02 avqust 2025 16:54
108

Alparslan Bayraktar: Suriyaya ixrac edilən Azərbaycan qazı 5 milyon evin elektrik təminatını qarşılayacaq

Bu gün start verilən Suriyaya Azərbaycan qazının ixracı layihəsi əslində bir elektrik enerjisi layihəsidir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar avqustun 2-də Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanması ilə bağlı tədbir çərçivəsində “Haber Global”a açıqlamasında deyib.

Nazir bildirib ki, Türkiyə-Suriya Qaz Boru Xətti ilə nəql edilən təbii qaz Hələbdəki elektrik stansiyalarında enerjiyə çevriləcək: “Bu qazla Hələbdə yerləşən elektrik stansiyalarında təxminən 5 milyon evin enerji ehtiyacını qarşılayacaq qədər elektrik enerjisi istehsal ediləcək. Bu səbəbdən bu mühüm enerji təminatı layihəsidir. Onu çox qısa müddətdə həyata keçirdik”.

A.Bayraktar əlavə edib ki, bu boru xətti Suriyada həyatın normallaşması üçün olduqca vacib rol oynayır.

Nazir vurğulayıb ki, layihənin bu mərhələyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi xüsusi rol oynayıb:
“Xüsusilə Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın Xankəndi şəhərində keçirdiyi görüşdən sonra bu layihə tamam fərqli mərhələyə keçdi. Biz texniki infrastrukturun hazırlanmasını təmin etdik və hazırda Azərbaycandan gələn təbii qaz bu xətt vasitəsilə Hələbə çatdırılır. Bu, Suriyada həyatın normallaşması baxımından strateji əhəmiyyət daşıyır”.

A. Bayraktar əlavə edib ki, bu gün hamımız tarixi bir anın şahidiyik:

“Suriyada 14 ildir davam edən vətəndaş müharibəsi bütün infrastrukturu məhv edib. Ölkənin ciddi enerji ehtiyacı var. Bu ehtiyacları müəyyənləşdirmək məqsədilə dekabr ayında ilk texniki heyətimizi Suriyaya göndərdik. Yerində araşdırmalar apararaq orta və uzunmüddətli planlamalar hazırladıq. Bu planların ən mühüm istiqamətlərindən biri də Suriyanın elektrik enerjisi təchizatının artırılmasıdır”.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.