaşma “Hizbullah” döyüşçülərinin İsrail sərhədindən təxminən 30 kilometr aralıda yerləşən Litani çayının şimalına çəkilmələrini və cənuba doğru bütün hərbi infrastrukturun sökməyini nəzərdə tuturdu. İsrail isə bütün qoşunlarını Livandan çıxarmalı idi. Amma İsrail “strateji” hesab etdiyi beş mövqedə qoşunlarını saxlayıb.