07 iyun 2025 16:16
107

Fransa Ukrayna ərazisində PUA istehsal edəcək

Fransa şirkətləri Ukrayna ərazisində PUA istehsalına başlayacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə Parisin "Le Monde" nəşri Fransanın müdafiə naziri Sebastyan Lekornyuya istinadən məlumat verib.

Nazirin sözlərinə görə, Fransanın aparıcı avtomobil istehsalçılarından biri (adını açıqlamayıb) ilə müdafiə sektorunda kiçik və ya orta ölçülü ixtisaslaşmış müəssisə arasında əməkdaşlıqdan söhbət gedir.

"Birgə səylər nəticəsində onlar Ukraynada dronların yığılacağı istehsal müəssisələri yaradacaqlar", - deyə Lekornyu bildirib.

Nazir layihəni "uğurlu tərəfdaşlıq" adlandırıb.

Sebastyan Lekornyu pilotsuz təyyarələrin növlərini və konkret təyinatını açıqlamayıb, lakin qeyd edib ki, məhsulların bir hissəsi Ukrayna hərbçilərinə veriləcək, qalanları isə Fransanın özündə istifadə üçün nəzərdə tutulub. Onun sözlərinə görə, Fransa hərbçiləri bu PUA-lardan Ukraynanın bu gün döyüşdüyü şəraitə mümkün qədər yaxın şərtlərdə təlimlər zamanı müntəzəm istifadə edə biləcəklər.

Sebastyan Lekornyu xüsusilə vurğulayıb ki, Ukrayna zavodlarında ukraynalı mütəxəssislər çalışacaqlar. Onun fikrincə, Ukrayna dronların hazırlanmasında və onlardan istifadəyə praktiki hazırlığında yüksək səviyyəli səriştə nümayiş etdirib.

"Ukraynalılar təkcə pilotsuz təyyarələrin layihələndirilməsində deyil, həm də onların əsasında müasir döyüş doktrinalarının hazırlanmasında bizdən üstündürlər", - deyə o vurğulayıb.